Loading...
Loading...
SEÇMƏ

Həbsdə olan partiya sədri haqqında yenidən cinayət işi başlandı, ittiham irəli sürüldü

Yayımlandı: 19 Sentyabr 2022 17:13

Əli Əliyev əfv yazmadığı üçün şərləndiyini deyir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirməkdə ittiham olunur.

Vətəndaş və İnkişaf Partiyası Əli Əliyevə qarşı bu ittihamın əsassız olduğunu bəyan edib. İddia olunur ki, partiya sədri əfv diləmək, peşmanlığını dilə gətirmək haqda qarşısına qoyulan şərtlə razılaşmadığına görə onun haqqında yenidən saxta cinayət işi başlanıb: “Təəssüf edirik ki, Əli Əliyevi “sındırmaq” üçün bu cür yollardan istifadə etməyi özlərinə rəva görürlər. Bu cinayət işinin məqsədi Əli Əliyevi həbsdə saxlama müddətini uzatmaqdan başqa bir şey deyil. 8 ayın içində Əli Əliyev haqqında dördüncü dəfə cinayət işi başlanır. İlk üç dəfədə alınmayanda dördüncüyə əl atdılar. Əvvəl cinayət işi başlayıb, Əli Əliyevi şahid kimi dindirdilər. Məqsəd o o idi ki, Əli Əliyevə vaxt verilsin, düşünsün, şərti qəbul eləsin. O da onların şərtlərilə razılaşmadı, ona görə təqsirləndirilən şəxs kimi cəlb eləyib, ittiham irəli sürdülər”.

Əli Əliyev deyib ki, xəsarət yetirdiyi iddia olunan şəxs 6 aydan çoxdur onunla eyni kamerada qalır, hətta onun çörəyindən yeyir.

“Həmin şəxsi harasa aparıblar, öyrədiblər, kameraya qayıdanda özünü döyməyə başlayıb, yerə yıxılıb, deyib ki, işimi artırmaq istəyirlər. Sonra başlayıb təcridxana rəisinə məktub yazıb ki, guya Əli Əliyev hücum edib, boğazından tutub, qatıq bankasıyla başından vurub. Hər kəs bilir ki, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına şüşə qab qoymurlar. Qatıq bankası haradan ortaya çıxdı?”, – partiyadan bildirilib.

Sözügedən cinayət işi üzrə istintaq Sabunçu Rayon Polis İdarəsində aparılır.

2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Gözdən qaçırmayın:  “Yəqin ki, Rusiya Paşinyanı devirəcək…”

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – Əli Əliyev bildirib.

Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Bu dəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə intim videosu yayılandan sonra o, YAP-dan kənarlaşdırılıb.

Ramiz Göyüşov iddia ərizəsində partiya sədrinin “Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini iddia edib. O, xüsusən VİP sədrinin onun haqqında işlətdiyi “mastrubant” ifadəsini özünə təhqir hesab edir.

Əli Əliyev son sözündə deyib ki, bu ifadə tibbi termindir, təhqir sayıla bilməz.

Buna baxmayaraq, məhkəmə VİP sədrini təqsirli bilib və həbsdə saxlanma müddəti 2023-cü ilin yanvarına qədər uzadılıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button