2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Həbs borclunu kreditdən azad edirmi?

Müzəffər Baxışov: «Cəzanı çəkib qurtardıqdan sonra da krediti alan şəxs həmin borcu ödəməlidir»

Banklara kredit borcu olan vətəndaşlar barəsində inzibati tədbirlərin görülməsi son zamanlar artıb. Problemli kreditlərin hər ötən ay faizinin artması bank sektorunu çöküşə aparır. Banklar ödənişi dayandıran müştəriləri ilə bağlı addımlar atmağa başlayıblar. Qanunvericilikdə bu məqam necə tənzimlənir? Inzibati cəzadan sonra borclunu nə gözləyir? Həbs olundundan sonra problemli müştərinin bank qarşısında öhdəliyi ləğv edilirmi?

Saytların yığılması Saytlarin yigilmasi

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, krediti ödəmədiyinə görə, həmin şəxsləri inzibati qaydada həbs edirlər. Qanunun isə mahiyyəti ondan ibarətdir ki, əgər şəxs bankdan və ya hər hansı bir təşkilatdan kredit götürübsə və borclarını ödəmirsə, bank həmin şəxsdən kredit borcunun alınması ilə bağlı məhkəməyə müraciət edir: “Məhkəmə də bankın müraciətinə əsasən qətnamə çıxarır. Qətnamə qanuni qüvvəyə minəndən sonra icra haqqında qanunun tələblərinə əsasən qətnamə icraya yönəldilir. Qanunun 8-ci maddəsinə görə, borclu şəxslərə təklif olunur ki, qətnaməni on gün müddətində könüllü icra etsin. Könüllü icra olmadıqdan sonra isə, məcburi icra prosedurları başlayır. Bu zaman qətnamənin icrasının təmini üçün borclunun əmlakının tapılması və digər tədbirlər həyata keçirilir. Həmin şəxs yenə də icradan boyun qaçırırsa, onun barəsində Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati protokol tərtib olunur. Həmin protokol məhkəməyə göndərilir. Məhkəmə həmin şəxsi cərimə də edə bilər, inzibati qayda da həbs də”.

M.Baxışov vurğuladı ki, bütün bu mərhələyə qədər borclunun krediti qaytarması baş vermirsə, o zaman onun barəsində toplanan materiallar cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinin Istintaq Idarəsinə göndərilir. Artıq burada həmin şəxs barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəmə qətnaməsini, qərardadını, əmrini icra etmədiyinə görə cinayət işi başladılır: “Amma məsələ burasındadır ki, istintaq orqanları bu məsələni obyektiv araşdırmırlar. Araşdırma ondan ibarət olmalıdır ki, həqiqətənmi bu şəxsin kredit borcunu ödəməyə imkanı varmı? Yəni o qərəzli olaraq boyun qaçırır, yoxsa imkanı olmadığına görə bunu etmir. Istintaq orqanları bunları araşdırmadan həmin şəxs barəsində ittiham aktı tərtib edirlər. Ittiham aktı prokuror tərəfindən təsdiq olundundan sonra iş məhkəməyə göndərilir. Məhkəmədə də bu işlərə baxılarkən həmin şəxs min manatdan üç min manata qədər cərimə edilir və ya 320 saatdan 480 saata qədər ictimai işlərə cəlb edilir. Eyni zamanda həmin şəxs üç ilə qədər azadlıqdan da məhrum edilə bilər. Amma əgər bu şəxsin krediti ödəməyə imkanı yoxdursa, bu nəzərə alınmalıdır. Təəssüf ki, bu məqam nəzərə alınmır”.

Amma banka kredit borcu olan şəxs barəsində məhkəmə qərarı çıxarıldıqdan sonra belə, həmin şəxs aldığı krediti ödəməyə borcludur. “Cəzanı çəkib qurtardıqdan sonra da krediti alan şəxs həmin borcu ödəməlidir”, deyə M.Baxışov vurğuladı.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button