SEÇMƏ

Həbsdəki sabiq icra başçısı Gömrük Hospitalına köçürüldü

Yayımlandı: 31 Oktyabr 2022 13:42

Qoca Səmədov son bir ildə 3 dəfə ürək əməliyyatı keçirib

Həbsdə olan sabiq icra başçılarından Qoca Səmədovun vəziyyətinin yenidən ağırlaşdığı bildirilir. İki aya yaxındır Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Yevlaxın sabiq icra başçısının durumu daha da pisləşdiyinə görə o, Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Qoca Səmədovun vəkili Elnur Vəliyev bildirib ki, müvəkkilinin müalicəsi hazırda Mərkəzi Gömrük Hospitalında davam edir. Sabiq icra başçısının ürəyində ciddi problemlər olduğunu deyən vəkilin sözlərinə görə, Qoca Səmədov üzərində son bir il ərzində üç dəfə cərrahiyyə əməliyyatı keçirilib. Hər üçü də ürəyindəki problemlə bağlı olub.

Vəkil bir müddət əvvəl mediaya açıqlamasında bildirmişdi ki, müayinə nəticəsində Qoca Səmədovun ürəyində çat yarandığı aşkarlanıb. Bundan əlavə, o, kəskin hipertoniya (təzyiq xəstəliyi) və şəkərli diabetdən də əziyyət çəkir.

Müdafiəçinin sözlərinə görə, sabiq icra başçısı həbs olunmamışdan əvvəl də açıq ürək əməliyyatı keçirmiş, ürəyinə stendlər qoyulmuşdu.

2021-ci ilin sentyabrında Qoca Səmədovun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılarkən onun vəziyyəti pisləşmişdi. O, əvvəlcə Şəki Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya göndərilmiş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Bunu nəzərə alaraq, məhkəmə sabiq icra başçısının ev dustaqlığına buraxılmasına qərar vermişdi. Lakin hökm oxunanda o, yenidən məhkəmə zalında həbs olunmuşdu.

2011-2019-cu illərdə Yevlaxın icra başçısı olmuş 63 yaşlı Qoca Səmədov 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlarla 7 il 3 ay azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sonradan onun cəzasını 6 ilə endirib.
Qoca Səmədov özünü qismən təqsirli bilir.

Meydan TV

Gözdən qaçırmayın:  Tovuz sakini: “Uşağın qoluna sistem qoşub, iflic ediblər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button