2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hakimin xarakteri, xarakterin hakimi

Fəxrəddin Mehdiyev, Insan hüquqları, inkişafı, təhlükəsizliyi institutu

Amerika publisisti Billi Qrexemin məşhur bir ifadəsi var: “Pulu itirmək heç bir şeyi itirməkdir; sağlamlığı itirmək xeyli sərvət itirməkdir, xarkteri itirmək isə hər şeyi itirməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Keçən əsrin 80-ci illərində Bakı Dövlət Unversitetində müəllim və uzun illər hüquq fakültəsinin dekanı işləmiş Məmməd Xələfovu bütün hüquq ictimayyiətimiz yaxşı tanıyır. Hər bir hüquqşunas onu böyük hörmət və ehtiramla yad edir. Allah rəhmət eləsin. Məmməd müəllim böyük alim idi. Lakin hər şeydən əvvəl həm də böyük şəxsiyyət idi. Onun böyük şəxsiyyəti ilə alimliyi vəhdət təşkil edirdi. Məmməd müəllimin ilk mühazirələrinin birində ifadə etdiyi fikir heç vaxt yadımdan çıxmır və zaman-zaman özünün dərinliyi ilə cazibədarlığını artırır. O deyirdi: “Hüquqşünas üçün bilik, savad vacibdir, lakin hər şeydən əvvəl hüquqşünsada xarakter olmalıdır. Əgər xarakter yoxdursa, bilik ədalətə və xeyirə xidmət etməyəcək, faciələr yaradacaq”. Təbii ki, Məmməd müəllim xarakter dedikdə vicdanın səsinə qulaq asmağı nəzərdə tuturdu. Məmməd müəllimin dediyi bu ifadə böyük həyat dərsiydi. Sonralar Məmməd müəllimin dediyi həmin sözlərin dərinliyini, müdrikliyini, ümumbəşəri fikirlərin inkişafında böyük töhfələr vermiş alimlərin, pedaqoqların fikirlərində də əks olunduğunu gördüm. Böyük alman filosofu Kant deyirdi ki, məktəbin əsas missiyası uşaqlarda, gənclərdə xarakter tərbiyə etməkdir. Almaniyanın inkişafının və möcüzəsənin kökündə də fikrimizcə, Kantın dediyi kimi, təhsilin insan xarakteri tərbiyəsi və xarakter yetişdirməsidir. Bu fikir başqa formada Bismarkda da var, Almaniyanın birləşdirilməsi uğrunda gedən müharibədən danışarkən Bismark demişdi ki, bu müharibədə Alman əsgərləri və generalları qalib gəlmədi, bu müaharibədə alman müəllimləri qalib gəldi.

Məmməd Xələfovun hüquqşünasa xarakter zəruridir ifadəsi təhsil sistemində, hüquqşünasların hazırlanmasında dünyəvi tendensiyaya uyğun olan uzaqgörən, bütövlükdə cəmiyyətin inkişafi ilə bağlı baxışlar sistemiydi. Müəllim varsa, tələbələr hökmən meydana çıxacaq. Heç təsadüfi hesab etmək olmaz ki, Məmməd Xələfovun müxtəlif sahələrdə işləyən tələbələri güclü ədalət hissini daşıdılar və xaraket göstərdilər. Həmin tələbələrdən hakim işləmiş şəxslər ədalət mühakiməsinin tarixinə öz töhfələrini verdilər. Belə tələbələrdən Əşrəf Həşimovın, Sevil Məmmədovanın, rəhmətlik Tofiq Quliyevin, Məmməd Kərimovun və çoxlarının adını fəxrlə çəkmək olar. Məmməd Kərimovun məhkəmə tarixində şanlı səhifəsi var. Indiki Şabran rayonun Rəhimli kəndində boya-başa çatmış şəxs bir əfsanə idi. Dəvəçi, Füzuli, Xaçmaz indiki Şirvan rayonlarında məhkəmənin hakimi, sədri işləmiş Məmməd Kərimovun hər bir məhkəmə qərarı ədalət və cəsarət nümunəsiydi. Onların bir neçəsi haqqında danışmaq Məmməd Kərimovun xarakterini göstərmək üçün yetərlidir. Keçən əsrin 80-ci illərində Məmməd Kərimov Leninə həcv yazan bir şəxs barədə bəraət hökmü çıxardı. Bu o dövr üçün qeyri-adi bir hadisə idi. Çünki marksizm-leninizm mütləq hakim ideologiya idi. Ictimai-siyasi həyatın bütün sahələri Dövlət Təhlükəsizliyi Komitəsinin sərt nəzarəti altında idi. Bu bəraət hökmü ilə hesab edirəm ki, Məmməd Kərimov ədalət mühakiməsinin yeni səhifəsini yazdı. Həmişə öz prinsiplərinə sadiq qaldı. Onun danışdığı bir əhvalatı xatırlamağı vacib hesab edirəm. Məmməd müəllim bunu belə danışırdı: “Cəlilabad rayonunda Abbasağa adlı şairi xuliqanlıq cinayəti üzrə məsuliyyətə cəlb edib həbs etmişlər. Iş mənim icraatıma daxil oldu. Işlə tanış olduqdan sonra gördüm ki, ittiham tamamilə saxtadır, şair provokasiya nəticəsində həbs edilmişdi. Sonradan öyrəndiklərim də fikrimi təsdiqlədi. Şair rayonun müəllimlər konfransında raykomun birinci katibini sərt tənqid edir. Və bununla da birinci katibin qəzəbinə tuş gəlir. Həmin hadisədən çox keçmir ki, provokasiya hazırlanır və şair həbs edilir. Məmməd müəllim danşırdı ki, məhkəmənin iclas vaxtını müəyyən edib Cəlilabada yola düşdüm. O zaman Məmməd müəllim keçmiş Əlibayramlı rayonunda hakim işləyirdi. Cəlilabad rayonuna gəldikdən sonra rayonun hakimi bildirdi ki, birinci katib sizinlə görüşmək istəyir. Mən raykomun binasına getdim, birinci katiblə görüşdüm. Katib məni böyük ehtiramla qarşıladı və günortaya nahara dəvət etdi. Dəvəti ehtiram xatirinə qəbul etdim. Biz birinci katiblə raykomun binasının arxasındaki süni gölün içərisindəki yeməkxanada nahar etdik. Katib bütün söhbət ərzində şairdən öz narazılığını bildirdi. Belə məlum oldu ki, şair bunun üçün çox ciddi problemlər yaradır. Katib açıqdan-açığa şairə həbslə bağlı cəza vermək üçün məndən kömək istəyirdi. Mən ona heç bir söz demədim və soyuq vidalaşdıq. Çünki mənim qərarım daxilən hazır idi. Şair azad olunmalıydı. Məhkəmə iclasını başladıq. Məhkəmə binasının ətrafında insan izdihamı vardı. Şairi məhkəmə iclasına gətirəndə onun simasında bir ümidsizlik oxudum. Bu mənim ürəyimi ağrıtdı. Bir neçə saat məhkəmə prosesini davam etdirib prosesi yekunlaşdırıb, müşavirədən qayadaraq qərarı elan etdim. Ciddi qanun pozuntularına yol verildiyindən cinayət işi təkrar istintaqa qaytarılsın və şair Abbasağa həbsdən azad edilsin. Məhkəmə zalını və küçəni alqış sədaları bürüdü, möhtəşəm mənzərə yarandı. Insanların böyük ehtiramı ilə rayonu tərk etdim. Bilirdim ki, bu qərar çox risklidi. Çünki birinci katib Mərkəzi Komitənin üzvü idi və Mərkəzi Komitənin Inzibati orqanlar şöbəsinin müdirinin dostu idi. Hakimlər isə Mərkəzi Komitənin nomenklaturasına daxil idi. Hakimlərin taleyi bu orqandan asılı idi. Bu hadisədən sonra çoxlu izahatlar verməli oldum. Lakin bütün hallarda qəbul etdiyim qərar üçün çox rahat idim. Və qərar üçün vəzifədən getməyə hazır idim”.

Məmməd Kərimov hər bir qəbul etdiyi məhkəmə qərarı üçün belə rahat idi və ömrü boyu belə işlədi.

Çox təəssüf ki, 2000-ci illərdə Məmməd Kərimov hakimlik vəzifəsindən uzaqlaşdırıldı və bir müddət sonra dünyasını dəyişdi. Allah rəhmət etsin. Hesab edirəm ki, Məmməd Kərimov tarix yaratdı. Ədalət tarixi…

Hazırda bəraət hökmünün azlığı, eyni zamanda ədalətsiz hökmlərin çoxluğu Məmməd Kərimov fenomenini önə gətirir. Məhkəmə sistemimizdə, şübhəsiz, ədalətli hakimlər var, onların fəaliyyərtinə kölkə salmırıq. Lakin belə hakimlər o qədər azdır ki, ümumiləşdirmə aparmaq olmur, çünki bir çiçəklə bahar olmaz. Bəraət hökmlərinin statistikasına nəzər saldıqda Məmməd Kərimov kimi hakimlərin çox olmasının zərurəti görünür.

Azərbaycanda bəraət hökmləriylə bağlı statistika ürəkaçan deyil. Təsəvvür edin, bir ildə ölkədə təxminən 11 min hökm çıxarılır ki, onun da cəmi 20-30-u bəraət hökmü olur. Qalanları ittiham hökmü olur.

Ölkəmizdə bəraət hökmləri nəinki bir, heç 0,5 faiz də deyil. Statistikaya nəzər salaq.

2010-cu ildə Azərbaycan məhkəmələrində 11 min 705 ittiham hökmü çıxarıldığı halda, bəraət hökmlərinin sayı cəmi 20 olub. Bu da ümumi hökmlərin cəmi 0,17 faizi deməkdir. 2011-ci ildə ümumilikdə 11 min 307 hökm çıxarılıb ki, bunun da 11 min 286-sı ittiham, 21-i (0,18 faiz) bəraət hökmü olub. 2012-ci ildə isə 10 min 865 ittiham hökmünün qarşılığında 23 (0,21 faiz) bəraət hökmü verilib. 2013-cu ilin statistika göstəriciləri də bənzərdir – 11 min 55 ittiham, 27 (0,24 faiz) bəraət hökmü.

Azərbaycan hazırda bu cür göstəriciləri ilə dünyada ən az bəraət hökmü çıxarılan ölkələr sırasındadır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da ümumi hökmlərin 17-25 faizində təqsirləndirlən şəxslərə bəraət verilir. Bu göstərici Avropada 6 faiz, Tayvanda 12 faiz, Rusiyada 3-5 faiz təşkil edir. Rusiyada 2013-cü ildə mühakimə olunanların 4,9 faizinin barəsində bəraət hökmü çıxarılıb.

Bəraət hökmləri məhkəmə sisteminin, ədalət mühakiməsinin ən mühüm göstəricisidir. Bu göstərici subyektiv və obyektiv amillərlə bilavasitə bağlıdır. Ümumilikdə götürüldükdə cəmiyyətdəki ədalətin barometridir. Ədalət məhkəməsi yüksək binadır. Müdriklərdən birinin dediyinə görə, yüksək binanın dərin fundamenti olmalıdır. Bu fundamenti yaratmaq və qorumaq zəruridir.

Ədalətli cəmiyyət naminə!.. Unutmaq olmaz ki, ədalətli cəmiyyət insan xoşbəxtliyinin obyektiv şərtidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button