2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gözəl Bayramlı: Zakir Qaralov neft pullarının talanmasına nəzarət etsin

”Ölkədən milyardlarla pul çıxarılıb, ofşorlara yerləşdirilib, bunu araşdırsınlar”

“Hələ 2016-cı ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılarkən həbslə hədələnmişdim. İstintaq idarəsinin rəisi Canpolad Danov, idarənin Teymur adlı rəis müavini məni dövlət əleyhinə çıxışlarda ittiham edərək, xəbərdarlıq eləmişdi. Mən də onlara cavab vermişdim ki, mənim çıxışlarım dövlət əleyhinə deyil, qanunları saymayan hakimiyyətin tənqididir”.

Bu sözləri yanvarın 4-də Qazax Rayon Məhkəməsində keçirilən proses zamanı AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Təhdid zəngləri araşdırılmadı

Hakim Ağarıza Səmədovun sədrliyi ilə keçirilən iclasda Gözəl Bayramlı ifadə verib. O, həbsini sifarişli adlandırıb:

“Mənə siyasi məhbusları, xüsusən dindar məhbusları müdafiə etdiyimə görə xəbərdarlıq olunmuşdu. Həmin gün həbslə hədələnmişdim. Daha sonra təhdid xarakterli zənglər gəlmişdi. Zənglərin kim tərəfindən edilməsi ilə bağlı araşdırmalar da nəticə verməmişdi. Hüquq-mühafizə orqanları bunu müəyyənləşdirmək istəmədi”.

Məndən qisas alırlar

Gözəl Bayramlı parlament seçkilərində namizədliyini irəli sürməsindən də danışıb:

“Mən 2010-cu ilə qayıtmaq istəyirəm. 2010-cu ilin parlament seçkilərində 19 saylı Nərimanov Seçki Dairəsindən namizəd olmuşam. YAP-ın icra katibi Əli Əhmədov da həmin vaxt o dairədən namizəd olmaqla, rəqibim idi. Həmin seçki kampaniyasındakı debatlarda konkret arqumentlərlə Əli Əhmədovun yalanlarını alt-üst eləmişdim. Hətta o vaxt seçicilər onunla görüşdən imtina etmişdi. Bundan sonra mənə qarşı qisasçılıq mövqeyi gücləndi. 2011-ci ilin aprel mitinqləri zamanı saxlanılıb, inzibati həbs cəzası almışam. Daha sonra mitinqlərdə qolumdan xəsarət almışam. Hətta iştirak eləmədiyim mitinqə görə 2 min manat cərimələnmişəm. Avropa Məhkəməsinə bütün bunlarla bağlı üç şikayət göndərilib və həmin şikayətlər üzrə qərar çıxarılıb. Avropa Məhkəməsi 30 mindən artıq kompensasiya verilməsi haqda qərar çıxarıb. Mənim həbsim həm də buna görə məndən qisas almaq məqsədi güdür”.

Gürcüstanda bizi güdürdülər

İşin mahiyyətinə gəlincə, 2017-ci il mayın 13-də prezidentin köməkçisi Əli Həsənovun mirzəsi mətbuatda belə iddia irəli sürmüşdü ki, guya Gözəl Bayramlı, Əfqan Muxtarlı və digərləri Gürcüstanda beynəlxalq təşkilatlarla görüşür, onlardan müxalifətin maliyyələşdirilməsi üçün pullar alıb gətirir. Bundan sonra mən mayın 24-də müayinə üçün növbəti dəfə Gürcüstana getdim. Bundan əvvəl dörd dəfə Gürcüstanda əməliyyat olunmuşam. 2014-cü ilin oktyabrından bəri dəfələrlə Gürcüstanda olmuşam. Artrid, çənə artriozu xəstəliyindən əziyyət çəkirəm. Yanvarda gedəndə demişdilər ki, martda gəlməlisən. İmkansızlıq üzündən bir qədər yubatdım. Dostlardan bəzilərinin işi üzrə Avropa Məhkəməsinin qərarı çıxdı, ödənilən kompensasiyadan onlardan borc alıb getdim. Həmin gün Gürcüstanda olanda orada izlənildiyimi hiss elədim. Biz məcburən xəstəxananın otelində qalası olduq. Orada qonşu otaqdakı gənclərin bizi izlədiyinin şahidi oldum. Onların bundan əvvəl də bizi izlədiklərini görmüşdüm, yadda saxlamışdım. Orada da dedim ki, kameralardan bu adamların görüntülərini çıxarın, bizi izləyirlər. Sonra biz Almaz xanımla mağazaya getdik. Saat 4-ə qədər resept üzrə dərmanları aldıq, daha sonra ayaqqabı mağazasına getdik. Orada hərəsinə biri də əlavə olmaqla, iki cüt ayaqqabı aldıq. Qayıdanda da pasport yoxlama məntəqəsinə Almaz xanımla birlikdə daxil olduq”.

Çantamın üzərinə nəsə atdılar

AXCP sədrinin müavinin sözlərinə görə, gömrük-keçid məntəqəsinə çatanda onlara sistemin işləmədiyini deyiblər:

“Mən də yarızarafat dedim ki, sisteminiz çöküb. Bir az keçəndən sonra dedilər ki, yaxınlaşa bilərsiz. Mən yaxınlaşanda dedilər ki, sənin pasportunda problem var, rəisin otağına getməliyik. Bizi dar dəhlizlə aparanda orada tikintidə istifadə üçün taxtalardan düzəldilmiş maneə vardı. Gördüm çox çirklidir oralar, dayandım. Qaranlıq yer idi. Həmin anda gördüm ki, “mən sənə kömək eləyim” deyib, çantanın üzərinə nə isə atdı. Bundan sonra məni müşayiət edən Anar Hüseynəliyev dedi ki, gəlin qayıdaq, əşyalarınızı gömrük nəzarətindən keçirməliyik. Mən həmin vaxt dərhal Əli Kərimliyə zəng edib, çantama nə isə atıldığını dedim. Bu zaman onlar mənə mane olmaq istəyirdilər. Buna baxmayaraq, sözümü deyə bildim. Bundan sonra Alidə Əzizova əşyalarımı monitora qoyub, hamının yanında pulları açdı. Dedi ki, burada 12 min dollar var. Ona dedim ki, saymamış qədərini haradan bildin? Oradan bir otağa apardılar, Sərhəd Xidmətinin təhqiqatçısına zəng elədilər. O, iki saat sonra gəlib çıxdı. Məlum oldu ki, təhqiqatçı kompüterlə yaza bilmir. Bir saatdan sonra Şəmkirdən onun kompüterini gətirdilər. Bundan sonra məndən ifadə almağa başladılar. Tələbim o oldu ki, evlə əlaqə saxlamağıma şərait yaradılsın, vəkillə təmin olunum. Artıq gec olduğuna görə qardaşıma zəng edə bilməzdim, çünki xəstədir. Ona görə AXCP Qadınlar Şurasının sədri Solmaz xanıma zəng elədim, hadisə haqda məlumat verdim. 10-15 dəqiqə keçəndən sonra DSX-nın müstəntiqi Mübariz Məmmədovdan zəng gəldi. Anar Hüseynəliyevi hədələdi. O müddətdə gördüm ki, çayçı qadın, Alidə Əzizova, Almaz Rəhimova oradadır. Hal şahidi görməmişəm. Səhər 6-dan sonra Allahverdi Məmmədovun maşını ilə Şəmkir dayaq dəstəsinə, oradan da Bakıya gətirilərək, məhkəməyə çıxarıldım, həbs-qətimkan tədbiri seçildi”.

Bu, xüsusi əməliyyat idi

Gözəl Bayramlı daha sonra deyib:

“Bu, DSX-nın xüsusi əməliyyatı idi. Bu əməliyyatda DSX ilə yanaşı DTX və Əks Kəşfiyyat Xidmətinin əməkdaşları da iştirak edib.

Bu əməliyyatda iştirak edən gömrük və sərhəd xidməti işçilərinin üçü də naxçıvanlıdır. Mən ayrı-seçkilik eləmək istəmirəm, naxçıvanlılara da hörmətim var. Məndə olan məlumata görə, onların üçü də Elçin Quliyevin yaxınlarıdır. Gömrük əməkdaşı Həsən Mahmudov, Anar Hüseynəliyev və Elmar Yusifov. Hər üçü eyni növbəyə qəbul olunub və məni gözləyiblər. Bir neçə nəfər mükafatlandırılıb. Hüseynəliyev daha yüksək vəzifəyə keçirilib, Həsən Mahmudov da. İlkin istintaqı aparmış Mübariz Məmmədov istintaq idarəsinə rəis təyin olunub”.

Bu işə Rüstəm Usubov nəzarət edib

Gözəl Bayramlı deyib ki, indiyə kimi heç bir vəsatəti istintaq və məhkəmə tərəfindən təmin edilməyib:

“İlk vəsatətimiz bu oldu ki, pullar üzərindəki əl-barmaq izləri ilə bağlı ekspertiza, hadisə günü gömrük-nəzarət məntəqəsindəki videokameraların yaddaşındakı görüntülərə baxış keçirilsin. Amma bu vəsatətlərin heç biri təmin olunmadı. Xeyli keçəndən sonra dedilər ki, bir aydan çox qalmır o görüntülər.

Həbsimin sifarişli olmasının sübutlarından biri odur ki, bu işə Rüstəm Usubov nəzarət edib. Zakir Qaralov da daim nəzarətdə saxlayıb. Qaralov bu işlərə nəzarət edincə, 150 milyarddan artıq neft pullarının talanmasına nəzarət eləsin. Ölkədən milyardlarla pul çıxarılıb, ofşorlara yerləşdirilib, bunu araşdırsın”.

Əli Kərimlini də həbs etsəniz, bu işləri davam etdirəcək adamlar tapılacaq

“Məni siyasi fəaliyyətimə görə cəzalandırıblar. Amma buna görə mübarizəmdən geri çəkilməyəcəm. Dövlət başçısından şəxsən razılıq alınıb. İş materialları ilə tanış olanda baxıram ki, hansı sənədlər toplanıb. Evimin, maşınımın, banklarda hesabımın olub-olmaması ilə bağlı sorğu aparılıb. “Yox” cavabı gəlib. Eləcə də dövlətçilik əleyhinə çıxışlarım haqda heç nə tapa bilməyiblər.

İstintaq təcridxanasında olarkən DSX-nın rəis müavini Azər İbrahimov üç dəfə yanıma gəlib. Mənə müəyyən işgəncələr verilməsi haqda göstərişlər verib, təzyiqlər edilib. Məndən soruşdular ki, həbsindən sonra işlərini kim davam etdirəcək. Dedim ki, məni də, hətta Əli Kərimlini də həbs etsəniz, bu işləri davam etdirəcək adamlar tapılacaq. Bunun nümunəsi kimi həbsimdən sonra AXCP-nin daha güclü aksiyalar keçirməsini göstərdim.

Xalq bu hakimiyyəti dəstəkləmir. Bütün zərbələrə baxmayaraq, AXCP-ni məğlub edə bilməyəcəklər. Canımız fəda olsun bu millətə!”- Gözəl Bayramlı fikrini yekunlaşdırıb.

Proses yanvarın 10-da davam edəcək.

Xatırlatma…

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button