2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gizli mübarizənin pioneri, güllələnən generallar, ölümcül səhv… 

Yadigar Sadıqlı

Fevral ayı İran İslam inqilabının ildönümüdür. Üstündən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq, XX əsrin bu tektonik hadisəsinə maraq azalmır. Bununla əlaqədar həmin inqilabın bir neçə önəmli fiquru haqqında məqalələr yazmağı qərara aldım. Üçüncü personaj İslam Respublikasında bir müddət xarici işlər naziri vəzifəsini tutan, sonra da dissidentə çevrilən İbrahim Yəzdidir.  

O, 1931-ci ildə Qəzvində anadan olub. Kökləri İranın mərkəzində yerləşən Yəzd şəhərindəndir. Babası məşhur Yəzd hənasını Cənubi Qafqaza ixrac etmək üçün regiona daha yaxın olan Qəzvinə köçüb. İbrahimin altı yaşı olanda ailəsi Tehrana köçür və o, təhsilə paytaxtda başlayır. Orta məktəbi bitirdikdən sonra Tehran universitetində əczaçılıq, daha sonra fəlsəfə üzrə magistr təhsili alıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Sonralar İslam inqilabında iştirak edən bir çoxları kimi, İbrahimin də gəncliyi İran neftinin milliləşdirilməsi uğrunda hərəkat, Milli Cəbhə lideri Müsəddiqin hakimiyyəti və devrilməsi dövrünə düşür. Bu hadisələr onun da siyasi görüşlərinə təsir edir, şah rejiminə qarşı müxalif fəaliyyətə qoşulur. Yəzdi 1960 və ya 1961-cı ildə ABŞ-a yollanır və məşhur Massaçusets Texnologiya İnstitutunda qida sənayesi mühəndisliyi üzrə təhsil alır. Amma bu ixtisas onu çox da cəlb etmədiyindən təhsilini yarımçıq saxlayır.

1961-ci ildə Milli Cəbhənin tanınmış üzvləri Mehdi Bazərgan və ayətullah Tələqani təşkilatdan ayrılaraq, İran Azadlıq Hərəkatı adlı təşkilat yaradırlar. Liberal, dünyəvi Milli Cəbhədən fərqli olaraq, İAH demokratik, lakin İslam qaydalarının əhəmiyyətli rol oynayacağı cəmiyyətin qurulmasını hədəfləyirdi. İbrahim Yəzdi də İAH üzvü olur və Sadeq Qotbzadə, Mustafa Çamran, Əli Şəriəti ilə birlikdə təşkilatın xarici bürosunu yaradır.

Yəzdi, Qotbzadə və Çamran bu illərdə Yaxın Şərq ölkələrində, xüsusən Livanda və Misirdə tez-tez olurlar. İranda “15 xordad üsyanı” adını alan kütləvi etiraz aksiyalarının zor gücünə yatırılmasından sonra üçlük və tərəfdarları dinc mübarizə üsullarının faydasız olması qənaətinə gəlirlər. Üstəlik, Kuba və Əlcəzair nümunəsi isə onları silahli mübarizəyə həvəsləndirir. 

Buna görə də 1964-cü ildə Misirdə “Birlik və əməl xüsusi təşkilatı” (SAMA – Sazmane mexsuse ettehad və əməl) yaradırlar. Amma tezliklə onların Nasir hakimiyyəti ilə münasibətləri korlanır. Misir qəzetlərində İranın ərazi bütövlüyü əleyhinə yazıların getməsi, ölkənin cənub-qərbində yaşayan ərəbləri separatizmə həvəsləndirməsi təşkilatın qərargahını Beyruta köçürməyə sövq edir. 

Altıgünlük müharibədən sonra Livanın da İranla münasibətləri kəskinləşdi və müxalifətçi olsalar da, İran vətəndaşı olan Yəzdi və dostları Livanı tərk etməli oldular. Ümumiyyətlə, SAMA layihəsi uğursuz oldu. Yalnız Çamran burada Fələstin düşərgələrində müəyyən hərbi biliklər topladı və bu, ona sonralar İran İslam Respublikasında parlaq, amma qısamüddətli hərbi karyera qurmaq imkanı verdi.

***

ABŞ-a qayıdan Yəzdi Beylor tibb kollecinə daxil olur. Buranı bitirdikdən sonra biokimya doktoru dərəcəsini alan Yəzdi xərçəng xəstəliyini tədqiq edir, məqalələri elmi jurnallarda dərc olunur.  O, 1971-ci ildə ABŞ vətəndaşlığını alır. 

ABŞ-da yaşadığı müddətdə Amerika və Kanadada oxuyan müsəlman tələbələrin İslam assosiasiyasını, Amerika və Kanadanın müsəlman həkimlərinin İslam assosiasiyasını yaradır. Daha sonra Hyustonun İslam cəmiyyətini yaradır və onun ilk prezidenti olur. Hyustonda ilk məscidin yaranması da Yəzdinin adı ilə bağlıdır. 

Doktor Yəzdinin Xomeyni ilə ilk görüşünün nə vaxt baş verməsi məlum deyil, amma 1972-ci ildə Xomeyni onu ABŞ-dakı nümayəndəsi təyin edir. 1970-ci illərdə Yəzdi tez-tez Nəcəfə gəlir və sürgündə olan ayətullah ilə görüşür. Məhz bu zaman şahın gizli polisi olan SAVAK-ın diqqətini cəlb edir.

Xomeyninin 1978-ci ilin oktyabrında İraqdan çıxarılmasından və Fransada məskunlaşmasından sonra Yəzdi də Fransaya gəlir və Bənisədr, Qotbzadə ilə birlikdə ayətullahın ən yaxın köməkçilərindən birinə çevrilir. Ətrafında müasir görünüşlü, qərb təhsilli, ingilis və fransız dilində sərbəst danışan insanların olması Qərb mətbuatında Xomeyninin imicini xeyli yaxşılaşdırır. 1979-cu il fevralın 1-də İrana qayıdan ayətullahı təyyarədə müşayiət edənlərdən biri də Yəzdi idi.

İddia olunur ki, Yəzdi Xomeyniyə Məhəmməd Peyğəmbər Məkkəni fəth edərkən davrandığı kimi davranmağı, ümumi amnistiya elan etməyi məsləhət görür. Ayətullah Tələqani də bu fikri bölüşür, amma Xomeyni imtina edir. Artıq fevralın 15-də dörd generalın – Nemətolla Nasiri, Mənuçöhr Xosrovdad, Mehdi Rahimi və Rza Nacinin güllələnməsi ilə şah rejiminin məmurlarına qarşı repressiyalar başladı. 

Mehdi Bazərganın rəhbərlik etdiyi Müvəqqəti hökumətdə İbrahim Yəzdi əvvəlcə baş nazirin müavini, Kərim Səncabinin aprel ayında istefasından sonra isə xarici işlər naziri vəzifəsini tutur. O, AİH üzvləri arasında özünün anti-İsrail baxışları ilə seçilirdi. Hazırda bir çox ölkələrdə qeyd olunan və müəllifliyi Xomeyniyə aid edilən “Qüds günü”nün ideya müəllifi Yəzdi olub.

Bununla belə, o, Qərb ölkələri ilə normal münasibətlərin tərəfdarı idi. Hələ fevralın 14-də “Fədayan-e xalq” adlı solçu təşkilatın üzvləri ilk dəfə ABŞ səfirliyini tutanda Yəzdi Xomeyninin razılığını alaraq insidenti qısa müddətdə həll etdi. Səfirliyi tutan gənclər 3 saat sonra oranı tərk etdilər. 

Eyni hadisə noyabrın 4-də baş verəndə (bu dəfə islamçı tələbələr tərəfindən) Yəzdi yenə də Xomeyniyə müraciət etdi və məsələni həll etmək üçün icazəsini aldı. Amma az sonra Xomeyni televiziyaya çıxaraq “casus yuvası”nın tutulmasını dəstəklədi. Bundan sonra nazirlər kabineti istefa verdi və Yəzdinin İslam Respublikası hökumətində fəaliyyəti bununla bitdi.

Yəzdi sonrakı illərdə də ABŞ səfirliyinin tutulmasını İranın beynəlxalq izolyasiyasına səbəb olan böyük səhv hesab edirdi. O yazırdı: “İraqın İrana hücumu diplomatları girov götürmənin nəticələrindən biri idi”. Üstündən 30 ildən çox keçəndən sonra belə hesab edirdi ki, İran həmin səhvin fəsadlarını yaşayır.

*** 

1980-ci ilin martında İslam Respublikasında ilk parlament seçkiləri keçirildi. Bu seçkilərdə İAH-ın bir sıra üzvləri ilə yanaşı, İbrahim Yəzdi də deputat seçildi. Bundan sonra onun siyasi mövqeyi iqtidarın mövqeyindən getdikcə uzaqlaşır. 

O, hakimiyyətin siyasi repressiyalarını “stalinist və antiislamçı” adlandırır. İraq müharibəsi başlayanda hökuməti dəstəkləsə də, 1982-ci ildə işğalçıların ölkədən çıxarılmasından sonra müharibənin davam etdirilməsinə qarşı çıxır. İAH sonrakı parlament seçkilərini boykot etdi.

İAH 1985-ci il prezident seçkilərində Mehdi Bazərganın, 1989, 1993, 1997 və 2005-ci illərdə isə İbrahim Yəzdinin namizədliyini irəli sürdü, amma hər dəfə Konstitusiya mühafizəçiləri şurası seçkiyə buraxmadı.

O, Mehdi Bazərganın 1995-ci ildə ölümündən sonra İran Azadlıq Hərəkatının lideri olur. Təşkilat formal olaraq qadağan edilməsə də, daim nəzarət altında idi və normal fəaliyyət göstərməsi mümkünsüz olduğundan marginallaşmaqda idi. 

İranın ən yaxın tarixində xüsusi yer tutan 2009-cu il seçkilərindən sonrakı hadisələr zamanı İAH etiraz aksiyalarını dəstəklədiyindən Yəzdi bir neçə dəfə həbs olundu. Hər belə hadisə dünyanın müxtəlif yerlərindən, eləcə də bir zaman banisi və ilk prezidenti olduğu Hyuston İslam cəmiyyəti tərəfindən etirazla qarşılanır. 

Sonuncu dəfə 2010-cu ilin oktyabrında həbs edilən Yəzdiyə 8 il həbs cəzası kəsildi, amma yenə etirazlar, eləcə də səhhəti nəzərə alınaraq 2011-ci ilin aprelində  ev dustaqlığına buraxıldı. O, 2013 və 2017-ci il seçkilərində Həsən Ruhanini dəstəklədi.

İbrahim Yəzdi ürək, xərçəng və Altsheymer xəstəliyindən əziyyət çəksə də, ona ölkədən çıxmağa qadağa qoyulmuşdu. Yalnız 2016-cı ildə bu qadağa götürüldü. Amma sağlamlığının ümumi zəifliyi səbəbindən ABŞ-a gedə bilməyərək, Türkiyənin İzmir şəhərində əməliyyat olundu. O, 2017-ci ilin avqustunda burada vəfat etdi.

“Xarici müstəmləkəçiliyin və əzici tiraniyanın qaranlıq illərində, dini hökumətin formalaşmasının və insan ləyaqətinin bərpasının əlçatmaz olduğu dövrlərdə doktor Yəzdi akademik çevrələrdə mübarizənin pioneri idi”, – İslam Respublikasının prezidenti Ruhaninin yaydığı nekroloqda belə deyilirdi.

Son müsahibələrinin birində ciddi töhfə verdiyi inqilabı “cəhalətin zülm üzərində qələbəsi” adlandıran İbrahim Yəzdi böyük bir izdihamla Beheşti-Zəhra məzarlığında dəfn edildi. Bir neçə gündən sonra isə məzarı hücuma məruz qaldı, sinə daşı sındırıldı… 

Gizli mübarizənin pioneri, güllələnən generallar, ölümcül səhv…  başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button