SEÇMƏ

Hərbi ekspert: “ABŞ Azərbaycana Xəzərdə çox böyük dəstək verə bilər”

Yayımlandı: 29 Noyabr 2022 13:44

Kərim Vəliyevin Vaşinqton səfərində təhlükəsizlik məsələlərinin müzakirə olunduğu deyilir

Vaşinqtonda səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

Bu barədə noyabrın 29-da Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirə olunub.

General-polkovnik Kərim Vəliyevin ABŞ səfərini Meydan TV-yə şərh edən hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan-ABŞ hərbi münasibətlərinin uzun müddətdir ki, mövcud olduğunu deyir.

Onun sözlərinə görə, bu sahədə bir müddət boşluq yaransa da, hazırda həmin əlaqələr yenidən bərpa olunur.

Foto: Üzeyir Cəfərovun şəxsi arxivi

Ü.Cəfərov bildirib ki, bir neçə il əvvəl ABŞ Azərbaycana Xəzər dənizində təhlükəsizlik məsələləri ilə bağlı çox böyük dəstək verib:

“Hətta sürətli katerlər verirdi, qeyri-qanuni qaçaqmalçılıq, narkotiklə mübarizə çərçivəsində bir sıra hərbi-texniki dəstəklər olurdu. Əlbəttə, o vaxt Tehran bunu o qədər də yaxşı qarşılamırdı. İndi isə Vaşinqtonla Bakı arasında hərbi əməkdaşlığın perspektivləri, təhlükəsizlik məsələləri aktuallaşdığından Kərim Vəliyevin özü və aparatının bir sıra nümayəndələri ABŞ-dadır”.

O, Baş Qərargah rəisinin səfərini önəmli sayıb:

“Xüsusən Xəzər dənizində ABŞ Azərbaycana çox böyük dəstək verə bilər. Nəzərə alın ki, Azərbaycan Rusiya, İran və Qazaxıstanla Xəzər qonşuluğundadır. Xəzərdə Azərbaycanın hərbi-dəniz qüvvələrinin daha da gücləndirilməsi, müasir təhdid və təhlükələrə cavab verməsi üçün ABŞ hər zaman Bakıya köməyini təklif edib”.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 28-də yaydığı məlumata görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılıb.

Səfər çərçivəsində habelə Azərbaycan ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunmalıdır.

2010-cu ildə Azərbaycan Müdafiə Nazirliyi ilə ABŞ Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanıb.

Orda yer alan məsələlərdən biri də ştatla Tərəfdaşlıq Proqramıdır.

Bu proqram qarşılıqlı fəaliyyətdə tərəflərə təcrübə mübadiləsi imkanı yaradır.

Meydan TV

Gözdən qaçırmayın:  Həkimlər Saakaşvilinin məhkəməyə getməsinə icazə verməyiblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button