SEÇMƏ

Hakimin özü məhkəmə qarşısında: pensiya təyinatıyla bağlı qərarlara görə mühakimə olunur

Yayımlandı: 31 Oktyabr 2022 15:43

Nazirlik zərərçəkmiş qismində tanınıb

Bilərəkdən qanunsuz qərarlar çıxarmaqda, rüşvət almaqda ittiham olunan keçmiş hakimin işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oktyabrın 31-də hakim Fəhmin Hümbətovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama əsasən, İlyas Mahmudov hakim işlədiyi dövrdə xüsusilə pensiya, müavinət, əmək stajı kimi məsələlərlə bağlı iddialara baxarkən yalan olduğunu bildiyi halda, həmin məlumatlardan istifadə edib. İttihama əsasən, İlyas Mahmudovun qəbul etdiyi qərarlar nəticəsində xeyli adama əsassız pensiya və müavinətlər təyin edilib. Nəticədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 243 min 441 manat ziyan dəyib. Bu nazirlik keçmiş hakimin işi üzrə zərərçəkmiş qismində tanınıb.

İttihamda o da yazılıb ki, İlyas Mahmudov bu qərarları çıxararkən rüşvət alıb.

İddia olunur ki, hakim bu barədə qərarlarında sənədlərə yox, yalnız şahid ifadəsinə istinad edib. Eyni adamlardan şahid kimi müxtəlif işlərdə istifadə olunub.

Məhkəmədə İlyas Mahmudov ittihama münasibət bildirərkən orada yazılanlarla razılaşmayıb. O bildirib ki, özünü qətiyyən təqsirli bilmir. Ədalətsiz qərar çıxarmaq üçün bilərəkdən yalan məlumatlardan istifadə etməsi, qəsdən ədalətsiz qərarlar çıxarması haqda ittihamda yazılanlar həqiqətə uyğun deyil.

Cinayət işinin materiallarında göstərilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Naziriyindən daxil olmuş materiallar əsasında İlyas Mahmudov haqqında araşdırmalar başlayıb. Nəticədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun barəsində cinayət işi başlanıb, 2022-ci ilin iyulunda həbs edilib.
İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

İlyas Mahmudov 1993-cü ildən 2008-ci ilə kimi Ali Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb. O, 2008-ci ildən isə Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilib. 2019-cu ildə vaxtından əvvəl hakimlik səlahiyyətlərinə xitam verilib.

Meydan TV

Gözdən qaçırmayın:  “Yazdığım pozuntuları araşdırmaq əvəzinə özümü cəzalandırdılar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button