Loading...
Loading...
SEÇMƏ

“Həm “məktəbli geyimi məcburi deyil” deyirlər, həm də şəkil göndərirlər ki, mütləq alın”

Göyçaylıların məktəbli bazarlığı

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Meydan TV əməkdaşı Göyçayda vəziyyətlə tanış olmaq üçün məktəb geyimləri və ləvazimatlarının satıldığı məkanlara baş çəkib.

İlk diqqətçəkən alıcı sayının azlığı olub, satıcılar isə Bakıdan gətirib tökdüyü malların alınmamasının narahatlığını yaşayırlar.

“Hələ məktəbli ləvazimatlarını ala bilməmişəm”

Alıcı Əminə Həşimova bir qız anasıdır. Ürək xəstəliyindən əziyyət çəkən övladına hər ay qan vurdurur. Deyir ki, ötən il payızlıq, qışlıq dəst geyimini 350 manata alsa da, bu il məcburiyyət üzündən yenidən bazara baş çəkib:

“İndi uşağın müəllimi yeni formanın şəklini göndərib ki, bunu alın. O formanın ətəklə, köynəyi 50 manatdır. Üçdüymə köynək olmalıdır. Həm “məktəbli geyimi məcburi deyil” deyirlər, həm də şəkil göndərirlər ki, mütləq alın. Gücüm çatmır, kirayədə qalıram, uşağın müalicəsi, digər xərcləri var. Onu necə alım? Hələ məktəbli ləvazimatlarını ala bilməmişəm. İndi gəlmişəm bu mağazaya ki, ətək, köynək, ayaqqabı, corab, çanta, dəftər, qələm, gündəlik və digərlərini nisyə götürüm. Sonra hissə-hissə ödəyəcəm. Yoxsa nəğd ala bilmirəm”.

“İstədiyinə maddi gücüm çatmır deyə ağlayır”

Rəsmi statistikaya http://goychay-ih.gov.az/az/page/15.html görə, Göyçay rayonu üzrə bu il ümumilikdə 56 ümumtəhsil məktəbində 17 minə yaxın şagird təhsil alacaq. Ən çox kənd məktəblərinin payına düşən bu rəqəmin maddi yükünü də kəndlilər çəkəcək. Ailədə məktəbə yollanan uşaqların sayı da bu maddi yükü ikiqat edəcək.Uşaqlar yaxşısını, valideynlər cibə münasibini axtarır.

Kənd sakini Təranə Əlizadə bu il məktəbə 5 nəvə yola salacaq. Deyir ki, hər il ümumi xərci 700-800 manatdan aşağı olmur. Keyfiyyətsiz mal ucuz, keyfiyyətlisi isə cibdəkindən bahalıdır:

“Uşaqları da gətiririk. Hamısı da ibtidai sinifdir. Uşaq baxır, əl uzadır. İstədiyinə maddi güc çatmır, ağlayır. Elə sürüyüb çıxarırıq bazardan. Oğlan nəvələrimə yarı nağdı, yarı nisyə götürmüşəm. Ancaq qız nəvələrimə 50 manat düzəldib iki çanta götürmüşəm. 10-12 manata hər birinə bir ədəd kalqotka aldım. Sintetik o da, pambıqdan olanı demirəm heç. Keyfiyyətli çanta 35-50 manatadır. Hələ digər ləvazimatlarını demirəm. Ötən il manat yarıma aldığım bantı indi 3-5 manata alıram. Kəndlinin işi yox, əkini su üzündən batır, qiymətə getmir, ancaq hər şey od bahasına satılır. Gəl, indi beş uşağı məktəbə yola sal”.

Alıcılıq qabiliyyəti zəifdir

Satıcılar deyir ki, ötən illə müqayisədə məktəbli geyimlərində, çanta və ayaqqabılarda 5 manatdan 15 manatadək, digər iç geyimlərdə 3-4 manat, eləcə də dəftər, qələm, karandaş və gündəliklərdə 30-50 qəpikdən artıq artım var. Odur ki, alıcılıq qabiliyyəti zəifdir. Satıcılar bu il ucuz mallara üstünlük versə belə, alıcının maddi gücsüzlüyü onları da çıxılmaz duruma salıb. Deyirlər, gətirdikləri malları nə sata, nə qaytara bilirlər.

Satıcı Aişə İsmətova on ildir ki, təzə bazarda çalışır. Deyir, hər il olan aktivliyi bu il görmür. Onun sözlərinə görə, ötən ilin bu vaxtı günə 20-30 alıcı ondan 300-400 manatlıq alış-verişi edirdisə, indi heç 60-70 manat satış etmir. Özü də bunu imkansız durum və artan qiymətlərlə əlaqələndirir:

“40 vərəqlik, 30 qəpiklik dəftərlər olub 50 qəpik, 100 vərəqlik, 80 qəpiklik dəftərlər olub 1 manat 20 qəpik. Beş qəpiklik sadə yaşıl dəftərlər olub 15 qəpik. Plastilinlər də qalxıb olub 2 manat. 70-80 qəpiklik qələmləri indi 1 manat 50 qəpiyə satırıq. 1 manat 50 qəpiklik gündəlik indi olub iki manat. Rəsm albomları da o qiymətə. Əvvəl bir manat idi. Məktəbli çantalarını əvvəl alırdıq 9-10 manata, indi 15-20 manata. Üstünə qoyub satanda deyirlər “bahadır”. Axı yerində də baha satılır. Bu gün 4-5 nəfər gəlib, alış- veriş 30 manatlıq olub. İnsanlarda da pul yoxdur, imkansızlıqdan alver hədsiz zəifdir”.

Satıcı Cavid Əhmədov deyir ki, bahalı geyimləri deyil, münasib qiymətə olanı satır ki, kəndlilər üçün də əlçatan olsun. Amma builki alış – veriş onu da məyus edir:

“Alıclıq qabiliyyəti pis durumdadır. Belə təsəvvür etmirdim. Kəndlilər lap pis vəziyyətdədir. Çünki onların məhsulu yaxşı olanda, gəlib alış- veriş edirlər. Hələ bu bazarda məktəbli mallarını ən ucuz satan mənəm. Məktəblilər üçün idman ayaqqabısı 13 manatdan 25 manatadəkdir. Ötən il isə ən ucuzunu 20-25 manata satırdım. Aldığımız mal qalıb üstümüzdə .Ötən ilin sentyabrında günə 200 manatlıq alver edirdim. İndi iki-üç günə 100 manat satsam, sevinərəm”.

Gözdən qaçırmayın:  Həbsdə olan zavod direktoru Ramiz Mehdiyev və Bəylər Əyyubovla nəyi razılaşdırıb?

Ana 35 manata çanta aldı nisyə, ağladı hönkürtü ilə”

Yeni bazara nisbətən köhnə bazarda qiymətlər münasibdir, ancaq keyfiyyətə təminat yoxdur.

Lətifə adlı satıcı deyir ki, piştaxtaya yaxınlaşanlar qiyməti eşitdikdən sonra yox olur. Məcbur qalıb geyimləri nisyə verir:

” Ötən il günə 30-50 manatlıq alver edirdim. İndi isə baxan çox, alan yox. 5-10 manatlıq mal satanda şükür edirəm. Ötən il bir gündə 3 dəst satırdım. İndi üç dəstim var, günlərdir alan yoxdur. Yerindən 25 manata almışam. 28-30 manat deyirəm, alan yoxdur. Bir gündə on corab, kalqotka satırdım. İndi ikisini üç günə sata bilmirəm. Ucuz geyimlər, məktəbli ləvazimatları da tullantıdır. Alır, tez sıradan çıxır. Bahanı da almaq olmur. Ana 35 manata nisyə çanta aldı, hönkürtü ilə ağladı. Məcburən nisyə veririk. Uşaq məktəbə getməlidir, neyləyək?”

Digər satıcı Xəqani Şixəliyev deyir ki, bir məktəbliyə orta qiymətlə 150-200 manat xərc çıxır. Çünki tək qara şalvar, ağ köynək və ayaqqabı 50-60 manat edir. Onu da ucuz alış-veriş yerlərindən alsalar:

“40-50 manatlıq çantanı şəhərdə tək-tük adam alır. Daha çox 12-15 manatlığa üstünlük verilir. Ötən il günə 100 alıcı yola salırdım, qiymətə görə çox sövdələşmə olmurdu. İndi 10 müştəri olur, onunla da ya nisyə, ya da aşağı qiymətlə razılaşırıq. Kasıb, tanıdığım adamlara nisyə verirəm. Hələ ən ucuz ayaqqabı məndə olur, 8-10 manata satıram. Ancaq 25 manatlığın keyfiyyəti bunlarda yoxdu. 7-8 manata gödəkçə satıram. O gün ötən ildən qalma çantanı on manata verdim. Mayasında ziyana, kasıb adam idi deyə”.

“Dövlət uşaq pulu vermir, geyim forması tələb edilir”

İşsizlik, ya da gəlirin azlığı valideynləri ilin bu mövsümündə pis vəziyyətə salır. Yaşlı alıcı Əli Mürsəlov deyir ki, bu il ailəsindən 6 nəvəsini məktəbə yola salacaq. Heç nə almayıb, pensiyasını gözləyir:

” Valideynləri işsizdir, baxıram qiymətlərə, tək əlçatan corabdır – 50 qəpik. Digərləri od tutub yanır. Altı nəvəyə ən vacibini seçsək, 400-500 manat xərc edəcək. Heç o da eləmir. Pensiyanı gözləyirəm ki, gəlib alım. Uşaqpulu olsa, öz puluna geyimi alınar, bu da kömək olar. Dövlət uşaq pulu vermir, geyim forması tələb edilir. Müəllim də formanı göndərib ki, bunu alın. Necə alaq?”

Bir çox valideyn isə məktəblərin qərarını gözləyir deyə alış-verişə tələsmir. Çünki alıb da maddi ziyan etmək istəmir. Əvvəlki illərin geyimi də yararlı ola bilər deyə düşünürlər.

“Məktəblər belə öz formasını seçə bilər, könüllüdür”

“Dövlət ümumitəhsil müəssisəsində təhsil alanların geyim formalarının təsvirləri” təsdiq edilib. Bunun 2022-2023-cü tədris ilindən tətbiq ediləcəyi bildirilsə də, sonradan təhsil naziri Emin Əmrullayev bildirdi ki, bu, əhalinin sosial vəziyyəti nəzərə alınaraq tədricən tətbiq ediləcək.

Göyçay Rayon Təhsil Şöbəsinin rəisi Rahib Burcalıyev Meydan TV-yə açıqlamasında bildirib ki, geyim formaları ilə bağlı ümumi müzakirələr aparılır, yekdil qərar yoxdur. Ancaq məktəblilərə məcburiyyət yolverilməzdir:

“Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən yeddi rayon üzrə geyimlərlə bağlı onlayn müzakirə aparmışıq. Hələ tam yekdil qərar yoxdur. Düzdür, təkliflər var ki, məktəblərin özünün müəyyən geyim forması olsun, ya da hər rayonun öz geyim forması olsun. Sentyabrın 10-da yenidən ümumi müzakirə edib yekdil qərara gələcəyik. Amma burda seçim azaddır. Məktəblər belə öz formasın seçə bilər. Könüllüdür. Düzdür məktəblər də bizdən soruşur, öz bəyənib seçdiklərini də deyir, ancaq yekdil qərar olmadığından onlara da heç nə deyə bilməmişik. Geyim tam sərbəstdir. Təhsil nazirinin öz fikri də bu oldu ki, məktəbli geyimi məcburi olmayacaq”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button