2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gecə klubunun təsisçisi: “Adım formal xarakter daşıyıb”

Yayımlandı: 25 İyul 2022 21:10

Təqsirləndirilən şəxs istintaqın qərəzli aparıldığını düşünür

Bakıdakı “Location” gecə klubunda baş vermiş və 4 nəfərin öldüyü partlayışla əlaqədar cinayət məsuliyyətinə cəlb olunan üç nəfərin heç biri özünü təqsirli bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Obyekti icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, şirkətin təsisçisi Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi iİdarəsinin inspektoru Ruslan Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

İyulun 25-də keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən Adil Mehdiyevin nümayəndəsi mülki iddia qaldırıb, ona dəymiş ziyanın ödənilməsini tələb edib. O, hər üç təqsirləndirilən şəxsin mülki cavabdeh kimi tanınmasını istəyib.

Lakin hakim mülki iddianın qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyini əsas gətirərək, onu qəbul etməyib.

Prokuror Babaxan Həsənəliyev ittihamı elan edib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən FHN əməkdaşı ölümə səbəb olan səhlənkarlıqda, digər iki nəfər isə həm də yanğın təhlükəsizliyi qaydalarını pozmaqda təqsirləndirilir.

İttihama münasibət bildirən üç nəfərin heç biri özünü təqsirli bilməyib. Ardınca dindirmə mərhələsi başlayıb.

Rəsul Rəsulov indiki mərhələdə ifadə vermək istəməyib.

Orxan Səfərov isə ətraflı danışıb. O bildirib ki, rəsmi sənədlərdə adı “Merser food” MMC-nin həmtəsisçisi kimi getsə də, bu, formal xarakter daşıyıb, reallıqda isə gecə klubuna aidiyyəti olmayıb. Onun sözlərinə görə, cəmi bir dəfə gündüz saatlarında sözügedən obyektdə olub.

Orxan Səfərov şirkətə necə həmtəsisçi olması haqda bunları deyib:

“İttiham aktını oxuyanda açıq-aşkar görünür ki, istintaq qərəzli aparılıb. Orada yazılanların mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İsrail Usubov təsisçi olub. Şirkəti 2018-ci ildə İsrail və Ayxan təsis edib. Əvvəl Nərimanovun heykəlinin yanında çay evi kimi fəaliyyət göstərib. Mənim o vaxt da bu şirkətlə əlaqəm olmayıb. Mən İsrail Usubovla dost olmuşam. Pandemiyadan sonra Ayxanla İsrailin münasibətləri pisləşdi, onların ortaq işi də ayrıldı. İsrail mənə etibar edirdi deyə, bundan sonra şirkətin Ayxana məxsus olan 50 faizini mənim adıma keçirdi. Bu da İsrailin təkidi ilə oldu. Mənim adım sənədlərdə getsə də, faktiki bu işi icra eləməmişəm, idarəçi olmamişam. Lazım olanda şirkətin hüquqşünası gətirib sənədləri, mən də imzalamışam. Məsələn, dedilər ki, “ASAN Xidmət”də icarə müqaviləsi imzalamaq lazımdır, mən də gedib imzaladım. Orada olanlardan mənim xəbərim olmayıb. Amma nədənsə, partlayış olandan sonra məni təqsirli biliblər”.

Təqsirləndirilən şəxslərdən Rəsul Rəsulov istintaqa ifadəsində deyib ki, administrator kimi ona göstərişləri Orxan Səfərov verirdi. Lakin üzləşmədə bu ifadəsini təsdiqləməyib.

Orxan Səfərov vurğulayıb ki, onun gecə klubunun icarəçisi olmasını təsdiqləyən heç bir sübut yoxdur:

“Nə obyektin qurulmasında iştirak eləmişəm, nə də oradan gəlir, mənfəət gözləmişəm. Çünki 2015-ci ildə Həcc ziyarətində olmuşam. İçkidən, spirtdən gələn gəliri istəməzdim. Ora heç kimi də işə götürməmişəm. Nə mən işçiləri tanıyıram, nə də onlar məni. Bir dəfə gündüz vaxtı getmişəm – qonaq kimi, onda da zalda olmuşam. Mətbəxində olmamışam. Heç bir işə nəzarət etməmişəm…”

Təqsirləndirilən Ruslan Məmmədov digər iki nəfərdən fərqli olaraq, həbsdə deyil. O, əvvəl iki ay həbsdə olsa da. Sonradan ev dustaqlığına buraxılıb. Bu cinayət işinin məhkəmə araşdırması başlayanda isə onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçildi.

O bildirib ki, gecə klubunun yerləşdiyi əraziyə hadisədən 1 ay öncə təyin edilib. Hadisə baş verəndə “Location” klubunun orada fəaliyyət göstərməsi heç bir ay deyildi. FHN əməkdaşı deyir ki, o müddətdə klubun VÖEN-i olmadığına görə obyektdə yoxlama aparmayıblar.

Ruslan Məmmədovun sözlərinə görə, o, gecə baş vermiş partlayışdan səhər xəbər tutub. Hadisə yerinə keçirilən baxışda da iştirak etməyib.

Gecə klubunda partlayış bu il aprelin 3-də gecə saat 3 radələrində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq belə nəticəyə gəlib ki, klubun mətbəxində qanunsuz olaraq, qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İş üzrə ümumilikdə 52 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button