SEÇMƏ

Həbsdəki keçmiş MTN-çilərin arasında qalmaqal

Digər təqsirləndirilənlər Mövlam Şıxəliyevin fikrini dəstəkləməyiblər

Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, həbsdə olan general Mövlam Şıxəliyev və nazirlikdə onun tabeliyində işləmiş üç polkovnik – Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb. Onların şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə baxılır.

Təqsirləndirilən sabiq MTN-çilərlə yanaşı, zərərçəkmişlər də apelyasiya şikayəti veriblər. Onlardan bəziləri keçmiş MTN-çilərin cəzasının ağırlaşdırılmasını, bir qismi mülki iddialarının təmin olunmasını (onlara dəymiş ziyanın ödənilməsini) tələb edirlər. Hətta general Mövlam Şıxəliyevin ailə üzvləri də apelyasiya şikayəti verib. Çünki müsadirə olunan əmlakların bir qismi onların adınadır.

Dekabrın 5-də məhkəmənin hazırlıq iclasında Mövlam Şıxəliyev və vəkili Ceyhun Yusifov bu işə hakim İlqar Murquzovun sədrliyilə baxılmasına etiraz edib. Onlar bildirib ki, bu hakim özü də vaxtilə Respublika Prokurorluğunda çalışıb. Oğlu Emil Murquzov da hazırda Baş Prokurorluğun Dövlət ittihamını müdafiə idarəsində çalışır. Bu baxımdan hakim bu işdə ittiham tərəfinin marağından çıxış edəcək, obyektiv olmayacaq.

“Siz Baş Prokurorluqda işləmisiniz. Hazırda da oğlunuz Baş Prokurorluğun İttiham İdarəsində işləyir. 2015-ci ildən 2021-ci il aprelin 5-nə – mən həbs olunana qədər mənim işim üzrə istintaqı aparan müstəntiq Mehdi Mirzəyev Bakı Hərbi Məhkəməsinə müraciət göndərib. Həmin müraciətində göstərib ki, öz vicdanının səsi ilə bunu yazır. O bildirir ki, “Mövlam Şıxəliyevin istintaqını 6 il mən aparmışam, onun əməlində cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb”. Həmin müraciətin surətini vəkillərim xüsusi məlumat qaydasında cənab prezidentə göndəriblər. Bir nüsxəsini də çox hörmətli Fuad Ələsgərova göndərmişəm. Bununla əlaqədar Ombudsmana müraciət etmişəm. Məhkəmə-Hüquq Şurasının sədrinə və şəxsən sizə də müraciət etmişəm. Baş Prokurorluqda gedən istintaq zamanı heç bir sübut-dəlil əldə olunmayıb. Baş Prokurorluq mənə qarşı qərəzli istintaq aparıb. Ehtimallarla, fərziyyələrlə ittiham aktı tərtib ediblər. Bu zalda ittihamçı prokuror əyləşib. Əgər bircə epizod üzrə bircə sübut təqdim eləsə, mən ittihamla razıyam”, – Mövlam Şıxəliyev bildirib.

Lakin vaxtilə tabeliyində çalışmış digər üç təqsirləndirilən polkovnik bu məsələdə Mövlam Şıxəliyevə qarşı çıxıb. Onlar əksinə, hakim İlqar Murquzovun ünvanına təriflər səsləndiriblər, apelyasiya şikayətlərini elə onun araşdırmasını istəyiblər.

Prosessual qayda belədir ki, əgər kollegial qaydada üç hakimdən birinə etiraz verilirsə, həmin hakim zalda qalır, digər ikisi müşavirəyə gedir və etirazla bağlı qərar qəbul edir. Bu halda da hakimlər Həsən Əhmədov və Habil Məmmədov general və vəkilinin İlqar Murquzova etirazıyla bağlı qərar qəbul etmək üçün müşavirəyə gedib. Az sonra geri qayıdaraq, etirazın qəbul edilmədiyini açıqlayıblar.

Hakimlər müşavirədə olarkən zərərçəkmişlərdən Hüseyn Səfərov fasilədən istifadə edərək, şüşə kabinədə olan təqsirləndirilən MTN-çilərə müraciət edib:

“Siz böyük cinayətlər eləmisiz. Çıxın, cənab prezidentə deyin ki, xəyanət etmisiz. Yoxsa burada bir-birinizi ittiham edirsiz, bizə qarşı elədiyiniz cinayətləri bir-birinizin üstünə atırsınız. Mənə xəbər göndərib, yalan deyirsiniz ki, etiraf edəcəyik. Mən də gedib zərərçəkənlərə deyirəm, yalançı çıxıram. Belə şey olar?! Məni Mövlam Şıxəliyev aldadır. Mən də məcburam ki, burada deyim ki, hamı məsələnin nə yerdə olduğunu bilsin. Əlimdə səs yazıları da var. Məni Eldar Mahmudovun qapısına göndərirlər ki, get ora, ziyanı ödəyəcək. Üçüncü dəfə gedəndən sonra Eldar Mahmudovun özü məcbur olub qəbul elədi. Mən bu məsələni də məhkəmədə açacağam. Bu məsələlər elə belə bitmir ki…”

Gözdən qaçırmayın:  Ermənistan itkin düşmüş 10 nəfərin nəşini Azərbaycana verdiyini deyir
Foto: Mövlam Şıxəliyevin yaxınlarının arxivindən

Zərərçəkmiş Hüseyn Səfərov həm də generalın ailə üzvlərinin əmlak müsadirəsinə görə şikayətçi olmasına etiraz edib:

“Mövlam Şıxəliyevin həyat yoldaşı da, qızı da, oğlu da cinayət yolu ilə əldə olunmuş mal-mülkün leqallaşmasında birbaşa iştirak ediblər. İndi də heç bir əsas olmadan şikayət yazıblar. Haradan alıblar o boyda pulu o əmlakları almağa?”

Keçmiş MTN polkovniki Yasin Məmmədovun vəkili Əli Adıgözəlov apelyasiya məhkəməsinin yekun qərarı məlum olana qədər müvəkkilinin ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Onun daha bir vəsatəti isə apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılması haqda olub.

Məhkəmədə generalın vəkili bildirib ki, prokurorun protesti nə ona, nə də Mövlam Şıxəliyevə verilib. Protestin onlara təqdim edilməsi üçün vəkil məhkəmənin təxirə salınmasını istəyib. Bu isə digər təqsirləndirilən Yasin Məmmədovun etirazına səbəb olub. Yasin Məmmədov uca səslə keçmiş rəhbərini və onun vəkilini yalan danışmaqda ittiham edib.

Mövlam Şıxəliyev keçmiş işçisinin dediklərini eşidib və ona kinayəli baxışlarla nəzər salsa da, heç nə deməyib.

Yasin Məmmədov. Foto: Meydan TV

Vəkil Ceyhun Yusifov isə israrla təkrarlayıb ki, protest ona və müvəkkilinə təqdim olunmayıb: “İş materiallarında da protestin bizə təqdim olunduğunu təsdiqləyən heç bir sənəd yoxdur”.

Mövlam Şıxəliyev də hakimin diqqətinə çatdırıb ki, o, bütün sənədləri alarkən bunun təsdiqi olaraq, sənəd imzalayır: “İmzam varsa, təqdim edin. Yoxdursa, bizə protesti təqdim edin, tanış olaq…”

Sabiq MTN-çilərin məhkəməsi dekabrın 12-də davam edəcək.

Adları çəkilən sabiq MTN-çilərdən Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunanda digər üç nəfər də məhkəmə zalında həbs edildi. Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edildi.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button