2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Haaqada Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə bağlı şayiələr bir qədər şişirdilib

Sual: Emin bəy, Beynəlxalq Ədalət Məhkəməsinin hər iki işlə bağlı (“Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı”) çıxardığı qərarlar ədalətlidirmi? Həmin qərarların qısa məğzinə baxsaq həmin sənədlərdə konkret nə deyilir?

Cavab: Ümumilikdə qeyd edilməlidir ki, həm Azərbaycanın və Ermənistanın qarşılıqlı ərizələri əsasında mahiyyət üzrə işə baxılmasından öncə məhkəmə tərəflərin təqdim etdikləri müvəqqəti tədbirlər ilə bağlı ərizələrə (vəsatətlərə) baxaraq 7 dekabr 2021-ci il tarixdə hər iki tərəfin ərizələri ilə bağlı qərar qəbul edib. 

Azərbaycan Məhkəmədən Ermənistan üzərinə 6 müvəqqəti tədbirlər barədə öhdəliyin qoyulmasını xahiş edib. Qısa xülasə etməli olsaq, bu tədbirlər aşağıdakılardan ibarət idi: 

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan tərəfindən Azərbaycanın minalanmış ərazilərinin təcili, təhlükəsiz və effektiv şəkildə (minalardan) təmizlənməsini həyata keçirmək üçün bütün lazımi addımları atmaq, həmçinin minaların yeri və xüsusiyyətləri haqqında operativ, hərtərəfli və dəqiq məlumatlar verilməlidir;

Ermənistan Azərbaycan ərazisində minaların yerləşdirilməsi və ya yerləşdirilməsinin təşviqi və ya asanlaşdırılması yolu ilə azərbaycanlıların həyatını təhlükəyə atmaqdan əl çəkməlidir;

Ermənistan öz ərazisində fəaliyyət göstərən təşkilatların, o cümlədən VoMA təşkilatının azərbaycanlılara qarşı irqi nifrət və irqi motivli zorakılığın, twitter və digər sosial və ənənəvi mediada azərbaycanlılara aid edilən ictimai və özəl müstəvidə yaradılan nifrət nitqinin qarşısını almaq üçün bütün lazımi addımları atmalıdır;

Ermənistan azərbaycanlılara qarşı bildiyi etnik motivli cinayətlərlə bağlı sübutların, o cümlədən Azərbaycan Respublikasından gələn məlumatlarda göstərilən sübutların toplanması, məhv edilməsinin qarşısının alınması və qorunmasını təmin etmək üçün təsirli tədbirlər görməlidir; 

Ermənistan bu mübahisənin həllini ağırlaşdıra, genişləndirə və ya çətinləşdirə biləcək hər hansı tədbirdən çəkinməlidir; və 

Ermənistan müvəqqəti tədbirləri göstərməklə öz qərarının icrası üçün görülmüş bütün tədbirlər barədə qərar çıxarıldığı gündən üç ay müddətində, sonra isə iş üzrə yekun qərar qəbul edilənə qədər hər altı aydan bir hesabat təqdim etməlidir. 

Məhkəmə Azərbaycan tərəfindən verilmiş ərizədə 6 müvəqqəti tədbirlərdən yalnız 2-ni qəbuledilən hesab edib. Belə ki, müvəqqəti tədbirlər haqqında qərara əsasən Məhkəmə yekdilliklə qərara alıb ki:

Ermənistan Respublikası irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq, öz ərazisində azərbaycanlılara qarşı yönəlmiş təşkilatlar və şəxslər də daxil olmaqla, irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir;

Məhkəmə digər müvəqqəti tədbiri hər iki tərəfə şamil edib. Belə ki, ikinci müvəqqəti tədbirdə qeyd edilir ki, “hər iki Tərəf Məhkəmə qarşısında mübahisəni ağırlaşdıran və ya uzada bilən və ya həllini çətinləşdirən hər hansı hərəkətdən çəkinəcək.”

Qeyd etmək olar ki, Beynəlxalq Məhkəmə hər iki tərəfin ən vacib hesab etdikləri birinci müvəqqəti xarakterli tədbirlər tələbini (Azərbaycanın mina xəritələri ilə bağlı tələbi, Ermənistanın hərbi əsirlərin azad edilməsi tələbi)  qəbul etməyib. Beynəlxalq Məhkəmə bu tip tələblərə münasibətdə əsasən faktiki iddiaları (hüquqla bağlı olan) məqbul olması və onların Konvensiya ilə inandırıcı şəkildə əlaqəli olması tələbini irəli sürür. Bu baxımdan həm də unudulmamalıdır ki, burada Məhkəmənin səlahiyyəti yalnız irqi ayrıseçkilik ilə bağlı Konvensiyada nəzərdə tutulan hüquqların qorunmasına nəzər yetirməklə məhdudlaşacaq.  

Ermənistana münasibətdə Beynəlxalq Məhkəmə qeyd etmişdir ki, hərbi əsirlərin dərhal geri qaytarılması məsələsinin beynəlxalq humanitar hüququn predmeti olduğunu, eyni zamanda hərbi əsirlərin və saxlanılan şəxslərin yalnız onların etnik mənşə əlamətinə görə baş verdiyinə dair sübutlar təqdim edə bilməmişdir. 

Azərbaycanın minalar ilə bağlı tələbinə dair isə Beynəlxalq Məhkəmə qeyd etmişdir ki, minalanma siyasəti o zaman irqi ayrıseçkilik ilə bağlı mübahisə yarada və əlaqəli ola bilərdi ki, belə bir minalanma siyasəti konkret olaraq milliyyət və etnik mənşə əlamətlərinə görə formalaşdırılsın və həyata keçirilsin. Beynəlxalq Məhkəmə Azərbaycan tərəfinin bunu inandırıcı şəkildə sübut edə bilmədiyini vurğulamışdır. 

Sual: Ermənistanın Azərbaycana qarşı 6 tələbi vardı – erməni əsirlərin buraxılması, onlara qarşı humanist davranılması, ermənilərə qarşı nifrətin propaqandasının qarşısının alınması, Qənimətlər parkının bağlanılması, ermənilərin mədəni mirasının qorunması və həmin yerlərə ermənilərin buraxılması. Xarici İşlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Ermənistanın beynəlxalq məhkəmədə Azərbaycana qarşı qaldırdığı məsələlər heç bir bəraət qazana bilmədi. Elnur Məmmədov doğru deyibmi? Ermənistanın Azərbaycana qarşı qaldırdığı tələblərin hansıları  məhkəmə qəbul edib, hansıları etməyib?

Cavab: Ermənistan Respublikasının müvəqqəti tədbirlər ilə bağlı tələbləri 8 idi. Məhkəmə onlardan 6-nı qəbul etdi. Beynəlxalq Ədalət Məhkəməsi yalnız 3 müvəqqəti tədbiri və hər iki ölkəyə aid olan bir – ümumilikdə isə dörd müvəqqəti tədbiri qəbul etdi. 

Bura aşağıdakılar aid edilə bilər:

a) bir əleyhinə on dörd səslə: 2020-ci il Münaqişəsi ilə bağlı həbsdə qalan bütün şəxslərin zorakılıqdan və bədən xəsarətlərindən qorumaq, onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etmək;

b) yekdilliklə: Erməni milli və ya etnik mənşəli şəxslərə qarşı Azərbaycanın vəzifəli şəxsləri və dövlət qurumları tərəfindən də daxil olmaqla irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək;

c) ikiyə qarşı on üç səslə: Erməni mədəni irsinə, o cümlədən kilsələrə və digər ibadət yerlərinə, abidələrə, görməli yerlərə, qəbiristanlıqlara qarşı vandalizm və təhqiramiz aktların qarşısının alınması və cəzalandırılması üçün bütün lazımi tədbirləri görmək. 

Beynəlxalq Məhkəmə Ermənistan tərəfinin ən vacib hesab edilən üç əsas müvəqqəti müdafiə tədbirləri barədə tələblərini 

1. bütün erməni əsirləri və saxlanılanların azad edilməsi; 

2. hərbi qənimətlər parkının bağlanması; i

3. Erməni mədəni abidələrin giriş hüququnu qorumaq;  qəbul etmədi. 

Beynəlxalq Məhkəmə əsasən bu tələblərin Konvensiya ilə qorunan hüquqlar ilə bağlı olduğuna dair inandırıcı sübutlarının olmaması ilə əlaqələndirdi. Bundan başqa Beynəlxalq Məhkəmə Azərbaycan tərəfinin Bakıda yerləşən Hərbi Qənimətlər Parkından erməni hərbçilərə məxsus manikenlərin və həlak olmuş erməni hərbçilərin dəbilqələrinin həmin parkdan birdəfəlik yığışdırıldığını diqqətə aldı. 

Sual: Azərbaycanda media “Azərbaycan Ermənistana BMT məhkəməsində də diz çökdürdü”, “məhkəmədə qalib gəldi” kimi yazılar yazır. Həqiqətənmi bu belədir? 

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirlər ilə bağlı vəsatətinə dair verdiyi qərara Azərbaycan mediasında qeyd olunan bu qiymətləndirmələr ilə razılaşmaq çətindir. 

Baxmayaraq ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən irəli sürülən bəzi müvəqqəti tədbirlər ilə bağlı tələbləri (bura hərbi əsirlərin və digər saxlanılan şəxslərin dərhal buraxılması, Bakıda yerləşən qənimətlər parkının bağlanması kimi) rədd etmişdir, yekunda Məhkəmə Ermənistan tərəfi üçün 3 əhəmiyyətli müvəqqəti tədbir ilə bağlı qərar qəbul edib. Bura hərbi əsirlərlə beynəlxalq hüquqa uyğun rəftar, Erməni milli və ya etnik mənşəli şəxslərə qarşı irqi nifrət və ayrıseçkiliyin (dövlət və rəsmi şəxslər tərəfindın törədilməsinin) qarşısını almaq üçün tədbirlər görmək və Azərbaycan ərazisində olan mədəni abidələrin qorunması aiddir. 

Sual: Xarici İşlər nazirinin müavini Elnur Məmmədov həmçinin deyib ki,  Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq.  Digər beynəlxalq məhkəmələrdə və Haaqa Məhkəməsində Azərbaycan Ermənistana qarşı hansı işləri qaldıra bilər? Hansı işlərin perspektivi var?

Cavab: Müvəqqəti tədbirlrə barədə qərarından sonra Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistan tərəfinin Məhkəməyə təqdim etdiyi ərizələrə mahiyyəti üzrə baxmaq mərhələsinə keçid edəcəkdir. Burada Məhkəmə tərəflərin təqdim etdiyi iddiaları və sübutları tam qiymətləndirəcək. Məhkəmənin Gürcüstan Rusiyaya qarşı işində müvəqqəti tədbirlərin görülməsindən sonra həmin iş üzrə yekun qərarın qəbulu 2,5 il sonraya təsadüf edir. 

Azərbaycan rəsmi qurumlarının məlumatına əsasən Azərbaycan 2021-ci ildə Ermənistana qarşı hələlik iki beynəlxalq məhkəməyə şikayət ərizəsi təqdim edib. Bunlar Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsidir. 

Beynəlxalq Ədalət Məhkəməsinə müraciət aşağıda qeyd edildiyi kimi konkret olaraq Azərbaycan və Ermənistanın ratifikasiya etdiyi “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyadan (22-ci maddə) irəli gələn yurisdiksiya olduğundan burada əsasən Məhkəmə burada ancaq irqi ayrıseçkilik ilə əlaqəli hüquq pozuntularını nəzərdən keçirməkdə səlahiyyətlidir. Digər məsələlər ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin məhkəmənin müvafiq mübahisələr ilə bağlı yurisdiksiyasını qəbul etməsi tələb olunur. Yalnız bu halda Beynəlxalq Məhkəmə münaqişə kontekstində tərəflərin iddia etdikləri digər zərərlər ilə bağlı mahiyyəti üzrə məsələlərə baxa bilər. 

Məhkəmənin mübahisəli icraatlarda yurisdiksiyası isə dövlətlərin razılığına əsaslanır. Bu razılığın ifadə olunma forması isə xüsusi razılaşma əsasında və ya beynəlxalq müqavilələrdə və konvensiyalarda nəzərdə tutulmuş məsələlər üzrə ola bilər. 

Bir çox detallarını vurğulamadan ümumi olaraq qeyd etmək olar ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii sərvətlərdən qanunsuz istifadə, həmçinin fiziki şəxslərə və dövlət əmlakına vurulan zərərlərə görə məsul tutula bilən xarici və ya beynəlxalq şirkətlərin fəaliyyət göstərdikləri yurisdiksiyalarda belə hüquqi şəxslərə qarşı iddialar irəli sürə bilər. 

Sual: Beynəlxalq Ədalət Məhkəməsinin son qərarlarını bir çox insanlar qarışıq salırlar. Xatırlayırsınızsa, müharibədən sonra rəsmilər Ermənistana qarşı işğaldan azad olunmuş ərazilərdə və eləcə də müharibə dövründə dəymiş zərərlə bağlı kompensasiya tələbi ilə bağlı məhkəmədə iş qaldırılacağını bildirirdilər. indi insanlar bu qərarı həmin məsələ ilə səhv salırlar və “təzminat hanı” deyə soruşurlar. Doğrudan həmin kompensasiya işi necə oldu? Və bu təzminat davasının beynəlxalq məhkəmələrdə  perspektivi varmı?

Cavab: Qeyd edilməlidir ki, Azərbaycan və Ermənistan tərəfinə münasibətdə Beynəlxalq Ədalət Məhkəməsinin hər iki ölkə üçün mövcud olan yurisdikasiya yəni “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı mübahisəyə aiddir. Beynəlxalq Ədalət Məhkəkəməsi hərbi münaqişə nəticəsində tərəflərin məruz qaldığı maddi zərərlərin hesablanması və əvəzinin ödənilməsi ilə bağlı məsələlərə baxmır. Mümkün zərərlərin əvəzinin ödənilməsi yalnız irqi ayrıseçkilik ilə bağlı konvensiyadan irəli gələn öhdəliklərin dövlətlər tərəfindən konkret şəxslərə münasibətdə pozulması hallarından irəli gələ bilər. Başqa sözlə yalnız konflikt kontekstində vurulan zərərlərin ödənilməsi məsələsinə hazırda baxa biləcək ən səlahiyyətli qurum Avropa İnsan Hüquqları Məhkəməsidir. 

Burada isə Avropa Məhkəməsi yalnız hər iki ölkəyə münasibətdə Konvensiyanın qüvvəyə mindiyi tarixdən (2002) etibarən baş vermiş və ya davam edən hüquq pozuntuları ilə bağlı məsələlərə baxa biləcək. Belə olan halda Məhkəməyə müraciət İkinci Qarabağ müharibəsi nəticəsində müharibə qanunlarının pozulması hallarının insan hüquqları pozuntularına (yaşamaq hüququ, mülkiyyət hüququ, mənzil hüququ) səbəb olduğu hallara dair işlərə baxa bilər.  

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button