2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?

İlqar İsmayılovun şikayətinə baxılıb

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılov “İdeal Parfumeri” və “İdeal” əmtəə nişanı üzərindəki hüquqlarının pozulduğunu deyir. 

Müəllif Hüquqları və Əqli Mülkiyyət Agentliyinin Ekspertiza Mərkəzinin Apelyasiya Şurasında onun bu məsələ ilə bağlı şikayətinə baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

İş adamının sözlərinə görə, uzun illərdir ona məxsus olan əmtəə nişanı birdən-birə qanunsuz olaraq, AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus “Adore Company” MMC-yə verilib. 

İlqar İsmayılov deyir ki, əmtəə nişanı hələ ona məxsus olduğu dövrdə də ondan qanunsuz olaraq istifadə edilib.

İlqar İsmayılovun “İdeal” əmtəə nişanına hüquqları 2005-ci ildən 3 sinif üzrə – parfümeriya və kosmetik vasitələrinin istehsalı, satışı, reklamı, xidmətlərin göstərilməsi üzrə qeydə alınıb.

“Həmin əmtəə nişanı üzərində hüquqlar şəxsən İlqar İsmayılovun özünə məxsusdur. “İdeal” 2005-ci ildən son dövrlərə qədər – hətta 2017-ci ildə İlqar İsmayılov şirkətdən uzaqlaşdırılandan sonra da qanunsuz olaraq, həmin əmtəə nişanından, yəni İlqar İsmayılova məxsus olan hüquqlardan heç bir qanuni əsas olmadan istifadə edib”, – iş adamı şikayətində göstərib.

Əmtəə nişanlarının müddəti 2019-cu ildə bitdiyinə görə İlqar İsmayılov yenidən nişanların onun adına qeydə alınması üçün müraciət edib. Əvvəlcə ona cavab verilməsə də, sonradan bildirilib ki, eyni əmtəə nişanlarından ötrü “Adore Company” də hüquqlarının qeydə alınması üçün müraciət edib.

İlqar İsmayılovun vəkilləri deyir ki, hüquqda ilkinlik məsələsi var. Məhz buna görə əmtəə nişanlarına hüquq da İlqar İsmayılova verilməliydi: “Ötən dəfə İlqar İsmayılovun nümayəndələrinə deyilmişdi ki, “Adore Company”nin müraciəti araşdırma mərhələsindədir. Fevralın 9-da isə bildirildi ki, guya, hələ 2021-ci ilin mayında “Adore Company”ə həmin əmtəə nişanının hüququ verilib. Həmin ekspertizanın qərarı təqdim edildi. Halbuki, bu ekspertizanın qərarı dünənə qədər heç yox idi”.

İlqar İsmayılov qurumun bu qərarından məhkəməyə müraciət etmək niyyətindədir. O hesab edir ki, hüquqları sözügedən qurum tərəfindən kobud şəkildə pozulub. “Hesab edir ki, açıq-aşkar saxtakarlıq edilib, növbəti dəfə qanunsuzluğa gediblər”, – vəkil bildirib.

İş adamı İlqar İsmayılov 2021-ci ilin aprelindən həbsdədir. 

O, AZAL prezidenti Cahangir Hacıyevin sifarişi ilə həbs olunduğunu deyir.

İttihama əsasən, iş adamı 2013-2016-cı illərdə “İdeal” şirkətində vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. 

Şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. 

“Adore Company”nin rəhbərliyində ötən il dəyişiklik olub. Ötən ilin yanvarında şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button