Loading...
Loading...
SEÇMƏ

Göyçay sakini: “Polis adamı cəzasız buraxıb deyə səksəkə içində yaşayıram”

Yayımlandı: 20 İyul 2022 15:50

Tövləsi, inəkləti yanan şəxs qonşusundan şikayətçidir

“Yanğınsöndürənlər yetişincə tövlə də külə göndü, inəklər də. Hadisənin üstündən dörd ay keçib, hadisəni törədən adam gözümüzün önündə gəzir, dəymiş zərəri ödəmir, polis də bir tədbir görmür”.

Göyçay rayonunun Şəkər kənd sakini Raqif Salmanov Meydan TV-yə danışır ki, bu ilin martında onun və 11 yaşlı oğlunun gözü önündə mal-qara tövləsi yandırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, tövlə tamamilə yanıb.

“Mənə 10 min manat zərər vurub”

Şikayətçinin sözlərinə görə, nəticədə tövlənin içərisindəki iki iribuynuzlu heyvan da tələf olub:

“Həyətimizdə təsərrüfat işləriylə məşğulduq. Yusif adlı həmkəndlim qəfil tövləni alışdırıb, qaçdı. Ondan iki gün əvvəlsə ot tayamıza od vurmuşdu. Hər iki faktla bağlı polisə müraciət etmişəm, izahatımı alıblar. Yanan əmlaka və mal-qaraya baxış keçirilib, dəymiş zərər 10 min manat məbləğində hesablanıb. Polis dedi, istəyirsənsə, gətirsin, 7 min versin, söhbət bağlansın. Razılaşdım. Ancaq zərəri vuran adam heç o 7 min manatı da vermir axı…”

Raqif Salmanov deyir, hadisəni qonşuluqda yaşayan Yusif adlı şəxs törədib:

“Qonşu kimi həmişə münasibətimiz yaxşı olub. Atası deyir, Yusifin bu hərəkəti onun üçün də gözlənilməz olub. Deyirəm, ay Yusif, niyə od vurdun mal-qarama, axı mən tifillərimi böyütmək üçün gözümü o inəklərə dikmişdim. Deyir: “İsveç sortudur, sizdə var, bizdə yoxdur, istədim ki, sizdə də olmasın. İsveç sort heyvanların əti, südü çox olur”. Mənim hər inəyimin 5 min manat dəyəri vardı. Birinin qarnında balası da vardı yananda… Bax, belə bir mərdiməzar hərəkətlə üz-üzə qalmışıq. Gedirəm polisə, deyirəm, kasıb adamam, külfətim var, dolanışığım o inəklər idi. Heç olmasa gətirsin zərəri ödəsin, gedim heyvan alım, başımın çarəsinə baxım”.

Foto: Raqif Salmanovun şəxsi arxivindən

“O, cəzasız qaldıqca, mənim həyəcanım artır”

Raqif Salmanov hesab edir ki, polis hərəkətə keçmədikcə, əvvəl ot tayasını, sonra tövləsini yandıran şəxs bu cəzasızlıqdan istifadə edib daha ağır cinayətə əl ata bilər:

“Tayalarımı yandırdı, polis dinmədi, tövləmi, mal-qaramı yandırdı, polis yenə dinmir. O, cəzasız qaldıqca, mənim həyəcanım artır. İçərisində inəklər olan tövləyə od vuran adam sabah gəlib içərisində uşaqlarım olan evimi də yandırar. Mən səksəkə içində qalmışam. Belə çıxır ki, polis bu adamı cəzasız buraxacaq deyə, mən ömrüm boyu səksəkə içində yaşamalıyam, gecə-gündüz ayağımı kənara atmamalıyam, evimi qonşudan qorumalıyam ki, birdən kefinə düşər, gəlib yandırar…”

Göyçay Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, martın 26-da günorta saatlarında Şəkər kənd sakini Raqif Salmanovun həyətindəki mal tövləsi içərisindəki iki heyvanla birlikdə yanıb. Raqif Salmanov tövlənin yanmasında kənd sakini Yusif Pənahovdan şübhələndiyini bildirib. Raqif Salmanovun və ailə üzvlərinin, həmçinin Yusif Pənahovun izahatları alınıb. Faktla bağlı araşdırmalar davam edir.

Gözdən qaçırmayın:  “Yavru vatan” hekayəsi: terrorla mübarizədən cümhuriyyətə qədər…

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button