2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Həyat hekayəsini yazan muzdlu qatil haqda roman

“The Guardian” yazır ki, amerikalı yazıçı Stiven Kinq nə yazmasından asılı olmayaraq hər zaman qorxu romanları müəllifi kimi tanınacaq. Onun fantastik kabus romanları populyar mədəniyyətin bir hissəsinə çevrilib. Kinqin “Billy Summers” adlı sonuncu romanında isə heç bir fövqəltəbii qüvvədən söhbət getmir. Nuar janrında yazılmış bu romanda yeni həyata başlamazdan əvvəl sonuncu “iş”ini görən bir muzdlu qatilin hekayəsi nəql edilir. Məqalədə bu roman Kinqin uzun illər ərzində yazdığı ən yaxşı kitab adlandırılır.

Çətin tapşırıq

Keçmiş hərbi snayper olan, İraqda xidmət etmiş, sonradan muzdlu qatilə çevrilmiş Billi yalnız “pis adam”ları öldürür. O, Coel Allen adlı bir şəxsi öldürmək tapşırığı aldığı üçün adı çəkilməyən bir cənub ştatında bir əyalət şəhərinə yerləşir. Bu, çox çətin tapşırıqdır. Çünki Coel dövlət qoruması altındadır. Billi onu yalnız məhkəmə binasının pilləkənləri qarşısında nişan alıb öldürə biləcək. O vaxta qədərsə o, yerli icmada ikili həyat yaşamalı, eyni zamanda, qurbanını gözləməlidir.

Kinqin bütün yaxşı qəhrəmanları kimi, Billi də vaxtını öz həyat hekayəsini yazmaqla keçirir. Kiçik şəhərlərdə insanlar başqalarının həyatı ilə maraqlanırlar. Buna görə Billi özünü yazmaqda olduğu romana fokuslanmağa çalışan yazıçı kimi göstərir. İndi o özünü şəhər sakinlərindən biri kimi aparmalı, onlara qaynayıb-qarışmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Guya agentinin qoyduğu son tarix yaxınlaşdığından romanını bitirməli olan Billi özünə üzü məhkəməyə baxan bir binada ofis tutur…

Amerika həyatının mifləşdirilməsi

Kinqin “11/22/63” romanında olduğu kimi, romanın ilk yarısı, əsasən, sadə olsa da, rənglər baxımından zəngindir. Kinq öz romanlarında Amerika həyatını təsvir etməyi sevir.

Kiçik detalları belə zənginləşdirərək böyüdə bilir. Onu eyni janrda yazan həmkarlarının fövqünə qaldıran bu cəhətini yeni romanda çox gözəl sezmək olur. “Billinin qonşuları ilə manqal qonaqlıqları, uşaqlarla “Monopoliya” oyunu, romantik görüş axşamları və şam yeməkləri – bunların hər biri Kinqin Amerika həyatını mifləşdirməsidir”, – məqalədə deyilir.

Billinin uşaq evində keçirdiyi uşaqlığının təsviri 1990-cı illərdən çox 1950-ci illəri xatırladır. Onun günümüzdə baş verən yarmarka ziyarəti isə yazıçının uzaq 1979-cu ildə yazdığı “The Dead Zone” romanındakı bir səhnədən çox da seçilmir.

Ancaq, eyni zamanda, kitabda çox sayda müasir musiqi və TV proqramlarının adı çəkilir, dəyişməkdə olan demoqrafiya və proqressiv siyasətdən söz açılır. Müəllif “Trampı tənqid etmək üçün fürsətlərin birini də qaçırmayıb”, – yazıda deyilir. “Billy Summers”də əks olunan nostalgiya isə oxucunu arxayın salmaq, tufandan öncəki sakitlik hissini təmin etmək üçündür.

Gözlənilməz dönüş və…

Romanın ortasında hadisələrdə gözlənilməz dönüş baş verir. Romana həm Billinin həyatının gedişatını, həm də romanın mahiyyətini dəyişəcək yeni bir personaj daxil olur. Söhbət qrup zorlamasının qurbanı olmuş Elis Maksvelldən gedir. Bu yeni qəhrəman Billiyə intiqam dolu yeni missiya gətirir.

Bundan sonra romanın fokusu get-gedə daralır, sürəti artır, əxlaq anlayışı isə bulanıqlaşır. Ancaq bu, günəşli və ləng birinci hissə ilə qəribə bir tarazlıq yaradır. Balaca qızın karandaşla çəkdiyi şəkil totemə çevrilir. “Teddy Bear’s Picnic” mahnısı isə qulaqbatırıcı bir səsə çevrilir.

Stiven Kinq öz müsahibələrində çox vaxt Teodor Drayzer və Frenk Norrisin Amerika naturalizminə, Ross Makdonald və Donald Uestleykin detektiv romanlarına müraciət edir. “Billy Summers” romanı bu iki istiqamətin müəllifin güclü, tutumlu realizmində birləşməsidir. Kinq həmişə qorxu romanları müəllifi kimi tanınsa da, içində ruhların olmadığı, monstrlarınsa insan olduğu kitablarında da çox maraqlı iş ortaya qoyur.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button