Loading...
Loading...
SEÇMƏ

Göyçay sakini: “Rəis müavini almacıq sümüyümü vurub sındırdı”

Yayımlandı: 28 İyun 2022 13:51

Son dəyişiklik: 28 İyun 2022 14:53

“Dedilər, pul verməsəniz, işi “Bandotdel”ə göndərəcəyik”

Polis əməliyyatçısı Pərviz İsrafilov KPZ-yə (müvəqqəti saxlama təcridxanası – red) yaxınlaşıb məni və dostlarımı qorxudurdu ki, 5 min manat toplayıb İstintaq Təhqiqat Bölməsinin rəisi Azad müəllimə verməsək, bizi Bakıya – “Bandotdel”ə göndərəcəklər. Oradan canımızı qurtarmaq üçün daha çox pul xərcləməli olacağıq. Nəticədə 2 min manata razılaşdıq. O pulu da Azad müəllimə bizim yerimizə elə həmin əməliyyatçı öz pul kartından çəkib verdi. Biz şöbədən buraxılandan sonra 2 min manatı ona qaytardıq”.

Bunu Meydan TV-yə Göyçayın Potu kənd sakini Cavad Qafarov deyir.

Onun sözlərinə görə, bu il aprelin 22-də rayonun polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Rəşid Vəliyevlə daha bir neçə polis işçisi onu və dörd dostunu şöbəyə aparıb.

Səbəb kimi Göyçay sakini Nicat Əliyevin onlardan şikayətçi olması bildirilib: “Nicat “102 Xidməti”nə zəng vurub demişdi ki, guya qardaşı Rəşadı döymüşük. Bizi elə tutub apardılar ki, sanki qatı cinayətkarlarıq. Şöbədə olanda Rəşad özü ora gəldi, belə bir hadisənin olmadığını dedi. Buna baxmayaraq, bizi polis şöbəsindən buraxmaq üçün 2 min manat aldılar”.

Cavad Qafarov deyir ki, bundan sonra onları Bakıya – “Bandotdel”ə göndərəcəkləri ilə hədələyiblər: “Biz də “Bandotdel”ə aparılmamaq üçün onunla razılaşmaq məcburiyyətində qaldıq. Çünki 30 saat idi ki, günahsız və səbəbsiz yerə şöbədə saxlanılırdıq. Gedib-gəlib “”Bandotdel”ə aparılacaqsınız” deməklə bizə psixoloji təzyiqlər göstərirdilər”.

Cavad Qafarovun dediyinə görə, hələ şöbəyə gətiriləndə şöbənin rəis müavini Rasim Mirzəyev onu öz iş otağında döyərək sol üz nahiyəsinin almacıq sümüyünü sındırıb.

O, şöbədən buraxılandan sonra buna görə əməliyyat olunub.

Hadisənin digər detallarını Cavad Qafarovun yaxın qohumu Səxavət Qafarov danışır.

Deyir ki, Cavadın başına gələnlərə hüquqi qiymət verilməsi, polislərin cəzalandırılması üçün o da əlindən gələni edir:

Epikriz. Foto: Meydan TV

“Aprelin 29-da daxili işlər naziri Vilayət Eyvazov Göyçay Rayon Polis Şöbəsində vətəndaşların qəbulunu keçirəndə mən də nazirlə görüşə bildim. Baş verənlərlə bağlı ona danışdım. Nazir də məsələnin araşdırılması, tədbir görülməsi üçün nazirlik əməkdaşlarına tapşırıq verdi. Ancaq nazir gedəndən sonra polis bizim üzərimizə kriminal çevrələrin adamlarını göndərdi, həmin şəxslər bizdən şikayətimizi geri götürməyi tələb etdilər, ölümlə hədələdilər. Biz bütün bunlarla bağlı Baş Prokurorluğa məlumat vermişik”.

Səxavət Qafarov deyir, ki Cavad Qafarovun atası birinci, anası ikinci qrup əlildir və hər ikisi yataq xəstəsidir.

Gözdən qaçırmayın:  Nikol Paşinyan: “Azərbaycan yeni müharibəyə hazırlaşır”

Göyçay rayon Polis Şöbəsindənsə bildirilib ki, aprelin 22-də Cavad Qafarov, Elçin Babayev, Rəhman Hüseynov, Əli Qurbanov və Qafur Qasımov şöbəyə vətəndaş Nicat Əlyevin rəsmi müraciəti əsasında gətirilib.

İstintaq bölməsinin müstəntiqi Hüseyn Rüstəmbəyli onların izahatlarını aldıqdan sonra sərbəst buraxılıblar.

Cavad Qafarovun onlardan 2 min manat alınması və Göyçay RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Rasim Mirzəyev tərəfindən fiziki zorakılığa məruz qalması barədə dedikləri isə xidməti təhqiqatla təsdiqini tapmayıb.

Şöbədən Səxavət Qafarovun hədələnməklə bağlı dediklərinə görə isə belə reaksiya verilib: “Vətəndaş bununla bağlı rəsmi müraciət etsin, araşdırılsın”.

Bildirilir ki, Cavad Qafarovun və Səxavət Qafarovun şikayətləri Göyçay Rayon Prokurorluğunda araşdırılır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button