2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həbsdəki MTN polkovnikindən ultimatum: “Bu iş araşdırılmasa, özümə qəsd edəcəm”

Vüsal Ələkbərov: “Əks halda, onlar mənə sui-qəsd edəcəklər”

Həbsdə olan MTN polkovniki, nazirliyin istintaq idarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərov bəyan edib ki, vaxtilə müstəntiq kimi, istintaqını apardığı işlərdən biri – “Texnikabank”ın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifov və digərləri haqqındakı cinayət işini gətirib, indi onun məhkəməsində araşdırmasalar, özünə qəsd edərək. Bunu o, aprelin 28-də öz məhkəməsində deyib. Vüsal Ələkbərovun işinə Bakı Hərbi Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə baxılır. Vüsal Ələkbərov bu gün məhkəmədə deyib ki, istintaqda verdiyi ifadəni təsdiqləyir. O, bugünkü məhkəmədə əvvəlcə xidməti fəaliyyətindən danışıb. Deyib ki, işlədiyi müddətdə heç kim ondan şikayətçi olmayıb. Əksinə, gördüyü işlərə görə həmişə mükafatlandırılıb. Onun istintaqını apardığı cinayət işlərinə görə sonradan məhkəmələr MTN rəhbərliyinə təşəkkür məktubları göndərib. Rəhbərlik də öz növbəsində onu təltif edib. MTN polkovniki də evsizlikdən gileylənir Vüsal Ələkbərov evsizlikdən gileylənib. Deyib ki, uzun illər ev növbəsində olsa da, ona ev verilməyib. Ona görə də məcburiyyət qarşısında qalıb, 2009-cu ildə ipoteka krediti ilə iki otaqlı ev alıb. 2015-ci ildə MTN ətrafında baş verən məlum hadisələrə qədər hər ay 400 manatlıq krediti də ödəyib. Amma sonradan həbs olunub. Vüsal Ələkbərovun işindəki zərərçəkmişlər “Texnikabank”ın əmanətçiləri olub. İttihama görə, Vüsal Ələkbərov “Texnikabank”la bağlı cinayət işini araşdıranda orada böyük məbləğdə əmanətləri olan şəxslərin də siyahısı hazırlanıb. Həmin adamlar sonradan MTN-ə çağrılıb, hədə-qorxu, yaxud da qanunsuz həbs etməklə onların hər birindən yüzminlərlə, hətta eləsi olub ki, bir milyon pul alınıb. Onların arasında Nizami Kazımov, Hüseyn Səfərov da var. Onların hər ikisi MTN tərəfindən CM-nin 178 (dələduzluq) maddəsilə ittiham edilərək, həbs olunublar. Amma bir müddət sonra həbsdən buraxılıblar. Onlar deyirlər ki, bankda böyük məbləğdə pulları olduğunu biləndən sonra onu əllərindən almaq üçün həbs ediliblər. Yaxınları onlardan tələb olunan pulu verəndən sonra azadlığa buraxılıblar. “MTN-in düşdüyü vəziyyətdən istifadə edib qisas alırlar” Vüsal Ələkbərov isə ittihamı qəbul etmir, bu adamların ona böhtan atdıqlarını, əslində, onların konkret cinayət əməlinə görə həbs olunduqlarını deyir. O, icraatında olan “Texnikabank”la bağlı cinayət işi üzrə ətraflı danışıb. Bildirib ki, “Texnikabank”ın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifov haqqında cinayət işi açılmışdı. Amma həmin iş üzrə Zal Yusifovla yanaşı, Nizami Kazımov və Hüseyn Səfərov da cinayət məsuliyyətinə cəlb olunmuşdu: “Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, özünün şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər. Onlar həmin gəlirin 2 faizini pulu aldıqları adama veriblər, qalan 4 faizi isə özlərinə götürüblər”. Vüsal Ələkbərovun sözlərinə görə, həmin dövrdə Nizami Kazımov kürəkəni Samir Nadirliyə məxsus olan 704 min avronu da Zal Yusifova verib: “Nizami Kazımov bu vəsaitə görə də Zal Yusifovdan 6 faiz gəlir götürüb. Həmin gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və pulu depozitdə olan digər şəxslər şikayət etməyə başladı. Ona görə Zal Yusifovun cinayət işi ilə əlaqədar Nizami Kazımov da məsuliyyətə cəlb edildi. Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçildi. İstintaq dövründə Nizami Kazımovu mən dindirməmişəm. Onu istintaq şöbəsinin müstəntiqləri dindirib. Amma bildiyimə görə, o, ifadəsində vətəndaşlardan pul toplayıb Zal Yusifova verdiyini etiraf edib. Mənim Nizami Kazımovla istintaqdan heç bir söhbətim olmayıb”. MTN polkovniki Nizami Kazımov həbsdə olarkən onun qardaşı olan iş adamı Arzu Kazımovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşdüyünü təsdiqləyib. Bildirib ki, MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev ona zəng edərək, nazirin qəbulunda olan bir nəfəri gedib götürüb, onun yanına gətirməsini istəyib: “Mən də onun gətirməyə getdim. Mövlam Şıxəliyevin otağına gedəndə bildim ki, o adam Nizami Kazımovun qardaşıdır. O, Nizami Kazımov və Hüseyn Səfərovun həbsdən azad edilməsini istəyirdi. Mövlam Şıxəliyev də ona deyib ki, şikayətçi olan zərərçəkmişlərə dəymiş ziyan ödənilsə, qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxıla bilər. Bundan sonra Arzu Kazımov getdi. Bir neçə gündən sonra Arzu Kazımov 500 min manat ödəmək imkanlarının olduğunu dedi. Samir Nadirli və digərlərinə dəymiş ziyan ödəniləndən sonra Nizami Kazımovun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçildi. Mən hədə-qorxu yolu ilə nə Nizami Kazımovdan, nə də başqalarından pul tələb etməmişəm. İndi MTN-nin düşdüyü vəziyyətdən istifadə edib, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Məndən qisas alırlar. “Prezident Aparatından, Baş Prokurorluqdan tələb edirdilər ki…” Zal Yusifovla Namil Rzayev, Elşən Mədətov və digərlərini Hüseyn Səfərov əlaqələndirmişdi. Bütün bunlar 615 saylı cinayət işində öz təsdiqini tapıb. Həmin cinayət işinə baxış keçirilməsə, özümə qəsd edəcəm. Bunun da günahı məhkəmənin üzərində olacaq. Bu cinayət işi mütləq tədqiq olunmalıdır. Onun araşdırılmasını istəməyənlər də var. Əks halda, onlar mənə sui-qəsd edəcəklər. Hüseyn Səfərovun da dələduzluq əməli tam sübuta yetirilmişdi. Amma onun səhhətindəki problemlərlə əlaqədar barəsindəki qətimkan tədbiri dəyişdirilib, həbsdən buraxılıb. Həmin işdə yüzdən çox şikayətçi var idi. Şikayətçilər aksiyalar keçirirdilər. Həm Prezident Aparatından, həm də Baş Prokurorluqdan aksiya keçirən şikayətçilərə dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Buna görə də həm Hüseyn Səfərovun, həm də Nizami Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsində məqsəd həm də zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi olub”. Vüsal Ələkbərov zərərçəkmiş Hüseyn Səfərovun silahı ilə bağlı məsələyə də toxunub. Hüseyn Səfərov deyir ki, MTN polkovniki evində axtarış aparanda onun silahına gözü düşüb, götürüb. Amma Vüsal Ələkbərov silahı Hüseyn Səfərovun özünün ona bağışladığını deyir: “Hüseyn Səfərovun bağışladığı ov tüfəngi istifadəyə yararsız olub. Buna görə də həmin silahı atmışam. Bu silahla bağlı mənə ittiham vermək lazım deyil. Ona həmin silahın təzəsini ala bilərəm”. Vüsal Ələkbərovun məhkəməsi mayın 12-də davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button