Loading...
Loading...
SEÇMƏ

Həbsdə olan partiya sədri aclıq aksiyasına başlayıb

Əli Əliyev məhkəməsinin qapalı keçirilməsinə etiraz edir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başlayıb. Buna səbəb isə onun məhkəməsinin qapalı keçirilməsidir. Söhbət Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesindən gedir.

Ramiz Göyüşov Əli Əliyevin onu təhqir etdiyini bildirir və onun cəzalandırılmasını tələb edir.

İyunun 7-də Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Əli Əliyevin vəkilləri hakimə yazılı şəkildə etiraz verib. Vəkillər bildirib ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə, Ali Məhkəmənin Plenum qərarına uyğun deyil. Xüsusi ittihamçı Əli Əliyevin onu konkret necə təhqir etdiyini, həmin çıxışın nə vaxt yayımlandığını göstərməyib. Buna baxmayaraq, hakim bu iddia ərizəsini icraata götürüb.

Etiraz baxılmamış saxlanılıb.

Ramiz Göyüşov isə məhkəmənin qapalı keçirilməsini istəyib. O bildirib ki, bu prosesdə onun şəxsi həyatına aid məsələlər müzakirə olunacaq.

Hakim bu vəsatəti təmin edib. Bu da Əli Əliyevin narazılığına səbəb olub. O, etiraz olaraq, iyunun 7-dən aclığa başladığını bəyan edib:

“Yasamal Rayon Məhkəməsi mənə qarşı qərəzini davam etdirir. Bundan əvvəl absurda imza atdılar, bir əmələ görə iki dəfə hökm çıxardılar. Mənim siyasi fəaliyyətimə görə təzyiqlər bitib-tükənmək bilmir. Hər cür absurda əl atırlar. Axırda o həddə çatdılar ki, Göyüşov kimisinin vasitəsilə mənim həbs müddətimi uzatmağa məcbur oldular”.

Əli Əliyevin vəkilləri vurğulayıb ki, Ramiz Göyüşov təhqirin konkret nədə ifadə olunduğunu əsaslandırmayıb. Ona görə də vəkillər VİP sədrinin mübahisəyə səbəb olan internet televiziyasındakı çıxışıyla bağlı linqvistik ekspertiza keçirilməsini, orada səslənən ifadələrin təhqir xarakterli olub-olmamasının müəyyənləşdirilməsini istəyib. Məhkəmə vəkillərin vəsatətini təmin edib.

Ekspertiza ilə əlaqədar məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Ramiz Göyüşov partiya sədrinin “Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini iddia edir. Əli Əliyevin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə cəzalandırılmasını, ona bu maddədə nəzərdə tutulan ən ağır cəzanın verilməsini tələb edir.

Ramiz Göyüşov 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə videosu yayılandan sonra YAP-dan kənarlaşdırılıb.

Əli Əliyev yanvarın 13-dən həbsdədir. O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib. Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Gözdən qaçırmayın:  Bakı-Naxçıvan istiqamətində aviabiletlərin qiyməti bahalaşıb

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub. Əli Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır:

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button