2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsdəki MTN generalının cəzası yüngülləşdirildi, işçisi isə azadlığa buraxıldı

Yayımlandı: 1 Fevral 2023 20:03

Nizami Şirinovun özü və ailə üzvlərinə məxsus əmlakın müsadirə olunması  ilə bağlı qərar dəyişməyib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, 2021-ci ilin aprelindən həbsdə olan general Nizami Şirinovun cəzası 8 ildən 6 ilə endirilib. Fevralın 1-də Bakı Apelyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyilə onun apelyasiya şikayəti üzrə yekun qərar açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qərara əsasən, Nizami Şirinovla yanaşı, onunla birlikdə mühakimə olunan, vaxtilə MTN-də tabeliyində çalışmış keçmiş idarə rəisi Elcan Abdullayevin cəzası 6 ildən 5 ilə endirilib. Sabiq əməliyyat müvəkkili, barəsində 4 il azadlıqdan məhrumetmə hökmü çıxarılmış Nadir Nəzirovu isə apelyasiya məhkəməsi azadlığa buraxmaq qərarı verib. Onun ittiham olunduğu əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas gətirilərək, Nadir Nəzirov haqqında cinayət təqibinə xitam verilib.

Eyni cinayət işi üzrə birinci instansiya məhkəməsində onlarla birlikdə mühakimə olunan keçmiş idarə rəisi Elman Tahirov haqqında da Bakı Hərbi Məhkəməsində hökm çıxarılanda bu cür qərar verilmişdi – onun ittiham olunduğu əməllər üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsi əsasıyla barəsində cinayət işinə xitam verilmişdi.

2022-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsində bu iş üzrə hökm oxunanda məhkəmə təqsirləndirilən şəxslərdən Nizami Şirinovun general, digərlərinin isə polkovnik rütbəsinin, orden və medalların alınmasına da qərar vermişdi. Bundan başqa, Nizami Şirinovun özü və ailə üzvlərinə məxsus əmlakın müsadirə olunması da hökmdə əksini tapıb. Həmin hissədə apelyasiya instansiyası hökmü dəyişməyib.

General və tabeliyində çalışmış sabiq MTN-çilər müxtəlif adamları zorakılığa məruz qalmaq, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələyib, onların külli miqdarda pulunu almaqda ittiham olunur.

Onlar məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli bilmirlər.

Onların zorakılıqla pul və əmlaklarını ələ keçirdikləri iddia olunan şəxslər arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə ifadə verərkən bildirib ki, uzun müddət polkovnik rütbəsində Müdafiə Nazirliyində çalışıb, 2009-cu ildən 2013-cü ilə qədər Ali Hərbi Məktəbinin rəisi olub. Onun sözlərinə görə, 2007-ci ildə MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilib: “Orada məni şantaj elədilər ki, haqqımda cinayət işi acacaqlar, məni həbs edəcəklər. Məndən 275 min dollar bir, 25 min dollar bir aldılar. Bununla da kifayətlənmədilər. Daha sonra 15 min dollar verməyə məcbur elədilər. Məndən cəmi 315 min dollar pul alınıb”.

Mirzəli Yusifovun sözlərinə görə, 2013-cü ildə Ali Hərbi Məktəbin rəisi vəzifəsindən azad olunub. Bundan sonra onu yenidən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırıblar: “Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edib. 300 min dollar pul istəyirdilər, bir də o dövrdə Müdafiə naziri olan Səfər Əbiyevin əlehinə ifadə. Mən imtina elədim. Mənə dedilər ki, razılaşmırsansa, səni də tutacağıq, Səfər Əbiyevlə eyni kamerada olacaqsan. O biri kamerada isə Məmməd Beydullayev, Şahin Sultanov olacaq. Mən yenə qəti şəkildə imtina etdim. Söz verdilər ki, səni tutduracağıq. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Nizami Şirinov 2021-ci ilin aprelində daha bir MTN generalı – nazirliyin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevlə birlikdə həbs olunmuşdu. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev haqqında hökm çıxarılıb. O, 12 il azadlıqdan məhrum edilib, general rütbəsi alınıb, özünün və ailə üzvlərinin əmlakları müsadirə edilib. Mövlam Şıxəliyev həmin hökmdən apelyasiya şikayəti verib. Hazırda Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button