SEÇMƏ

Göyçay sakini: “Üç məktəbin yerləşdiyi ərazidə avtoşluq edirlər”

Yayımlandı: 31 Oktyabr 2022 18:45

 Məhəmmədəli Əsədovun sözlərinə görə, məktəblilər Heydər Əliyev prospektdəki yolun bir üzündən digər üzünə köməksiz keçə bilmirlər

“Uşaqlarımızı məktəbə göndərib, səksəkədə qalırıq. Hər il məktəb başlayan gündən prospektin bu hissəsində avtoqəzaların sayı da artır”.

Göyçay sakinlərini narahat edən səbəb rayonun mərkəzinə yaxın ərazidə – Heydər Əliyev prospektinin 106 peşə liseyi, 9 saylı orta məktəb,  Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi hissəsindəki avtomobil yolunun nəzarətsiz olmasıdır. Həmin ərazidə ticarətlə məşğul olan Məhəmmədəli Səmədovun sözlərinə görə,  nəzarətsizlik faciələri daha yaxın edir:

“Demək olar hər gün avtoqəza baş verir. Göyçay Polis Şöbəsinin Yol Polisi Bölməsi tərəfindən ciddi nəzarət olunmur, avtoxuliqanlıq edənlər var ki, məktəblilərin də, ərazidən keçən başqa piyadaların da həyatını təhlükəyə atırlar.”

Sakin deyir, kamera, radar, tramplin quraşdırılsın. Məhəmmədəli Səmədovun deməsinə görə, ərazidə müşahidə kamerası, radar, tramplin quraşdırılması üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə və Göyçay Rayon Polis Şöbəsinə müraciət olunsa da, nəticəsiz qalıb:

“Təhlükəsizlik vasitələrinin quraşdırılmaması bir tərəfə, sanki DYP-nin əməkdaşları da bu əraziyə nəzarət etməyi “unudublar”. Bu ərazidə tək-tük hallarda yol polisi görmək olar. Halbuki, bura rayonun ən ciddi nəzarət altında saxlanılmalı olan hissəsidir, hər tərəf məktəb, hər tərəf azyaşlı uşaqlar… Şit-şit mahnıların səsini ucaldıb, avtomobilləri də o qədər yüksək sürətdə sürürlər ki, bir də gördün getdi hansısa ticarət obyektinə, yaşayış evinə, qaz borusuna, rabitə, elektrik dirəyinə çırpıldı…” 

Polis deyir, ehtiyac yoxdur.

Göyçay Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, qeyd olunan ərazidə piyada zolağı da var, polis nəzarəti də. Ancaq mərkəzi küçə olmadığına görə başqa müşahidə kameralarının, işıqforun  quraşdırılmasına ehtiyac yoxdur. 

Sakinlər də ərazidə piyada zolağının olduğunu təsdiqləyirlər. Ancaq bildirirlər ki, uşaqlar bu zolağı tək keçməyə qorxur, çünki sürətlə şütüyən avtoşlar zolağa da məhəl qoymur. Uşaqların yolun bir tərəfindən digər tərəfinə keçməsinə taksi sürücüləri, ərazidəki obyekt sahibləri yardım edir:

“Daha kimə deyək, hara gedək, necə edək, bilmirik. Bu qədər məsuliyyətsizlik olmaz. İnsan həyatı bu qədər ucuz olmamalıdır. Rayonun aidiyyəti üzrə hər vəzifəli şəxs o yoldan keçən vətəndaşa görə cavabdehlik məsuliyyəti hiss etməlidir”. 

Meydan TV

Gözdən qaçırmayın:  “Yazdığım pozuntuları araşdırmaq əvəzinə özümü cəzalandırdılar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button