2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Göyçayda kəndliləri nə gözləyir: “Rusiya bazarına çıxış məhdudlaşır”

Əkin bol, məsrəf çox, bazar müəmmalı…

Bu il bizim kəndin əkinində çox artım var. Ötən il ən çox 11 min, bu il 25-30 min şitil əkənlər var. Yanvardan indiyə qədər 4 min şitil əkmişəm. Ötən il də eyni sayda əkmişdim. Ancaq mayda əlavə 2 minə yaxın pomidor əkəcəyəm. Çörəyimiz istilikxanalardan çıxır”.

Göyçaylı fermer Səyavuş Əhmədov illərdir ki, sakini olduğu Qaraxıdır kəndində istilikxana becərir.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il əkinin məhsuldar, satışın normal olması onun kimi bir çox kənd sakinlərini də istilikxana əkininə həvəsləndirib.

Göyçayın 30-a yaxın kəndində istilikxana təsərrüfatı qurulub. Amma  Ləkçıplaq, Qaraxıdır, Şəkər, Mırtı, Qaraman kəndləri kütləvi şəkildə istilikxana əkini ilə məşğuldur.

Deyilənə görə, həmin kəndlərdə istilikxana təsərrüfatlarının sayı ötən illə müqayisədə iki dəfə artıb. Səbəb pomidorun ötən il bazarda normal qiymətə satılması olub.

Ləkçıplaq kənd sakini Məbud Məmmədov Meydan TV-yə deyir ki, kənddə 1300 təsərrüfatdan 1000-i əkini artırıb:

Az əkən üç, ən çox əkən 5 istilikxana salıb. Ötənilki satışa görə 30-40% artım var, ötən il 1, 1.50 manata satdılar. Hazırda bazarda qiymət bahadır, 4-5 manat arasındadır. Göyçayda məhsul mərhələli çıxarılacaq. Nə qədər düşsə də, düşünürəm ki, ötənilki qiymətlər kimi olacaq. Xarici bazar kimi Rusiyaya böyük ümid var”.

“Yaz əkinçi, qış dilənçi…”

Qaraxıdır kənd sakini, aqronom Şahin Yaqubov isə deyir ki, hər il yeni sortların bazara daxil olması əkinə müsbət təsir edir, amma bununla yanaşı, şitilin hər ədədində qiymət artımı da müşahidə olunur.

Əksər kəndlilər isə yanacaq sərfiyyatını, odunun bahalığını, çəkilən məsrəfin çox, zəhmətin ağır olmasını əsas gətirirlər. Ona görə də əkinin digər risklər daşıması səbəbindən şitili Bakıdan sifariş verirlər.

O, əkinin bolluğunun təcrübədə yaxşı nəticə vermədiyini deyir:

Maxitos, makizim, matasimus, belbelina, bella, rummer kimi 5-6 sort dəbdədir. Qiymətləri qabların həcmindən asılıdır. 28 qəpikdən 36-qəpiyə qədər dəyişir. Ötən illə müqayisədə 2-3 qəpik artım var. Xüsusi sortlar var ki, qablaşması 40 qəpik olur. Əkənlərin 60%-i matasimus, 30% maxitos sortuna üstünlük verib. Kəndlilər pomidorun indiki qiymətinə həvəslənib. Ancaq Ukrayna-Rusiya müharibəsi və Avropanın Rusiyaya qoyduğu sanksiyalar onu sıxsa, dolların qiyməti bahalaşsa, onda vəziyyət qarışıq olacaq. Kəndlilər isə ümidlə əkir, başqa gəlir yerləri yoxdur. Yəni yaz əkinçi, qış dilənçi olmaq qorxuları da var. Çox əkin təcrübədə yaxşı nəticə verməyib. Stabil gəlir olsa da, bazarda limiti keçmək də olmur”.

Qiymətə getməsə, məhsul batar, borc içində qalarıq”

Mırtı kənd sakini Elməddin İsayev də bu il risk edərək 8 min pomidor şitili əkib. Ötən il 5 min pomidor şitili əkib ki, normal satış onu daha çox əkinə həvəsləndirib.

Deyir ki, əkinə çəkdiyi xərclər də çoxdur. Sellofan örtükdən tutmuş müxtəlif növ qidalandırıcı gübrələr və dərmanlar çox bahadır. İldən-ilə bahalıq fərqi çox hiss olunur.

Onun hesablamasına görə, üç aya 8-9 min xərci çıxa bilər. Əgər məhsulu sata bilməsə, borc içində qalacaq:

Sellofan üst örtüyünün kiloqramını ötən il nəğd alırdıq: 2.70 – 2.80 manata. Bu il isə 3.90 və 4 manatdır. Ümumilikdə 300-400 kiloqram sellofan örtük alırıq. Kiloqramını 3 manata aldığımız gübrələri indi 5 manata alırıq. 50 kq-lıq gübrə 80-100 manatdır. Kiloqramı 2-3 manat olan gübrəni indi 4.50 qəpiyə – 5 manata alırıq. “Amafos”, “Urajay”, “Karbamid”, yəni qidalandırıcılar ötən illərdə 16-20 manata idi, indi 50-60 manata olub. Çox bahadır, sərf etmir. Şitilin birini də 35 qəpiyə almışam. Məhsul çıxana qədər şitilin biri məndən 1 manatdan çox xərc tələb edəcək. Fəhlə işlədəndə də kömək üçün gün ərzində 50-60 manat pul lazımdır. Çoxunu borc, bankdan kredit götürüb edirik. Qiymətə getməsə, məhsul batar, borc içində qalarıq. Varlılar, məmurlar da əkini artırıb, kəndlinin məhsulu sıxışdırılır”.

Subsidiya imkanlarından da yararlanmaq olmur”

Yaz əkininə yanvardan etibarən başlayan kəndlilər maya qədər əkini yekunlaşdıracaq. Üç ay ərzində həm xərc, həm də zəhmət çəkirlər.

Kəndlilər deyir ki, nə subsidiya imkanından yararlanmaq var, nə də kəndliyə dövlət dəstəyi.

Səyavuş Əhmədov deyir ki, çox əkin, bir o qədər də xərc deməkdir:

“Şitilləri əvvəl 18-20 qəpiyə alardıq, indi 28-36 qəpiyə. Odun, yanacaq, şitil, xüsusi qulluq, toxum pul tələb edir. Mən Bakıda 4 min tək şitilə 1500 manat pul ödəyib aldım. 1200 manat sellofan örtüyünə, 1800 manat üç maşın odununa verdim. Tək dərmana verdiyim ödəniş 400 manatı keçib. Maya qədər 7-8 min xərc tutacaq. Gərək çox baha getsin ki, ordan üç qat gəlir götürüb borcunu da, əziyyətini də ödəyəsən. Üstəlik, az da olsa, qazanc qalmalıdır. Əziyyətinə dəymir, çox ağır əməkdir. İstidə sellofanın altında işləmək var. Bankdan da pul götürürük. İki ildir ki, yerimə gübrə verə bilmirəm, çox bahadır. Əvvəl kisəsini 20-25 manata alırdıq, indi 80 manatdır. Odunun maşını 600 manatdır”.

Kəndlilər və fermerlər ötən il bazardakı qiyməti bu il də gözləyirlər. Onların sözlərinə görə, hazırda pomidorun daxili bazarda 5-6 manat olması bu ümidi daha da artırır. Ancaq ekspertlər belə hesab etmirlər.

Rusiya bazarına çıxış imkanları məhdudlaşır”

İqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, bazar iqtisadiyyatının təməl qanunu və ixracatdakı problemlər gözləntilərin əksini yarada bilər:

Bazar iqtisadiyyatının qanunlarına görə mal və məhsul bolluğu olacaqsa, qiymətlərə təsir göstərəcək. Sadəcə, hələ ki Azərbaycan bazarının daxilinə baxanda görürük ki, qiymətlərdə ötən ilə müqayisədə artım var, azalma yoxdur. Ancaq pomidor ixracatında problemlər var. Pomidor ixracatı qeyri-neft sektorunda – kənd təsərrüfatında əsas rol oynayır. Son iki ilin ilk iki ayına baxanda pomidor əvvəlki mövqelərini itirir. Bu da o deməkdir ki, ənənəvi bazarlara, yəni Rusiya bazarına çıxış imkanları məhdudlaşır”.

“Müharibə davam etdikcə müəyyən problemlər yaşanacaq”

Ekspert ölkənin kənd təsərrüfatı məhsullarının, xüsusilə pomidor ixracatının 80%-nin Rusiya bazarına çıxarılmasını ciddi problem kimi qiymətləndirir:

“Bank sektoru ilə bağlı problemlər var. Bundan başqa, Rusiya bazarına girişinin müəyyən problemlərlə məhdudlaşdırılması mövcuddur. Rusiyanın öz siyasəti də var, sərhəd-keçid məntəqələrində bir çox ölkələrdən, o cümlədən Azərbaycandan gələn məhsullara müəyyən problemlər yaradır. Digər problem odur ki, ənənəvi olaraq Rusiya bazarında rəqabəti Türkiyə ilə aparırıq. Türkiyə isə Rusiya bazarına məhsul ixracını xeyli artırıb. Ona görə bu məsələləri nəzərə alsaq, problemlərin olduğunu görərik”.

Natiq CəfərliNatiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Azərbaycanın kənd təsərrüfatı, xüsusilə pomidor ixracatında müharibə davam etdikcə müəyyən problemlər yaşanacaq. Ən azından Ukrayna bazarı əldən çıxıb. Demək olar ki, kənd təsərrüfatı ixracatında Ukrayna ilk beşlikdə yer alırdı. Hələ ki Rusiya bazarında qeyri-sabitlik var. Problemlər qala bilər. Bizim ən böyük problemimiz kənd təsərrüfatı ixracatının, o cümlədən pomidorun 80% civarında Rusiya bazarına çıxarılmasıdır. Bu asılılıq isə ciddi fəsadlar və problemlər yaradır”, – deyə ekspert Meydan TV-yə bildirib.

Ötən il ölkədə 3154 istixanada yetişdirilən pomidorun həcmi 369,337 min ton təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 7,6% çoxdur.

Göyçayda isə 225 hektar istilikxana təsərrüfatından ümumi 22 min ton pomidor məhsulu toplanılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button