2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Gözəl Bayramlıya 3 il həbs cəzası verilib

XCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı üç il azadlıqdan məhrum edildi. Yanvarın 23-də Qazax Rayon Məhkəməsində hakim Ağarza Səmədov belə hökm çıxarıb.

Hökmdə G.Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dolların isə müsadirə olunaraq, dövlət nəfinə keçirilməsinə qərar verilib.

G.Bayramlının vəkili Elçin Sadıqov hökmün qanunsuz və əsassız olduğunu bildirib. Vəkil AzadlıqRadiosu-na deyib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmdən öncə prokuror, vəkil çıxış edib, G.Bayramlı son sözünü deyib.

“PULUN YARISINI ONA VERƏ BİLƏRDİ”

Prokuror çıxışında bildirib ki, G.Bayramlı Gürcüstandan qayıdarkən çantadakı ayaqqabıların arasında 12 min dolları gizlədib və o pulu gömrüyə bəyan eləmədən keçirmək istəyib. G.Bayramlının ittihamı qəbul etməməsini özünümüdafiə kimi qiymətləndirən prokuror çıxışının sonunda onun 4 il azadlıqdan məhrum edilməsini, 12 min dolların isə müsadirə olunmasını istəyib.

G.Bayramlının vəkili Elçin Sadıqov isə prokurorun çıxışının əsassız olduğunu söyləyib. Vəkil yada salıb ki, hüquqlarını müdafiə etdiyi şəxs siyasi fəaliyyətinə görə bundan öncə də dəfələrlə təqiblərə məruz qalıb, dövlət orqanlarına bu haqda məktublar yazıb. G.Bayramlının həbsindən az öncə hökumətyönlü mediada onun haqqında yazılan məqalələri xatırladan müdafiəçi deyir ki, o yazılardan sonra G.Bayramlının Gürcüstandan pul gətirməsi ağlabatan deyil: “Üstəlik, Gözəl Bayramlı Almaz Rəhimova ilə birlikdə gedib gəlib. 12 min dollar olsaydı, yarısını ona verərdi, ikisi keçirərdilər, heç bir problem də olmazdı. Deməli, ümumiyyətlə, Gözəl xanımda o pul olmayıb. Özünün də dediyi kimi, 12 min dolları onun çantasına sərhəd-nəzarət məntəqəsindən keçəndə atıblar”.

Vəkilin sözlərinə görə, cinayət işinin materiallarında DTX-nın məktubundan çıxarış var. O da sübut edir ki, G.Bayramlı istər ölkə ərazisində, istərsə də Gürcüstanda olarkən izlənilib:

“Eyni zamanda, o məktublarda da təsdiqlənir ki, Gözəl Bayramlı Gürcüstanda müayinə və müalicə olunub, üzərində cərrahiyyə əməliyyatı aparılıb”.

“MƏN NƏ GÖZLƏYƏCƏM?”

G.Bayramlının şərləndiyini sübut edən kamera görüntülərinin gizlədildiyini, şahidlərin məhkəmədə bir-birinə zidd ifadələr verdiyini deyən vəkil hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Ardından məhkəmədə son sözünü deyən G.Bayramlı siyasi fəaliyyətinə, hakimiyyəti tənqid edən çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirib. Hakim dəfələrlə onun son sözünü dəyişib, siyasi çıxışlar etməməyi, ittihamın mahiyyəti üzrə danışmağı tələb etsə də, G.Bayramlı deyib ki, həbsi siyasi xarakterlidirsə, başqa cür çıxış edə bilməz:
“Bu gün zaldakı hər kəs məhkəmə-hüquq sistemi adına qara ləkə olan, siyasi sifariş yerinə yetirən bir prosesə şahidlik edir. Məni ittiham eləyən tərəf xirtdəyə qədər korrupsiyanın, rüşvətin içində olan kriminal bir rejimdir. İttiham olunan isə bu avtoritar rejimin cinayətkar mahiyyətini qorxmadan ifşa edən, əməllərini üzünə deyən, daim bu haqda yazan, insanları məlumatlandıran daha bir siyasi fəal, daha bir mübarizə insanıdır. Heç nə dəyişməyib. Prokurordan bundan artıq çıxış gözləmirdim. Bir ölkədə ki, hüquq-məhkəmə sistemi kriminal hakimiyyətin əlində cəza aparatına çevrilib, mən nə gözləyəcəm?”

“70 İLLİK İMPERİYADAN AZAD OLAN AZƏRBAYCAN XALQI…”

Törətmədiyi əməldə günahlandırıldığını deyən G.Bayramlı ittihamda yazılanları “böhtan” adlandırıb:

“Gürcüstanda izləndiyimi bildiyim halda, Eynulla Fətullayevin mənim haqqımda yazdıqlarından sonra mən hansı məntiqlə Azərbaycana pul gətirərdim? Bu absurda heç olmasa, özləri özlərini inandıra bilirlərmi? Mən Gürcüstana 2014-cü ilin oktyabrından dəfələrlə müalicə məqsədi ilə getmişəm. Azərbaycan səhiyyəsinin durumunu hamı bilir. Bir ölkədə ki, dövlət başçısı, nazirlər müayinə və müalicə üçün xaricə gedirlər, orada səhiyyənin durumundan danışmağa dəyməz. Sonuncu səfərim mayın 24-də olub, iki gün klinikada müayinələrdən keçib qayıdanda “İkinci Şıxlı” sərhəd-nəzarət məntəqəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qohumları əvvəlcədən verilən sifarişi icra edərək, ayaqqabılarım olan sellofan torbaya həmin pulu atıb məni şərləyiblər. Prokuror deyir ki, guya, özümü müdafiə məqsədilə ittihamı inkar etmişəm, pulun atıldığını demişəm. Mənim özümü müdafiə eləməyimə ehtiyac yoxdur. Azərbaycan xalqı məni də tanıyır, 48 milyardı ölkədən çıxarıb ofşor zonalara daşıyan dövlət başçısını da… Həmçinin 95 milyardı ölkədən oğurlayan digər məmurları da…”

Daha sonra çıxışında insanların təhsilsizlikdən əziyyət çəkməsi, intiharların artmasından danışan G.Bayramlı hakimin də həqiqətin üzə çıxmasında maraqlı olmadığını, məhkəmədə müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmadığını söyləyib.

“70 illik imperiyadan azad olan Azərbaycan xalqı əminəm ki, korrupsioner Əliyev rejimindən də xilas ola bilər. Bu gün azadlıqların önündə ən böyük sədd Əliyevlər hakimiyyətidir. Azərbaycan xalqı necə ki, 88-ci ildə qalib gəldi, Əliyev rejiminə də qalib gələcək…”, – G.Bayramlının çıxışının bu yerində hakim məhkəmə zalını tərk edərək, hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button