2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gömrük generalları həbsdən buraxılıb

Yayımlandı: 18 Mart 2023 18:52

Onlar rüşvətdə, hərbçilərin siqaretini mənimsəməkdə və s. ittiham olunur

2022-ci ilin iyulunda həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb. Söhbət Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin o dövrdəki rəisi, general-mayor Məsum Rəsulov və Komitənin tabeliyində olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, general-mayor Ehtiram Xəlilovdan gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Onların hər ikisi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının 2022-ci ilin iyun-iyul aylarında DGK-da keçirdiyi əməliyyatlar nəticəsində həbs olunmuşdu. Keçmiş gömrükçülər, o cümlədən generallar haqqında cinayət işinin istintaqı da DTX-nın İstintaq Baş İdarəsində aparılır. Özləri də DTX-nın istintaq təcridxanasında saxlanılırdı.

Məsum Rəsulov və Ehtiram Xəlilov ev dustaqlığına buraxılsalar da, onların işi üzrə istintaq davam edir.

Gömrük generalları milyonlarla vəsaitin yeyintisində ittiham olunaraq, həbs edilmişdi. Onların cinayət işində iddia edilən yeyinti məbləğini – vurulan ziyanı ödəməsi əsas gətirilərək, ev dustaqlığına buraxıldığı bildirilir.

DTX-nın gömrükçülərin həbsi haqda yaydığı rəsmi açıqlamada bildirilirdi ki, Ehtiram Xəlilov gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozub, dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsi, satışının təşkilində ittiham olunur. İddia olunur ki, general Ehtiram Xəlilov bu işləri tabeliyində olan şəxslərlə birlikdə həyata keçirib. Bundan başqa o, xeyli adamdan külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

İddiaya görə, “Azərterminalkompleks” birliyi hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında müxtəlif şirkətlərin hesabına böyük məbləğdə vəsaitlər köçürüb. Həmin şirkətlər arasında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digərlərinin adları çəkilir. Lakin bu şirkətlər tərəfindən heç bir iş görülməyib, xidmət göstərilməyib və köçürülən vəsaitlər şirkətlərin bank hesabından çıxarılaraq, geri qaytarılıb. Nəticədə milyonlarla büdcə vəsaiti bu yolla mənimsənilib.

48 yaşlı Məsum Rəsulov şirkətlərin hesabına köçürülən, nağdlaşdırılıb geri qaytarılan vəsaitlərin mənimsənilməsində ittiham olunurdu.

Ehtiram Xəlilov və Məsum Rəsulov. Foto: Meydan TV

DTX-nın məlumatında vurğulanırdı ki, müsadirə edilərək “Azərterminalkompleks” birliyində saxlanılan siqaretlər Silahlı Qüvvələrin hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə göndərilməliydi. Lakin Məsum Rəsulov bunun əvəzinə, prosedur qaydaları pozaraq, siqaretləri şəxsi münasibətdə olduğu əməkdaşa təhvil verib.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunan generalların özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Bir müddət əvvəl həbsdə olan həbsdə olan gömrükçülərdən daha ikisi – polkovniklər Şükür Səfərov və Rəşad Babayev də azadlığa buraxılıb. Onlar da iş üzrə dəymiş ziyanı ödəyərək, azadlığa çıxıblar. Söhbət DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin keçmiş rəisi Şükür Səfərovdan gedir.

Rəşad Babayev və Şükür Səfərov haqqında həbs qərarı 2022-ci il iyulun 1-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Onlar ölkə ərazisinə xüsusi icazə ilə daxil olan iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəddəki gömrük nəzarət postlarından buraxılması üçün sahiblərindən rüşvət almaqda ittiham olunurdu.

Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. O, bundan öncə DGK-də Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Onun qardaşı Ramiq Babayev də prokurorluq əməkdaşıdır.

Şükür Səfərov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button