ÖLKƏ

Gültəkin Hacıbəyliyə qarşı əxlaqsız kampaniya bitmir

Bütün vicdanlı insanların və müstəqil media təmsilçilərinin diqqətinə!

Artıq üç aydır ki, Azərbaycan hakimiyyəti mənə qarşı bütün mənəvi sədləri aşmaqla, bütün əxlaq normalarını tapdamaqla çirkli və iyrənc mənəvi terror kampaniyası aparır. Mənim telefon nömrələrim, hətta üç il öncə vəfat etmiş atamın telefon nömrəsi müxtəlif adlarla (Nailə, Nigar, Sabina və s.) əxlaqsız xidmətlər təklif edən internet saytlarına, saxta İnstaqram hesablarına yerləşdirilib və üç ay müddətində hər gün mənə onlarla zəng edilir və mesaj göndərilir. Bu əxlaqsız əməlin bir adı var- dövlət səviyyəsində həyata keçirilən mənəvi terror! Üç ay ərzində bu əxlaqsızlığı durdurmaq üçün dəfələrlə Daxili İşlər Nazirliyini 102 Xidmətinə şikayət etmişəm, Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət etmişəm, izahat yazmışam. Bir neçə dəfə aldığım rəsmi cavab bundan ibarət olub ki, sizin telefon nömrələrinizin həmin saytlara kimlər tərəfindən yerləşdirilməsini müəyyən etmək texniki imkanlarımız xaricindədir. Sosial şəbəkələrdə tənqidi rəy yazan istənilən vətəndaşı bir neçə saat ərzində müəyyənləşdirib cəzalandıran, inzabati qaydada həbs edən, bəzənsə cinayət məsuliyyətinə cəlb edən hüquq mühafizə orqanları üç ay ərzində mənim mobil telefon nömrələrimi onlarla internet resursuna yerləşdirən cinayətkarın şəxsiyyətini müəyyən edib cinayət məsuliyyətinə cəlb etmirsə, demək, bu mənəvi terrorun arxasında həmin hüquq mühafizə orqanları özləri dayanır və siyasi müxaliflərə qarşı birbaşa dövlət terroru həyata keçirirlər. Bununla yanaşı, dəfələrlə fb səhifəm və özəl məlumatlarım xüsusi xidmət orqanları tərəfindən oğurlanıb, fb-da adıma saxta səhifələr açılsa da bununla bağlı rəsmi orqanlara ünvanladığım şikayətlərim də cavabsız qalıb. Xüsusi xidmət orqanları yanvar ayının 21-də adıma yeni bir səhifə açıb oradan mənə qarşı mənəvi terroru davam etdirir, öz ailə əxlaqlarına uyğun pullu paylaşımlar edirlər.
Bu Milli Şuranın rəhbərliyində təmsil olunduğum, iqtidarın bütün çirkli əməllərini üzünə dediyim və illərlə aparılan ağır təzyiq və təqib kampaniyalarına baxmayaraq mövqeyimdən geri çəkilmədiyim üçün mənə qarşı dövlət səviyyəsində həyata keçirilən və bütün qırmızı xətləri keçən mənəvi terror kampaniyasıdır. On ildir ki, mən ağlasığmaz təzyiq altında yaşayıram. 2011-ci ildə, Ziyalılar Forumuna qoşulduğum zaman ilk kütləvi qarayaxma kampaniyası ilə üzləşdim. Ailə üzvlərim işdən çıxarıldı. 2013-cü ildə təzyiqlər nəticəsində dərs dediyim Qafqaz Universitetindən uzaqlaşmaq məcburiyyətində qaldım. 2013-cü ildə mənə qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa tapşırığı ilə Baş Prokuror Zakir Qaralov tərəfindən bu gün də davam edən və daha da sərtləşən təqib kampaniyasına start verildi. Barəmdə bütün hakimiyyət mediasının ölkə boyu yayımladığı mətbuat konfransı keçirildi, ardından məhkəmə 9 yaşlı oğlumun məndən alınması haqqında qətnamə çıxardı. Daha sonra iki il müddətində məhkəmə tərfindən xüsusi ittiham qaydasında təqib olundum. Məhkəmədə üzümə duran insan alverçisi Aynur Mehdiyeva 9 il 6 aylıq həbsdən şərti cəza ilə xilas oldu, vaxtilə prokuroluqdan qovulmuş fərari isə müstəntiq vəzifəsinə təyin edildi. Mənzilimin üzərinə həbs qoyulub, avtomobilim məhkəmə qərarı olmadan əlimdən alınıb, oğlumun təhsil məqsədilə ölkədən çıxışına yasaq qoyulub. 16.09.2019-cu il tarixində Nəsimi Rayon Məhkəməsi heç bir hüquqi əsas olmadan məhkəmədə mənim üzümə duran insan alverçisinin anasına 2003-cü ildə (!) öz mənzilimi öz şəxsi vəsaitimə (15 min dollara) təmir etdirdiyimə görə (!) 85 min manat pul ödəməli olduğum haqqında qətnamə çıxardı. Bu iddia ərizəsi məhkəməyə insan alverçisi Aynur Mehdiyeva DİN tərəfindən saxlanılan gün (10.06.2013) onun anası tərəfindən təqdim edilmişdi.
Ötən ilin okytabr ayında mənim xarici ölkə diplomatları ilə şəxsi söhbətlərim mətbut vasitəsilə bütün ölkəyə yayılıb və məlum olub ki, mən bütün gün ərizndə izlənilirəm, bütün telefon danışıqlarım və digər kommunikasiyam dinlənilir və izlənilir. Həmin rüsvayçı hadisə ilə bağlı Baş Prokurorluq, DİN, DTX və məhkəmələrə ünvanladığım çoxsaylı müraciətlər cavabsız qaldı, bütün epizodlar üzrə “cinayət tərkibi olmadığı üçün” cinayət işi başlanılmasından imtina edildi.
YAP hakimiyyətinin mənəvi siması onun bir Azərbaycan qadınına, anasına, ziyalısına qarşı həyata keçirdiyi belə ləyaqətsiz və əxlaqsız hərəkətlərlə səciyyələnir. Görünür kişi kimi mübarizədən danışmağı sevənərin kişilik haqqında təsəvvürləri məhz bu qədər deformasiyaya uğrayıb. Azərbaycan mənəviyyatını guya Avropadan qoruyanlar bununla Azərbycan əxlaqından və mənəviyyatından nə qədər uzaq olduqlarını, bu dəyərlərə tüpürdüklərini ortaya qoydular. Bu tərbiyəsizlik həm də onu edənlərin acizliyinin və aşağılığının etirafıdır. Təpədən dırnağa korrupsiya və əxlaqsızlıq içində batanların siyasi müxalifətə qarşı yeganə silahı fiziki və mənəvi işgəncə, terror, böhtan və qarayaxmadırsa, demək, onlar hər mənada iflas ediblər, acizdirlər və acı sonları çox yaxındadır.

Gültəkin Hacıbəyli

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close