Now Reading:
Hakim AXCP funksionerinə: ‘Qanunvericiliyə dəyişikliklərin sənə aidiyyəti yoxdur’

Hakim AXCP funksionerinə: ‘Qanunvericiliyə dəyişikliklərin sənə aidiyyəti yoxdur’

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim ötən ilin sonunda Cinayət Məcəlləsinə dəyişikliklərin nəzərə alınıb, işinə yenidən baxılması üçün məhkəməyə üz tutmuşdu. Fevralın 16-da Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov onun müraciətinə baxıb.

Məhkəmə Məmməd İbrahimin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Bu haqda AzadlıqRadiosu-na onun oğlu Turan İbrahim məlumat verib.

Məhkəmənin vəkilsiz keçirildiyini vurğulayan T. İbrahim müraciətinin təmin edilmədiyini deyir. AXCP funksionerinə bildirilib ki, qanunvericiliyə dəyişikliklərin ona aidiyyəti yoxdur.

M.İbrahim həbs olunduğu dövrdə ona ittihamda CM-in 221.2.2 maddəsində (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 5 ilədək həbs cəzası nəzərdə tutulmuşdu. M.İbrahim həmin maddə ilə 3 il azadlıqdan məhrum edilmişdi. Ötən ilin sonlarında cinayət qanunvericiliyinə 300-dək dəyişiklik arasında CM-in 221.2.2 maddəsi də vardı. Dəyişiklikdən sonra cəzanın yuxarı həddi 5 ildən 4 ilə endirilib. M.İbrahim ittiham maddəsinin yüngülləşdirilməsini nəzərə alaraq, özünün cəza məsələsinə də yenidən baxılmasını istəyirdi.

O, daha öncə də azadlığa buraxılmaq üçün iki dəfə məhkəməyə müraciət edib və əvvəlcə cəzanın 1/3-ni, ardınca yarıdan çoxunu çəkdiyini əsas gətirərək, vaxtından öncə azadlığa buraxılmasını istəyib. Amma hər ikisində “yox” cavabı alıb. Birinci məhkəmədə 16 Saylı Cəzaçəkmə Müəssisəsinin dəstə rəhbəri Tacəddin Məsimovun M.İbrahim haqqında dediyi “heç öz yerini yığmır, bir dəfə əlinə süpürgə alıb, müəssisədə yeri süpürməyib, ona görə islah olunmuş sayıla bilməz” sözləri, 2017-ci il dekabrın 26-da keçirilən ikinci məhkəmədə isə “hələ islah olunmadığı” əsas gətirilmişdi.

Xatırlatma
M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 3 il həbs cəzası kəsilib.

O, AXCP-dən xaric edilən Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. M.Quliyevi vurmaqda günahlandırılan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, hadisə zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb.

M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Hazırda AXCP-nin 10-dan çox fəalı uzunmüddətli həbsdədir. AXCP onları siyasi məhbus saysa da, hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusun olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə alınıblar.

Hüquq müdafiəçilərinin hazırladıqları siyahıya görə, ölkədə 150 nəfər civarında siyasi məhbus var.

azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.