Loading...
Loading...
Xəbərlər

Hakimiyyət media haqqında reqressiv qanunu tələsik qəbul edir

Bakı/18.12.21 Azərbaycan Milli Məclisi jurnalist və ekspertlərin ciddi tənqidinə səbəb olan “Media haqqındaqanun layihəsini dekabrın 14-də birinci oxunuşda qəbul edib. “Media haqqındaqanun layihəsi dövlət tərəfindən bu il qapalı rejimdə hazırlanıb. Dekabrın 14-də parlamentdə sənədin müzakirələrində əsasən hakimiyyətin maraqlarını təmsil edən 70-ə yaxın KİV rəhbəri və deputat iştirak edib.

Qanun layihəsi jurnalistlərin bir hissəsinin kəskin tənqidinə səbəb olub. Bu barədə Azərbaycan mətbuatının 170 nümayəndəsi dekabrın 15-də yaydığı Qiymətləndirmə sənədində bildirib. Sənədi imzalayanların sayı sürətlə artır.

Turan Agentliyinin direktoru Mehman Əliyev parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Teleradioyayım Şurasının (MTRŞ) sədri İsmət Rəcəbovla görüşdə internet resurslarının lisenziyalaşdırılması da daxil olmaqla, senzura mahiyyəti daşıyan qanun layihəsinin qəbuledilməz olduğunu bildirib.

M.Əliyev “Qatarın çox da uzaq olmayan yerlərə göndərilməsi üçün platforma” sərlövhəli məqalədə qanun layihəsinin sənəd tərtib edənlər tərəfindən ifadə olunan məqsədlərini qeyd edib:

Vahid reyestr, vahid vəsiqə, dövlətin internet-platformaların fəaliyyəti üçün (audiovizual kontent, internet-televiziya) lisenziya vermək hüququ, jurnalistlərin akkreditasiya orqanının icazəsi ilə akkreditasiya olunması və s. yolu ilə dövlətin KİV-ə nəzarətini gücləndirmək. KİV-lərin vəsiqəsi qüvvədə qalır. M.Əliyev hesab edir ki, yeni şəraitdə KİV əməkdaşı öz xidməti vəsiqəsi ilə aksiyaları, tədbirləri işıqlandırmaq, akkreditasiya olunmaq hüququna malik olmayacaq.

– Vətəndaşları internet məkanında bütün informasiya təşəbbüslərinin izlənilməsini nəzərdə tutan bu qanunun tətbiqi təhdidi altında konstitusiyada zəmanət verilən fikri ifadə azadlığı hüququnu həyata keçirməkdən məhrum etmək. Sənədin mətnindən belə məna çıxır ki, qanun facebook, whatsapp, youtube-da səhifələri olan şəxslərə də şamil edilir və onların mətn, audio-vizual məlumat yayması qadağan olunur.

“Gizli məna dövlətə informasiya məkanının daha geniş seqmentinə müdaxilə etmək və onu tənzimləmək hüququ verir. Bu qanun layihəsində media və kütləvi media anlayışları qarışdırılıb. Yəni Azərbaycanın informasiya cəmiyyətinə nəzarətin həyata keçirilməsi ideyası KİV pərdəsi arxasında gizlədilib”, deyə M.Əliyev qeyd edib.

Dekabrın 17-də qalmaqallı qanun layihəsi yenidən Parlament komitələrinin müzakirəsinə “buraxılıb”. Bu dəfə ikinci oxunuşda. Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında Medianın İnkişaf Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxış edib.

O, sözə jurnalistlərin sosial müavinətlər və imtiyazlar alacağından başlayıb, bunun yeni qanunun qəbulundan sonra baş verəcəyini qeyd edib. KİV-də elanların yerləşdirilməsi ilə bağlı əhəmiyyətsiz tənqid haqqında fikir bildirən İsmayılov qanun layihəsinin mühüm bəndinə – jurnalistlərin gizli çəkiliş aparmasının qadağan edilməsi haqqında bəndə keçib. MEDİA rəhbəri qeyd edib ki, gizli çəkilişin qadağan edilməsi media qurumlarının parklarda, küçələrdə çəkiliş aparmasına şamil edilmir: “Gizli çəkiliş dedikdə gizli ideya, audiovizual çəkiliş nəzərdə tutulur və media subyektlərinin fəaliyyətinə hər hansı məhdudiyyətdən söhbət getmir. Bu, sadəcə olaraq yanlış anlaşılıb”.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

Amma İsmayılovun sözləri yeni şübhələr doğurur. “Gizli ideya” nə deməkdir və polis jurnalisti əlində videokamera ilə saxladıqda onun küçədən, tutaq ki, Əhməd İsmayılovun villasını çəkərkən hansı ideyasının olduğunu necə müəyyən edəcək?

Komitə sədri Zahid Oruc da şübhəli bəyanat səsləndirib. O, əvvəlcə qanunun ilk növbədə xalq üçün işlənib hazırlandığını deyərək, təəccübləndirib. Yəni, başa düşmək lazımdır ki, KİV-lərin və jurnalistlərin maraqları ikinci növbədədir və ya ümumiyyətlə nəzərə alınmayıb.

Oruc qanun layihəsini tənqid edənlərin sənədin beynəlxalq normalara uyğunsuzluğu haqqında fikri ilə razılaşmayıb: “Ümid edirik ki, beynəlxalq təşkilatlar “Media haqqında” qanuna müsbət yanaşacaqlar”.

Daha sonra Oruc növbəti “islahatların” anonsunu verib: “(bizi) dövləti konservatizmdə ittiham etməyə çalışırlar. Qanun KİV sahəsində islahatların birinci mərhələsini ehtiva edir…”.

O, qanun layihəsinin blogerlərin fəaliyyətini tənzimləmədiyini əlavə edərək, gərginliyi bir qədər azaldıb. Qanun yalnız peşəkar jurnalistlərin fəaliyyətini nəzərdə tutur.

Amma “islahatların növbəti məhrələlərində” qanunvericilər daha da irəli gedə və Media Agentliyi tərəfindən verilmiş vahid vəsiqəyə malik olmayan jurnalistlərin peşəkar deyil, həvəskar olduğunu müəyyən edə bilər. Və deməli, onların cəmiyyəti maraqlandıran obyektlərin çəkilişini aparmasına icazə verilməyəcək…

Elə həmin iclasda Milli Teleradioyayım Şurasının sədri İsmət Səttarov qanun layihəsinə yeni bənd daxil edildiyini bildirib. Yeni 30.8-ci bənddə belə deyilir: bilavasitə İnternet vasitəsilə audiovizual proqramlar yayımlayan hüquqi şəxslər yalnız müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilər.

Aydındır ki, hakimiyyət komandası tələsik şəkildə qanun layihəsi üzərində işləyir, mətnin Avropa qurumlarının tənqidindən yayınmaq məqsədilə dəyişdirilə biləcəyi istisna deyil. Amma sənəd üzərində nə dərəcədə dərindən işlənəcək?

“Media haqqında” qanunun tələsik qəbulu kampaniyasına başlarkən qanunun 1 yanvar 2022-ci il tarixində prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəyi deyilmişdi. Deputat Erkin Qədirlinin dediyinə görə, konstitusiya prezidentə qanun layihəsi ilə tanışlıq üçün 56 gün verir. Yanvarın 1-nə 13 gün qalıb. Deməli, qanun layihəsi təcili rejimdə qəbul ediləcək. -0-

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button