2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsdəki bankirin cəzası azaldıldı

 Apelyasiya məhkəməsi hökmü dəyişdi

“Zaminbank”ın Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılov haqqında 14 il həbs hökmü dəyişib. Bakı Apelyasiya Məhkəməsi xeyli vaxtdır davam edən araşdırmalardan sonra onun cəzasını azaldıb.

Apelyasiya məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən məhkəmə prosesinin yekununda Nadir İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsində verilmiş 14 illik azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ilə endirilib. Hökm qalan hissədə dəyişməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş bank rəhbəri mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə təqsirləndirilir.

Nadir İsmayılovun işində zərərçəkmiş qismində tanınanlardan biri də “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovdur. İddia olunur ki, “Şərurlu İsfəndiyar” kimi tanınan bu iş adamının “Zaminbank”da depozitdə olan 5 milyon manat vəsaitini Nadir İsmayılov mənimsəyib.

İsfəndiyar Axundov məhkəmədə bildirib ki, 2012-ci ildə – bir sıra tikinti şirkətləri vətəndaşları aldatdığı ərəfədə Fövqəladə Hallar naziri, Daxili İşlər naziri, Baş prokuror, Bakı şəhər İcra Hakimiyyətinin başçısı da daxil olmaqla, müxtəlif məmurların iştirakıyla müzakirələr təşkil edilib:

“Aldadılan vətəndaşların sayı 1000 nəfəri keçmişdi, onlarda narazılıq yaranmışdı. Ona görə yüksək vəzifəli məmurlar qərar vermişdi ki, müəyyən güzəştlər olsun, vətəndaşların mənzil problemi həllini tapsın. O adamların narazılığı aradan qaldırılmalıydı. Qarşıdan seçki gəlirdi. Mənə dedilər ki, vergi güzəşti olacaq. Mən də Nadir İsmayılovun köməyilə “Zaminbank”dan kredit götürüb, bu işləri həyata görməyə başladım. 10 milyon kredit vermək razılaşdırıldı. 5 milyonu götürdüm, 5 milyonu qaldı. Qalan o 5 milyonu bankda depozitə qoydum. Sonra məlum oldu ki, heç depozitdəki 5 milyonu da mənim borcumdan çıxmayıblar”.

İsfəndiyar Axundov şikayətlənib ki, kredit götürərkən girov qoyulan əmlakları indi çıxara bilmir. Onun sözlərinə görə 10 milyona görə 12 milyondan çox pul ödəyib, amma yenə də əmlakları girovluqda qalıb: “Savadsızlığımdan istifadə elədilər. Mərkəzi Bankda mənə dedilər ki, aldadılmısan. Dövlətə kömək etmək istədiyim halda, özüm bataqlığa düşdüm”.

İş adamı əlavə edib ki, obyektlərinin Mərkəzi Banka girov qoyulmasından xəbəri olmayıb.

Nadir İsmayılov isə bildirib ki, kredit müqaviləsi üç tərəf – “Zaminbank”, İsfəndiyar Axundov və Mərkəzi Bank arasında imzalanıb. Ona görə də əmlaklar Mərkəzi Bankın girovluğundadır.

Nadir İsmayılov vurğulayıb ki, “Şərurlu İsfəndiyar” bir çox məsələləri doğru danışmır: “2012-ci ildə mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Ad çəkmək istəmirəm ki, o zaman ona kimlər nələr edirdi. Gördüm ki, vəziyyəti pisdir, ona kömək məqəsədilə kredit ayırmağı təklif etdim, işlərini yoluna qoysun. Bankda qalan 5 milyonun faizini mən ödəyirdim. Sonra o pulu hissə-hissə özü götürdü”.

Nadir İsmayılov özünü təqsirli bilmir.

“Zaminbank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv olunub, bank müflis edlan edilib.

Nadir İsmayılov müflis olmasına görə keçmiş MTN rəhbərliyini ittiham edib: “Məni aparıb, MTN-nə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı tikinti şirkəti bankdan onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar  Mahmudovdur”.

The post Həbsdəki bankirin cəzası azaldıldı appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button