Loading...
Loading...
Gündəm

Həbsdəki icra başçılarından daha birinin mühakiməsi başlayır

Mahir Quliyevin məhkəməsi Lənkəranda keçiriləcək

14 il icra başçısı vəzifəsində işləmiş və 2020-ci ilin aprelində Biləsuvarda bu vəzifədə olarkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Mahir Quliyev növbəti həftə məhkəmə qarşısına çıxarılır.

1 il 4 aydır DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq icra başçısının mühakiməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılacaq. 

Onun haqqındakı cinayət işinə İlkin Abdullayevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin olunub.

1958-ci il təvəllüdlü Mahir Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədər isə Biləsuvar rayonunun icra başçısı olub.

Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində də 16 il icra başçısı olmuş, 2020-ci ilin mayında İmişli rayonunda bu vəzifədə çalışarkən Vilyam Hacıyevin mühakiməsi başlayır. 

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, daha sonra 2006-2012-ci illərdə Samuxun, ardınca 2020-ci il mayın 5-də kabinetində DTX əməkdaşları tərəfindən saxlanılana qədər İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 

2020-ci ilin ilin fevralında Neftçalanın, apreldə Biləsuvarın, mayda isə İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Sabiq icra başçılarının işi üzrə istintaq araşdırmaları DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Onlardan yalnız Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun məhkəməsi yekunlaşıb. 

Avqustun 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə Nizaməddin Quliyev 9 il, onun birinci müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. 

Onlar Cinayət Məcəlləsinin 311.3.1 (əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə təqsirli bilinib.(Meydan TV)

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button