Xəbərlər

“Hər namaz qıldıqdan sonra, saçımı sığallayırdı…”

“…Sanki duaları başıma çəkirdi”

Şuşa fatehi Orxan Cabbarovun həyat hekayəsini həyat yoldaşı danışır

“Bir hilal uğruna, ya Rab, ne güneşler batıyor”.Harda bir şəhid fotosu görsəm, bir şəhid haqqında yazmağa başlasam qulağımda Məhməd Akif Ərsoyun bu misrası səslənir. Şair həmin şeiri Çanaqqala savaşında canlarından keçən türk balalarına həsr edib.
Axı indi bizim də bir Çanaqqalamız var: İkinci Qarabağ müharibəsi.
Bu haqlı davamızda 2783 oğul canını Vətənə qurban verdi. 2783 günəş hür səmalardan xalqına işıq saçdı. Yəqin yazının məzmunu sizə də məlum oldu. Şəhidlərimizdən biri haqqında danışacağıq. Gəlin 2783-dən birini tanıyaq.Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Cabbarov Orxan Rövşən oğlu 1995-ci il, oktyabrın 16-də Tovuz rayonunda dünyaya göz açıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Düşmənin canına vəlvələ salan Yaşma-052-dən olub. Canavar ləqəbi ilə tanınıb. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Biz bu qədərini bilirik. İndi isə Orxanı hər kəsdən yaxşı tanıyan həyat yoldaşı Ayşən Cabbarovanın sözlərinə keçək.
 Şəhid xanımı “Şərq”lə həmsöhbət olub. Ayşən xanım yoldaşı haqqında fəxrlə danışıb. O, əvvəlcə şəhidimizin həyat yolundan bəhs edib:
– Orxan 1995-ci ildə anadan olub. 6-cı sinfə qədər Vladivostokda, daha sonra Bakı şəhəri Binəqədi rayon 179 saylı orta məktəbdə təhsil alıb. Elə biz də həmin məktəbdə tanış olduq.
– Bəs, hərbi fəaliyyəti necə başlayıb?
– Orxan orta məktəbdən məzun olduqdan sonra hərbi xidmətə yollandı. Xidmət başa çatdıqda Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazıldı. Əsgər yoldaşının sözlərinə görə, Xüsusi təyinatlı olmaq arzusu imiş. Kursu keçməyi hər əsgər bacarmır. Lakin  Orxan buna nail oldu. Qürurla  XTQ sıralarında öz yerini aldı. 2015-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Cəlilabadın N saylı hərbi hissəsində  xidmətə başladı. Aprel döyüşlərində Talışkənd uğrunda savaşdı. Biz 30 sentyabr 2018-ci ildə ailə qurduq. Cəlilabadda 3 ay yaşadıq. Orxan güclü istehkamçı idi. Sifarişlə başqa hərbi hissələrə  göndərilirdi.  Öz istəyi ilə 2019-cu ildə Xızı rayonuna, Yaşma 052 hərbi hissəsində xidmətə başladı. Orda xidməti kiçik gizir rütbəsi ilə davam etdi. Hər zaman idman yarışlarında ön sıralarda yer tuturdu. Hətta diplom da aldı. Bu il təlimlərdə xüsusi əzəmətlə hazırlıqlar apardı. Qayaya dırmaşmalar, bıçaq atmalar, əlbəyaxa döyüşlər və sair təlimlər keçirildi. Onlara “ölüm mələkləri” deyilirdi. Orxan isə Canavar ləqəbi ilə tanınırdı.
– Bilirəm, sizin üçün danışmaq çətindir. Bir az da Vətən müharibəsindəki döyüş yolundan söz açaq…
– Bildiyiniz kimi, müharibədə “052”lər xüsusi şücaət göstərdi. Orxan da öz qəhrəman yoldaşları  ilə ilk gündən  bütün döyüşlərdə iştirak etdi. Son nəfəsinə qədər savaşdı. Sona qədər getdi.
– O, müharibədə olarkən telefon vasitəsilə danışırdınızmı?
– Bəli, sentyabrın 27-dən mənimlə əlaqə saxlayırdı. Hər gün yazışırdıq, iki gündən bir zəng edirdi. Deyirdi ki, “Mənə görə narahat olma, qayıdacam. Ac-susuz deyiləm. Hər şeyimiz var. Sən canavarıma yaxşı bax. Özünüzdən muğayat olun”.
– Sonuncu söhbətiniz nə vaxt oldu?
– Oktyabrın 30-da, o, Qubadlı şəhərində olanda danışdıq. Onda yaralı idi. Hospitalda yatırmış, bizə bildirmədi. Dedi, yaxşıyam, özündən muğayat ol, hər şey əladır, bildiyindən də gözəldir. Oktyabrın 16-sı 25 yaşı tamam oldu. Ad günündə əlbəyaxa döyüşdə, tək başına erməni polkovnikini gəbərdib. Oktyabrın 25-i qolundan yaralanıb, hospitalda müalicə alıb. Bunu heç kimə deməyib, rəhmətə getdikdən sonra məlum oldu. Yarası sağalmadan  “Yoldaşlarımı tək qoya bilmərəm” deyib, könüllü döyüşə qayıdıb. Döyüş yoldaşının sözlərinə görə, çox cəsarətli, doğrudan Canavar kimi imiş. Orxana sistem qoşulub, deyilib ki, yaralısan, döyüşə girmə, lakin yenə də savaşa gedib.
– Sonra?
– Döyüşdə düşmən tankına tərəf irəliləyib. Elə həmin tankdan atılan mərmi nəticəsində kürəyindən qəlpə yarası alıb. Noyabrın 9-u şəhadətə qovuşub. Ayın 11-də Tovuz rayonu, Bozalqanlı kəndində atasının yanında torpağa tapşırılıb. Onu da deyim ki, dekabr ayının 9-da yoldaşıma “Vətən müharibəsi qəhrəmanı” adı verildi. Daha sonra “ Vətən uğrunda” medalı ilə təltif edildi.
– Hərbi fəaliyyətindən, şücaətindən danışdıq. Bəs ailədə necə insan olub?
– Orxandan bizə yaş yarımlıq Ayxan qalıb. O, hərbi həyatında göstərdiyi igidlikdən əlavə gözəl həyat yoldaşı, yaxşı ata idi. Allah Orxanın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Onların sayəsində Ayxan və Ayxan kimi milyonlarla bala müharibə nədir bilməyəcəklər. Ataları bu savaşa son qoyub, Qarabağı qaytardılar.  
– Orxansız həyat sizin üçün necə davam edir?
– O mənim 12 ilimdir. Uşaqlığım, ilk sevgim, ailəm, qürurum, qeyrətimdir. Nə qədər ki sağam, Ayxanımız var, o hər zaman yaşayacaq. Fəxr edirəm ki, belə oğlanın həyat yoldaşı, sevib, seçdiyi qadınam. Yadıma gəlir, hər namaz qıldıqdan sonra saçımı sığallayırdı. Sanki duaları başıma çəkirdi. Orxan sonsuz sevgimdir. Yəqin ki, ürəyimdə nə çəkdiyimi  sözlərimdən duyursunuz. Belə ailəni, onun kimi həyat yoldaşını itirmək nədir anlayırsınız…Boğularaq cavab verirəm: – Əlbəttə kədəriniz, ağrınız kəlmələrinizdən duyulur…
 – Orxanın ölümü də özünə yaraşan oldu. O, şəhadətilə adını yaşada bildi. Ayxan hər zaman atasının ismini dillərdə eşidəcək. Ona görə Orxan sağdır, daim var olacaq. Biz onunla yalnız 2 il evli olduq. Lakin o iki ildə başqalarının bir ömrə sığışdıra bilməyəcəyi sevgi yaşadıq. Ondan mənə Ayxan kimi oğul qaldı. Orxan kimi igidin övladının anasıyam. Ona görə hər zaman xoşbəxt qadın olacam.  
Allah  rəhmət eləsin…

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button