Now Reading:
Hakimiyyət seçkinin tezləşdirilməsini ATƏT-ə necə izah edib?

Hakimiyyət seçkinin tezləşdirilməsini ATƏT-ə necə izah edib?

ATƏT-in hesabatından: “Rəsmi səbəb açıqlanmasa da, hökumət müşahidə missiyasına bildirib ki…”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək. Missiya ölkədədə seçki öncəsi mühiti dəyərləndirmək üçün fevralın 21-22-də Bakıya səfər edib. Seçkiöncəsi müşahidə missiyasının üzvləri burada hökumət rəsmiləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqa adamlarla görüşərək, problemlərlə maraqlanıblar. Səfərin nəticələrinə dair hesabat hazırlayıblar. Sənəd artıq açıqlanıb.

Hesabatda bildirilir ki, missiyaya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki departamentinin rəhbəri Aleksandr Şlık, bu qurumun seçki məsələləri üzrə baş məsləhətçisi Ana Rusu və digərləri daxil olub.

ATƏT-in tövsiyələrinə əhəmiyyət verilməyib

Hesabat müəllifləri yazır ki, Azərbaycanda seçki qanunvericiliyinə bu ölkədə keçirilmiş son seçkidən sonra heç bir dəyişiklik olunmayıb. O cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki qanunvericiliyi ilə bağlı tövsiyələri də nəzərə alınmayıb. Seçki komissiyalarının reallıqda müstəqil olmadığı, komissiya üzvlərində çoxluğun hökumətyönlülərdən ibarət olduğu bildirilir.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, ölkədə 5.1 milyon nəfər 18 yaşına çatıb səsvermə hüququ olan seçici var. Amma müşahidə missiyasının söhbətləşdiyi şəxslər seçici siyahılarının dəqiqliyi, namizədin qeydə alınması üçün lazım olan 40 min imzanın yoxlanması, rəqabət mühiti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bu ölkədə Konstitusiya söz və ifadə azadlığına təminat versə də diffamasiya qanunvericilikdə cinayət əməli kimi saxlanılır, iki ilə qədər həbs cəzası nəzərdə tutulur. Ölkədə mediaya etimad yoxdur, sosial şəbəkələrdən istifadə üstünlük təşkil edir.

Sənəddə bildirilir ki, seçkiləri müşahidə etmək üçün ekspertlər komandasına ATƏT-ə üzv olan 30 ölkələrdən 30 nəfər uzunmüddətli və 280 nəfər qısamüddətli müşahidəçilər daxil olacaq.

Müşahidə missiyasının söhbətləşdiyi QHT nümayəndələri layihələrin icrası üçün xaricdən maliyyə alınmasını qadağan edən qanunvericiliyi yada salır, bu üzdən seçkilərlə bağlı da fəaliyyətlərinin məhdudlaşdığını bildirirlər.

Parlamentdə ancaq YAP-ı dəstəkləyənlərdir

Hesabatda yada salınır ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklər, prezidentin səlahiyyətlərinin artırılması ilə əlaqədar həm BMT-nin İnsan Haqları Komitəsi, həm də Avropa Şurasının Venesiya Komissiyası öz narahatlığını bəyan edib.

“Builki prezident seçkilərinin vaxtından tez keçirilməsi ilə bağlı hər hansı səbəb rəsmi şəkildə açıqlanmayıb. Amma hökumət təmsilçiləri ATƏT-in müşahidə missiyasına bildirib ki, 2025-ci ildə parlment seçkiləri ilə prezident seçkilərinin eyni vaxtda keçirilməməsi üçün belə bir qərar verilib.

Bu ölkənin parlamentində 125 deputat yerindən 72-sində hakim YAP təmsilçiləridir. Daha 12 deputat parlament müxalifəti kimi təqdim olunsa da, adətən YAP-ı dəstəkləyirlər. 40 nəfər də müstəqil namizəd kimi təmsil olunsa da, onlar da YAP-ın dəstəkçiləridir”, – hesabatda belə yazılıb.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.