Now Reading:
Gecə yeməyin ziyanı düşündüyümüzdən də çoxmuş

Gecə yeməyin ziyanı düşündüyümüzdən də çoxmuş

“The Telegraph” yeni elmi araşdırmaya əsasən gecələr yeməyin düşünüldüyündən də təhlükəli olduğundan yazıb.
Məqalədə dyilir ki, gecələr qəlyanaltı etmək diabet və ürək xəstəlikləri riski yaradır.
Pennsylvania Universitetinin Perelman Tibb Məktəbinin alimləri aşkar ediblər ki, gecələr yemək qanda qlükoza və insulinin səviyyəsini qaldırır və bu da 2-ci tip diabetin əsas səbəblərindəndir.
Onlar habelə bildirirlər ki, ümumiyyətlə ciddi vaxt rejimi olmadan yemək xolesterolun səviyyəsinə mənfi təsir göstərir.
Tədqiqatçılar 9 könüllü ilə keçirilən elmi təcrübə zamanı onlardan səkkiz həftə ərzində səhər 9-dan axşam 7-dək üç dəfə yeməyi və iki dəfə qəlyanaltı etməyi xahiş ediblər.
Daha sonra eyni adamlara eyni yeməyi günortadan axşam 11-dək qəbul etməyi tapşırıblar. Hər iki təcrübə zamanı könüllülər axşam 11-dən səhər 9-dək yatmalı idilər.
Alimlər aşkar ediblər ki, gecə yemək yeyənlərdə təkcə çəki yox, həm də insulin, qlükoza və xolesterolun səviyyəsi qalxıb.
Bu da aşkar olunub ki, gündüz vaxtı yeyənlərdə iştahanı stimullaşdıran hormon istehsal olunub. Bu hormon sonrakı saatlarda acmanın qarşısını alır və daha uzun müddətdə toxluq hissi yaradırdı.
Bu araşdırmaya rəhbərlik etmiş Namni Goel deyib ki, tədqiqatın nəticələri gündüz saatlarında yeməyin daha faydalı olduğunu bir daha təsdiqləyib.
Gecə saatlarında yeməyin ziyanlı olduğu barədə əvvəllər də az yazılmayıb, lakin “The Telegraph” bu adətin başqa ziyanlarından da söz açıb.

Yaddaşa təsir

Amerika alimlərinin fikrincə gecələr yemək insanın yaddaşına da mənfi təsir göstərir. California Universitetində aparılmış elmi təcrübə göstətib gecənin gec saatlarında yemək adəti olan adamda zehni funksiyalarla bağlı problemlər yaranır.
Bunun aşkara çıxarılması üçün alimlər bir qrup siçanı gündüzlər, digər qrupu isə gecələr yedizdiriblər.
Bundan sonra siçanların qəfəsdəki yeni obyektləri tanımaq qabiliyətini müşahidə ediblər.
Məlum olub ki, gündüzlər yedizdirilən siçanlarda tanıma qabiliyyəti zəifləyib. Axı siçanların gecələr yeməsi onlar üçün normal sayılır.
Bu da aydın olub ki, vaxtında yeməmək uzunmüddətli yaddaşı zəiflədib.

Vahiməli yuxular

2015-ci ildə Kanada psixoloqları adamların yemək adətlərinin onların yuxu keyfiyyətinə necə təsir etdiyini araşdırıblar.
Alimlər Tore Nielsen və Russell Powell 400 tələbədən özlərinin yemək və yatmaq adətləri barədə anketləri doldurmağı xahiş ediblər.
Anket dolduranlardan 18 faizi inandığını bildirib ki, yedikləri yeməklər onların yuxularındakı narahatlığı, vahiməni və cəfəngliyi artırır.
Nielsen və Powell bu nəticəyə gəliblər ki, nəinki yeməyin vaxtları, hətta nə yeyilməsi də yuxulara təsir göstərir. Məsələn süd məhsulları və ədvalı xörəklər gecələr qorxulu və xoşagəlməz yuxuların görülməsinə səbəb olur.

İnfarkt riski

Türkiyədəki Dokuz Eylül Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, axşam saat 7-dən sonra yeyilən şam yeməyi infarkt riskini artırır.
Alimlər aşkar ediblər ki, gec saatlarda yemək insanların qan təzyiqinin yuxu saatlarında qalxmasına səbəb olur. Onların fikrincə, hətta duzlu yemək də, gecə yeməkdən daha az təhlükəlidir.
Axşam yeməyini yatmazdan iki saat əvvəl yeyənlərin 24 faizində qan təzyiqinin səviyyyəsi növbəti gün də yüksək olaraq qalıb.

Mədə turşuluğu və ertəsi gün…

Ekspertlərin fikrincə gecələr yemək qastro-ezofageal reflyuks xəstəliyinin, sadə dillə deyilsə mədə turşuluğunun riskini yaradır.
Və nəhayət gecə saatlarında yemək ertəsi gün adamda güclü aclıq hissi yaradır. Bu ona görə baş verir ki, mədəaltı vəz gecə ərzində qana xeyli miqdarda insulin buraxmış olur. (BBC Azeri)

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.