2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hərbi naziri kövrəldən əsgər

Arif Əliyev

Sonuncu – 2023-cü ilin qlobal reytinqinə görə, Azərbaycan dünyada 57-ci, keçmiş sovet respublikaları arasında Rusiya və Ukraynadan sonra üçüncü güclü orduya, Cənubi Qafqazda isə ən qüdrətli silahlı qüvvələrə malikdir. 

Əlbəttə, “ordu reytinqi” nisbi göstəricidir. Hamını savaşdırıb güclərini ölçmürlər ki! Məsələn, həmin reytinqdə 2-ci yeri tutan Rusiya ordusu 15-ci mövqedə duran Ukrayna Silahlı Qüvvələrinin müqavimətini bir ildir ki, qıra bilmir. Amma istənilən halda, BMT-nin siyahısında həm iqtisadiyyatına, həm də əhalisinə görə dünyada 90-91-cı yerləri bölüşdürən Azərbaycan üçün güc amilinin hələ də siyasətdə böyük rol oynadığı şəraitdə belə göstərici uğurdur. Onun qazanılmasında SSRİ dağılandan sonra, xüsusilə 2000-ci illərdə hərbi quruculuqda atılmış addımların, ordunun döyüş hazırlığının ardıcıl olaraq artırılmasının, ən müasir silahlarla təchiz edilməsinin böyük rolu vardır.

Bu uğurun kökünü axtaranda mən daha uzağa – 1918-1919-cu illərə gedərdim. O dövrlərə ki, nəinki əsgərə verməyə tüfəng, heç ayağına keşirməyə patava da tapılmırdı. Əsgər tapmaq da asan deyildi axı! Çar Rusiyasında azərbaycanlıları orduya aparmırdılar, kişilərə silah tutmağı yadırğatmışdılar. Bu həmin vaxtlar idi ki, hərbiyyə nazirimiz, tam artilleriya generalı Səməd bəy Mehmandarov gəncləri hərbi xidmətə həvəsləndirmək üçün yazırdı: 

Saytların yığılması Saytlarin yigilmasi

“Yüz ildən artıq rus boyunduruğundan azad olmuş türk xalqına xatırlatmaq lazımdır ki, biz həmişə başqalarının tabeçiliyində olmamışıq, hətta öz iradəmizi Avropaya və Asiyaya diktə etmişik”.  

Milli ordu yenicə yaranırdı, nəinki xidmətinə sədaqət və vicdanla yanaşan, hətta tüfəng ata, qılınc oynada bilən hər nəfər qiymətliydi. Üstəlik, nəyə əl uzatsan, qıtlıq hiss olunurdu: ən nizamlı hərbi hissəmizdə – Birinci Tatar süvari alayında hər iki döyüşçüyə bir at, bir tüfəng, bir qılınc, hər üç ata bir yəhər düşürdü. Paltar çatışmırdı, şinel olmadığı üçün qışda 600-dən çox süvariyə vur-tut 250 ləzgi şalı paylanmışdı. Ayaqqabı ehtiyatı yoxuydu. Keçmiş rus ordusunun bütün əmlakı Ermənistana və Gürcüstana qalmışdı. Azərbaycanın bu əmlakın bir hissəsini münasib qiymətə satın almaq barədə müraciətinə Tiflisdən cavab da gəlməmişdi. Ona görə Bakıda anbarlarda olan azacıq dəri və altlıqlar Mehmandarovun əmri ilə əsgərlərə paylanmışdı ki, hərbçilər özlərinə çəkmə, çarıq tikdirə bilsinlər. Hətta özü ilə paltar gətirən çağırışçılara köhnə şinelə, şalvara, ayaqqabıya görə əlavə pul ödənilirdi…

Saray kəndində qoca anası ilə yaşayan Xanmirzə Məlikəhmədoğlu hərbi çağırışa birinci səs verənlərdən idi. Təlimi başa vurduqdan sonra həmən Tatar süvari alayında xidmətə başlamışdı.

1919-cu ilin fevralında Xanmirzəyə kənddə kimsəsiz qalmış anasının xəstələndiyini xəbər verdilər. Əsgər alay komandirindən icazə alıb, Saraya – anasına baş çəkməyə getdi. Oğlunu görən yaşlı qadının gözlərinə işıq, dizlərinə taqət gəldi, bir neçə günə yataqdan qalxdı. Amma necə oldusa, Xanmirzə özü xəstələndi. Ana çox çalışsa da, oğlunu xilas edə bilmədi. Əsgər evində keçindi. Ölümündən əvvəl Xanmirzə anasından xahiş etdi ki, unutmasın, yasdan başı açılan kimi əsgər libasını hərbi hissəyə qaytarsın, alayda geyimə ehtiyacı olan çoxdur.

Dəfndən sonra dərdli ana Xanmirzənin paltarını götürüb, şəhərə yollandı. Hara gedəcəyini, kimi axtarmalı olduğunu bilmirdi, amma oğlunun vəsiyyətini yerinə yetirməli idi. Soraqlaşa-soraqlaşa hərbi hissəni tapdı, darvazaya yaxınlaşanda ayaqları yerimədi. Elə oradaca daşın üstünə oturub oğlunun paltarlarını sinəsinə sıxdı, hönkür-hönkür ağlamağa başladı.

Qapıdakı gözətçilər əsgər geyimi və çəkmələrini bağrına basıb hərbi hissənin qarşısında ağlayan yaşlı qadını görəndə dərhal növbətçi zabitə xəbər verdilər…

Hərbiyyə naziri Səməd bəy Mehmandarov bu əhvalatı eşidəndə mərhumun kimliyi, alayda necə xidmət etdiyi ilə maraqlandı. Komandirlər Xanmirzə Məlikəhmədoğlunun sağlığında nizam-intizamı, təmizliyi, çalışqanlığı ilə fərqlənən bir əsgər olduğunu dedilər. Süvarinin öz ordusuna sədaqəti və onun yaşlı anasının hərəkəti Mehmandarovu çox təsirləndirdi. Mart ayının 3-də nazir ordu üzrə 130 saylı əmr imzaladı. Həmin əmri bu cümlələrlə bitirdi:

“Belə bir süvarinin ölümü xidmət etdiyi hissə üçün böyük itkidir. Hamının diqqətini bir məsələyə cəlb edirəm ki, ölüm anına qədər Xanmirzə Məlikəhmədoğlu bütün xidməti əmlakı öz hissəsinə qaytarmağa borclu olduğunu unutmamışdı. Onun qoca anası isə, çox kasıb olmasına baxmayaraq, oğlunun iradəsini yerinə yetirməyə imkan tapmışdı. Allah bizim Vətənimizə belə təmiz insanlardan daha çox qismət eləsin”.

Milli ordumuzun hansı çətinliklərlə, necə böyük fədakarlıqlar hesabına yaradıldığına dəlalət edən bu əmri oxuduqdan sonra mən iki hərbi yürüşün, üç müharibənin od-alovundan keçmiş 64 yaşlı generalı kövrəldən əsgərin qəbrini ziyarət etmək istədim. Bir tarixçi dostumu və onun ərəb əlifbasını bilən saraylı tələbəsini də götürüb, kəndə üz tutdum.

İcra hakimiyyətinin və Saray bələdiyyəsinin nümayəndələri “məsələni araşdırmaq” üçün vaxt istədilər. Həqiqətən, araşdırmağa çalışdılar, ancaq sənədlərdə bir iz tapa bilmədilər.

Kənd ağsaqqalları da kara yetmədilər. Əslində, “köklü-köməcli” saraylı tapmaq burada o qədər asan deyildi: 1950-ci illərin torpaq sürüşməsindən sonra kənd tarixi yerindən 3-4 kilometr cənub-şərqə köçürüləndə yerli əhalinin əksəriyyəti başqa qəsəbələrə dağılmışdı. Hələ mən son 10-15 ildə tikinti şirkətlərinin ikinci yerlərindən də elədikləri saraylıları demirəm. 

Şəraiti qiymətləndirib, tarixçi dostumla başa düşdük ki, yeganə ümidimiz ərəb əlifbası bilən tələbəyə qalır. Ağsaqqalların da məsləhət gördüyü kimi, köhnə qəbiristanlığa yollandıq.

Qədim qəbiristanlıq Saraydan xeyli aralı – təpənin üstündə yerləşir. Biz bir qəbirdən o birinə keçir, tələbə isə başdaşlarının üstünə yazılmış adları və tarixləri höccələyirdi, lakin buna heç də həmişə nail olmurdu: yazıların bəzilərini zaman pozmuş, bəzi başdaşları yerə batmışdı. Bəzi qəbirlərin isə yanları açılmışdı, torpaq adamın ayağının altından qaçırdı. Tarixçi dostum sürüşüb belə qəbirlərdən birinin içinə yuvarlandı. Köməkləşib çıxardıq, üst-başını təmizlədik. Axtarışı yarımçıq qoyub, kəndə qayıtmalı olduq.

Sarayda bələdiyyə işçiləri, ağsaqqallar söz verdilər ki, əsgərin ailəsi haqqında nəsə öyrənə bilsələr, xəbər çatdıracaqlar, telefon nömrəmizi götürdülər.

***

O gündən xeyli vaxt keçib. Saraydan xəbər gəlmir, mən də başqa işlərlə məşğulam. Ancaq hər dəfə ordumuzun uğurları, döyüş hazırlığının artması və təchizatının yaxşılaşması barədə xəbər oxuyanda süvari Xanmirzə Məlikəhmədoğlu, onun qoca anası və bir də general Səməd bəy Mehmandarovun sözləri yadıma düşür: 

“Biz həyatda olmasaq da, müstəqil Azərbaycanımız olacaq. Yenə də Azərbaycanın başı üstündə üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaq. Xalqımız qədirbilən xalqdır. Hər halda gələcək nəsillər bizi də xatırlayacaqlar”.

The post Hərbi naziri kövrəldən əsgər appeared first on 24 saat.

24 saat” “Hərbi naziri kövrəldən əsgər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button