SEÇMƏ

Göyçayda ilk dəfə sərgi keçirilib: “Rəngləri danışdıran adam”

“Belə rəssamları olan rayonun qalereyasının olmaması eyibdir”

Regionların mədəni həyatının dirçəldilməsinə ehtiyac var. Paytaxt Bakıdan fərqli olaraq əyalətin mədəni həyatı kinosuz, teatrsız, rəsm qalereyalarsız boz keçir. Bu boz yaşam hərdən kitabxanalar, rayon səviyyəli kiçik bayram tədbirləri ilə rənglənsə də, nəhayət, Göyçayda sənətsevər təşəbbüskarlar ilkə imza atdılar.

“Rəngləri danışdıran adam” adlı sərgi rayonun rəssamı, illərin pedaqoqu Ehtiram Kərimovun və onun yetirmələrinin əl işlərinin təqdimatına həsr olunub.

Layihənin təşkilatçısı, Göyçay şəhər Əli Səmədli adına “Arvan” kitab muzeyinin rəhbəri Mehriban Məmmədova Meydan TV-yə müsahibəsində bildirib ki, bir neçə ildir ədəbi-bədii gecələr, fləşmoblar keçirsələr də, Ehtiram Kərimovun yaradıcılığı ilə tanışlıqdan sonra sərgi keçirməyi qərarlaşdırıblar. Avqustdan etibarən başlayan hazırlıq işləri nəhayət, oktyabrda reallaşıb.

“Həmişə istəmişəm regionda belə sərgilər olsun. Əvvəl nar festivalında olurdu, o da artıq son illər keçirilmir. Televiziyadan görürdük, indi sərgiyə gələnlərə tamaşa edirəm, sevinirlər. Bir günlük edəcəkdik, ancaq maraq olduğundan 2 gün sabaha da edəcəyik. Kimi dəvət edirdik , inanmırdılar ki, belə sərgi olacaq. Mən nəinki belə sərgilər, istəyirəm ümumiyyətlə ədəbi- bədii tədbirlər, mədəni tədbirlər keçirilsin. İnsana nə verəcəksən, o da onunla qidalanacaq, formalaşacaq. İstərdim ki, davamlı olsun bu təşəbbüs. Tək bizim kitabxana deyil, digər təşkilatlar da kömək etsin”, – Mehriban Məmmədova deyir.

“Bəzi insanlar kənardan çəkinərək baxır, utanır içəri daxil olmağa”

Təşəbbüskarın rayonun mədəni həyatının inkişafına dəstək olacaq təklifi də var. İstəyir rayonda rəsm qalereyası olsun. Düşünür ki, sənətkar və sənətsevərlər bir arada olmalı, əyalət insanının mədəni dünyagörüşünə təsir etməlidir:

“Elə tək Ehtiram müəllimin özünün 120-dən çox tələbəsi var. 60-dan çoxu Rəssamlıq Akademiyasının məzunudur. Təbii ki, belə rəssamları olan rayonun qalereyasının olmaması eyibdir. Heç olmasa ayda bir dəfə bir rəssamın sərgisi keçirilsin. Gənc rəssamlar motivasiya alsın, bilsin nə üçün yaradır, çəkir. Sənətkar elədir ki, onun əsərləri göz qarşısında olmalıdır”.

Mehriban Məmmədova deyir ki, bu, həm də insanlar üçün də mənəvi qidadır:

“Mədəniyyət elə bir nüansdır ki, insanı formalaşdırır, asudə vaxt mənasız keçmir. Mədəni xarakter, dünyagörüş dəyişir. İnsanlar maraqla yanaşır. Bir də baxın, bəzi insanlar kənardan çəkinərək baxır, utanır içəri daxil olmağa. Adət etsələr, hamı gəlib sərgilərdən bəhrələnər. Baxan bir də baxmaq istəyir, hətta almaq istəyənlər də var”.

Fərdi sərgidə 70 rəsm tablosu nümayiş olunur. Əsərlərdən 24 natürmot, digərləri mənzərə, kompozisiyadır. Hətta 40 il öncə işlənmiş əsərlərə rast gəlinir.

4 yaşından özündə rəssamlıq istedadını aşkarladığını deyən Ehtiram Kərimov 40 ildir ki, müxtəlif təhsil ocaqlarında ali təhsilli rəssam- pedaqoq kimi çalışır. Hazırda rayon mərkəzində kiçik emalatxanası olan rəssam yüzlərlə tələbənin müəllimidir. Ötən il 15, bu il 12 tələbəsi Rəssamlıq Akademiyasına daxil olub . Rəssam, rəssam-dizayner kimi çalışan çoxsaylı yetirmələri var. Ancaq bu, onun ilk sərgisidir.

“Bizə yer versinlər uşaq qalereyası yaradaq”

“Təəssüf ki, indiyə qədər rayon səviyyəsində mənə belə bir sərginin keçirilməsi üçün təklif edilməyib. Bir tək Mehriban xanım təklif etdi kitabxanadan. Razılaşdıq və 15 günə bunu hazır etdik. Tamaşaçıların xoşuna gəldi, gəlmədi bilmirəm, artıq bu, onların ixtiyarındadır”, – rəssam deyir.

Onun sözlərinə görə, hazırda özünün 53, tələbələrinin isə 20 əsəri sərgilənir:

Gözdən qaçırmayın:  Yaddan çıxan Monitorinq Mərkəzi!

“Tələbələrimin də sərgisini etdim, çünki mən rəssam-pedaqoqam. Əsərlərimdən çox tələbələrim var. Mən əvvəllər rayon icra başçısına demişdim ki, bizə yer versinlər, uşaq qalereyası yaradaq. Tez-tez həmin istedadlı uşaqların əl işlərindən ibarət sərgilər edək, öz sərgimizi açaq. Ancaq etmədilər, bizə qiymət verilmədi. Belə sərgilər insanlara çox müsbət təsir edir. İstedadlı uşaqlar çoxdur. O, uşaqlara rəssamlığın, rəngkarlığın sirrlərini öyrədirəm”.

“Telefon, internetlə olmur, əyani, canlı mədəniyyət başqadır

Sərgiyə üz tutan rayon sakinləri, ziyalılar, istedadlı gənclər və uşaqlar isə gördüyü mənzərədən sevincli idilər. Çünki yenilik həm maraqlı, həm də arzulanan idi. Vaxtilə iki kinostudiyası olan Göyçay rayonunun mədəniyyət evləri də fəaliyyətsizdir. Daha doğrusu, adları var, fəaliyyətləri yox . Vaxtilə müəyyən kinolar, tamaşalar kəndlərə belə ayaq açarkən, indi mədəni istirahət, mədəni inkişaf regionlarda can çəkişir.

İxtisasca pedaqoq olan Nailə Quliyeva da kənddən sərgiyə üz tutanlardandır. Sərgini də, təşəbbüsü də təqdir edir, üstəlik rayonun mədəni həyatının canlanmasını arzu edir:

“Həqiqətən eşitməmişdim ki, rayonda belə bir sərgi olsun. Rəssamın maraqlı əsərləri var, istedadını, xəyallarını, düşüncələrini incə notlarla, ştrixlərlə tablolara həkk edib. Bax, qələmlə çəkilən bu əsər çox xoşuma gəldi. İstedadlı rəssamlar yetişir. İstərdim davamlı olsun, ardıcılları yetişsin. Onun emlatxanası var, yanından keçəndə həmişə girib baxmışam əsərlərinə. Arzum həm də rayonda tamaşaların, kinoların nümayişi, əsl ifaçıların konsertlərinin təşkili ilə bağlıdır. Bunların tərbiyəvi əhəmiyyəti var. Gənclərimizin zövqlərinin, həyata baxışının formalaşmasında əhəmiyyəti çox olar. Telefon, internetlə olmur, əyani, canlı mədəniyyət başqadır”.

“İndiyə qədər bir neçə dəfə sərgi təşkil oluna bilərdi”

Sərgidə iştirak edən yazar, filoloq Əkbər Əlioğlunun sözlərinə görə, istedadlı insanlara zamanında dəyər verilməli, əməyindən faydalanmalıdır. Bunun üçün isə şərait yaradılmalıdır:

“Regionda yaşayıb da hər il onlarla şagird yetişdirəsən, Rəssamlıq Akademiyasına uğurlu məzunlar nəsib edəsən, bu, mədəniyyət tarixinə az xidmət deyil. Çox istərdim ki, Ehtiram müəllimin əməyi dəyərləndirilsin. Təhsil Nazirliyinə təqdimatını versinlər, onun əməyi qiymətləndirilsin, “Əməkdar müəllim” adını alsın və belə sərgilərə şərait yaradılsın”.

Günel İsayeva.

“Sərgidəki əsərlər gənclərə örnəkdir, tamaşaçılara sevgidir. Çox təəssüf ki, indiyə qədər bir neçə dəfə sərgi təşkil oluna bilərdi. Göyçay tarixində sənət adına ilk hadisədir bu sərgi. İri şəhərlərdə olur, ancaq regionlar adına bir ilkdir. Ehtiram müəllimə səlahiyyət verilməli, ayrı-ayrı məktəblərə dəvət olunmalıdır. Gənclər Mərkəzində ildə iki-üç dəfə şagirdlərinin, özünün əl işləri nümayiş oluna bilər. Bu, yalnız fayda verər”, – yazar vurğulayıb.

“Regionda yaşayan istedadlı, yaradıcı şəxslərə, insanlara diqqət ayrılsın”

İştirakçılardan Fatimə Mövsüm isə hesab edir ki, tamaşaçı kimi sənət və əsərlərə layiqli qiymət vermək üçün gərək sərgilər, sənət, yaradıcılıq davamlı olsun. Tamaşaçı isə yaradıcı mühütdə zamanla fikir və dünyagörüşünü artıra, sənətə qiymətini vərdiş etməklə verə bilər.

“Burdakı sənət əsərləri maraq kəsb edir. Böyüklərlə yanaşı, onlarla gələn balacaların diqqəti də sənətə yönəlir. İnsanlar sənətlə, sənət əsərləri ilə, yaradıcılıqla belə tanış olmalıdır. Mən istərdim ki, Mədəniyyət Nazirliyi bu məqamı diqqətdə saxlasın, regionda yaşayan istedadlı, yaradıcı şəxslərə, insanlara diqqət ayrılsın, onları da tanıtmaq, mədəni inkişafı naminə müəyyən işlər görülsün. Qalereyalarda onların sərgiləri olsun, yaradıcılıqları dəyərləndirilsin”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button