2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

“HAFKA”NI ÖZ EVİNDƏ KİM VƏ NİYƏ TƏHQİR EDİB?

Azərbaycanda daha çox “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun müflisləşməsi, müxtəlif qurumlara, banklara və şəxslərə külli miqdarda borcunun yığılıb qalması ilə bağlı məlumatlar yeni deyil. “Hafka” özü iflasa uğradığını etiraf etsə də, 100 milyonlarla vəsaiti harda, niyə və necə “itirdiyinə” dair ağlabatan, məntiqli bir açıqlama ilə çıxış etməyib.

Bəlkə də buna görədir ki, “Hafka”nın bu 100 milyonları “batırmaq” üçün iflas oyunu oynadığını düşünənlər də az deyil. Belələrinin fikrincə, Hafiz Məmmədov başda Beynəlxalq Bank olmaqla, müxtəlif maliyyə-kredit qurumlarından şirkətlərinin (40-a yaxın) adına götürdüyü böyük miqdarda (bir neçə 100 milyon) kreditləri, sahibi olduğu “Bank of Azerbaijan”a cəlb edilən vəsaitləri və əmanətləri (700 milyondan artıq) xaricdə biznes və hesablara yatıraraq, ortadan çıxarıb. İndi də qaytarmamaq üçün “əlinə dəsmal götürərək” müflisləşdiyini bəyan edir, iflas nağılları quraşdırır. Qardaşının Pribaltika ölkələrində böyük biznes qurması, özünün Fransanın “France Fotball” nəşrinin jurnalistləri ilə söhbətində Avropa banklarının birində “qarantiya altına alınmış hesabda” 1 milyard avro pulunun olduğu söyləməsi də bu ehtimalı gücləndirir.

Ancaq bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyini iddia edir. Onun Monako knyazı II Albertlə Monte Karlonun elit kazinolarında dostlaşması, “Lans” klubunun prezidenti Jerve Martellə isə Kanndakı qumarxanaların birində tanış olmasına dair məlumatlar da bu ehtimalın tərəfdarlarının mövqeyini arqumentləşdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu iddiaların nə qədər ciddi olduğunu söyləmək çətin olsa da, Hafiz Məmmədovun ölkədən çıxışının yasaqlandığına dair məlumatlar, hökumətin də artıq ona inanmadığını söyləməyə əsas verir. Barəsindəki həbs-qətimkan tədbiri dostluq etdiyi Monako knyazı II Albertin Azərbaycan Prezidentindən şəxsən xahiş etməsi nəticəsində dəyişdirilsə də, onunla bağlı araşdırmalar davam edir.

Ancaq görünür, hələlik, borclarının müqabilində Hafiz Məmmədova ödətdirməyə nə isə tapa bilmirlər… Bu üzdən “Hafka”nın borclarının bir hissəsi köhnə şəriki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun üzərinə qoyulub. Səbəb kimi də “Hafka”nın onun himayəsi altında biznes elitasında yer alması, dövlətin 100 milyonlarla vəsaitini əldə etmək imkanı qazanması göstərilib. “Biz Hafiz Məmmədovu sənə görə tanımışıq, sənə görə etibar etmişik. Borclarını da birlikdə ödəməlisiz” – deyə Ziya Məmmədova qısa müddətdə məsələni həll etmək tapşırılıb. Bu haqda saytımızda geniş yazı dərc olunduğundan, təkrarlamaq niyyətində deyilik. (Bax:“HAFKA” BORCLARINA ZİYA MƏMMƏDOVU DA ŞƏRİK ETDİ!).
Ancaq həmin məlumatı saytımıza verən mənbə onu da qeyt etmişdi ki, Hafiz Məmmədovun üzərində olan borcun məbləği o qədər böyükdür ki, (100 milyonlarla dollar), Məmmədovlar ölkə daxilindəki bütün biznes obyektlərini və mülklərini satsalar belə, onu ödəyə biləcəkləri şübhə doğurur.
Bu günlərdə başqa bir mənbənin Hafiz Məmmədovun borcları ilə bağlı “AzPolitika.info”ya verdiyi məlumat deyilənləri bir daha təsdiqləyir.

Belə ki, ölkənin biznes elitasına kifayət qədər yaxın mənbədən saytımıza daxil olan məlumatda “Hafka”nın yalnız banklara, müxtəlif qurumlara, bankına böyük pullar yatırmış əmanətçilərə deyil, həm də ayrı-ayrı iş adamlarına da külli miqdarda borcunun olduğu bildirilir. Belə iş adamlarından bir isə hətta “Hafka”nı öz evində, jurnalistlərin yanında təhqir etməkdən də çəkinməyib. Belə ki, külli miqdarda borclu olduğu iş adamı “Hafka” tərəfindən aldadıldığını bildikdən sonra onunla görüşmək üçün zəng edib.  Borc yiyəsinin “razborkaya” gəldiyini başa düşən Hafiz Məmmədov onu Teymur Əliyevdəki villasına dəvət edib. Bu söhbətdə ciddi təzyiqlərə məruz qalmamaq üçün, “Hafka” özünəməxsus bir gediş edərək onunla görüşməzdən əvvəl tanınmış bir redaktora zəng edərək, bir neçə nüfuzlu jurnalisti də götürüb, onun evinə qonaq gəlməsini xahiş edib. 

“Bununla “Hafka” güman edib ki, borc yiyəsi jurnalistlərdən çəkinib, onun üstünə çox getməz. Lakin yanılıb və daha acınacaqlı vəziyyətə düşüb. Həmin şəxs evdə jurnalistlərin də olmasına əhəmiyyət verməyərək, atası yaşda olan Hafiz Məmmədovu uşaq kimi danlayıb, onu ən ağır sözlərlə təhqir edib” – deyə mənbə bildirir.

Yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Murad Məmmədov
AzPolitika.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button