Gürcüstanda istintaq təcridxanasında aclıq edən Əfqan Sadıqovun vəziyyəti pisləşib
Azərbaycanın “Azel” TV saytının təsisçisi Əfqan Sadıqov 12 gündür Gürcüstanda istintaq təcridxanasında aclıq edir. O, Azərbaycana ekstradisiya prosesinin dayandırılmasını və əsassız cinayət təqibinə xitan verilməsini tələb edir.
“Bu gün vəkil Rusudan Mçedlişvili istintaq təcridxanasında Əfqan ilə görüşüb. O çox solğun görünüb. Vəkil Əfqanı təcili xəstəxanaya yerləşdirilməsinin vacibliyini qeyd edib”, – jurnalistin xanımı Sevinc Sadıqova Turan-a bildirib.
Oktyabrın 1-də Sadıqova həyat yoldaşı ilə telefonla danışıb. O bildirib ki, çox zəifləyib, ona heç bir tibbi yardım göstərilmir. “Ancaq gündə iki dəfə təzyiqini ölçürlər”, – Sadıqova deyib.
Öz növbəsində vəkil Mçedlişvili Turan-a bildirib ki, oktyabrın 2-də istintaq təcridxanasında Sadıqovla görüşüb. “Əfqan Sadıqov sentyabrın 21-dən aclıq edir. Bu gün gördüm ki, pis vəziyyətdədir, normal yeriyə bilmir. Onun konsentrasiyası pozulub və çox arıqlayıb”, – vəkil deyib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi Sadıqovun penitensiar müəssisənin tibb mərkəzinə köçürülməsini xahiş edəcək. “Ümid edirəm ki, bunu edəcəklər. Çünki Əfqan Sadıqovun vəziyyəti yaxşı deyil, onun tibbi nəzarətə və yardıma ehtiyacı var”, – vəkil deyib.
Bundan əlavə, müdafiə tərəfi Sadıqova Gürcüstanda siyasi sığınacaq verməkdən imtina edilməsi barədə qərardan şikayət edəcək.
*Əfqan Sadıqov təqib olunmaqdan ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gedib. İyulun ortalarında onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və bildiriblər ki, ancaq Azərbaycana gedə bilər.
Avqustda Sadıqov Azərbaycandan ekstradisiya tələbilə həbs edilib. Bakıda təhdid yoluyla tələb etməkdə ittiham olunur.
Sadıqov ittihamları rədd edir. O, iki dəfə Azərbaycanda mühakimə olunub. Hüquq-müdafiə təşkilatları hər dəfə onu siyasi məhbus kimi tanıyıblar. Həbs olunmasına və sığınacaq verməkdən imtina edilməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.