Now Reading:
Hakimiyyətin pulsuz icbari tibbi müayinə saxtakarlığı

Son illər ölkədə “əhalinin pulsuz tibbi müayinədən keçirilməsi” adlı bir kampaniya aparılır. Hər dəfə dönə-dönə vurğulanır ki, nəcib təşəbbüs birbaşa ölkə başçısı İlham Əliyevin özündən gəlir. Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə : “Bu 2014-ci ildən bəri hər il 3 ay ərzində keçirilən icbari tibbi müayinədir. Əgər bunu dövlət təşkil edirsə, onsuz da dövlət xəstəxanaları pulsuzdur. Sadəcə, bu zaman həkimlər, sahə həkimləri 18 yaşdan yuxarı hər kəsə zəng edib məcburi olaraq tibbi müayinəyə çağırırlar”. Nazirlik rəsmiləri doğrumu deyirlər? Doğrudursa, niyə indiyə qədər o nəcib təşəbbüsdən doğru-dürüst yararlanan xəstə görən olmayıb? Xülasə, keçən il fevral ayının 15-dən may ayının 1-dək davam edən kampaniyaya bu il yenidən start verilib. Deyilənə görə tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçılarının müvafiq sərəncamı ilə xüsusi komissiyalar yaradılıb. Əhalinin məcburi tibbi müayinəyə cəlb olunmasına da həmin komissiyalar nəzarət edir. Keçən ilin statistikasına baxanda belə məlum olur ki, ölkənin ən azı 70 %-i həmin kampaniyadan pulsuz-parasız yararlanıb, sağlamlığını yoxladıb. Məsələn, hazırda kampaniyanın başlandığı elan olunan Xətai rayonunun keçənilki göstəricilərinə baxaq.
Rəsmi məlumata görə, ötən il rayonda yaşayan 261100 nəfər əhali arasında 200 mindən çox əhaliyə tibbi xidmət göstərilib və onların 153,5 min nəfəri tibbi müayinədən keçib. Müayinə nəticəsində sakinlərin 141,9 min nəfəri sağlam hesab edilib, 10,6 min nəfəri ambulator, 958 nəfəri isə stasionar müalicəyə cəlb olunub. Bölgələr üzrə bir rayonun nümunəsinə nəzər saldıq və seçdiyimiz Balakən rayonunun nümunəsində də yetərincə parlaq rəqəm çıxdı. Məlum oldu ki, Balakəndə ötən il 95,9 min nəfər əhali arasında 60 mindən artıq insan pulsuz müayinədən keçib. Bu il isə hər iki rayon üzrə icbari müayinəyə cəlb olunanların daha da artacağı bəyan olunur.

Əslində kampaniya necə gedir və həqiqi mənada ondan pulsuz faydalananlar varmı? Məsələni dəqiqləşdirmək üçün Xətai rayonunda yaşayan bir neçə ailəylə əlaqə saxlayıb, onların kampaniya haqqında hər hansı məlumatı olub-olmadığını soruşduq. Nərgiz Məmmədova deyir ki, kampaniya haqqında televiziyadan eşidib, amma onlara rəsmi şəkildə heç kim məlumat verilməyib. O qeyd edir ki, pulsuz müayinə olsa, şübhəsiz, gedib keçmək istəyər, amma inamı olmadığı üçün məsələyə heç də ciddi yanaşmır. Başqa bir rayon sakini Zamiq Məmmədov isə deyir ki, ümumiyyətlə, kampaniya haqqında məlumatsızdır. O bildirir ki, əvvəlki illərdə bu barədə eşidib, amma tanışları ona deyiblər ki, kampaniya sadəcə, təbliğat üçündür, ortada pulsuz müayinə, filan yoxdur. “Onsuz da, indi adı pulsuz, özü pullu olan dövlət tibb müəssisələrinə heç kimdə inam yoxdur. Yaxşı yoxlanmaq istəyən özəl müəssisələrə qaçır, hələ orda da normal həkimlər olsa…” deyə müsahibim bildirir. Balakən rayonundakı dostlardan biri isə bildirdi ki, onun kampaniya haqqında məlumatı var, bu haqda televiziyadan eşidib. Amma o da vurğuladı ki, illər ərzində tanıdıqlarımdan kiminsə bu kampaniyada gedib doğru-dürüst müayinədən keçdiyini eşitməyib. “Dünən qardaşım rayondakı tibb müəssislərinin birində müayinəyə getmişdi, həmişəki kimi ödəniş edib yoxlamadan keçib.”
Bu deyilənlərdən sonra bir sual yaranır: “Əgər bu kampaniyadan, həqiqətən, normal şəkildə yararlanan yoxdursa, onu hər il təbliğata çevirib, gözə soxmağın anlamı nədir?” Dövlət tibb müəssisələrindən birində çalışan həkim tanışımız da deyir ki, “bu kampaniya 4 ildir aparılır, amma heç bir effekti yoxdur”. “Çünki hər şey televiziya, təbliğat, şou üçündür. Nazirliyin açıqladığı rəqəmlərin bir faizi belə tam gerçəkliyi əks etdirsəydi, bu da böyük iş idi. Amma hər şey kağız üzərində plan doldurmağa hesablanır. Qoy o plana salınan əhali sayının 2-3 faizi, ən imkansız təbəqəsi müayinədən keçsin, ancaq həqiqi mənada keçsin. Təəssüf ki, belə deyil…”

Dörd ildir yüksək kürsülərdən uca səslə bəyan olunan “icbari müayinə kampaniyası”nın təfərrüatları belədir. İstəsəniz, özünüz də maraqlanın, normal müayinəyə cəhd edin, təəssüratlarınızı da yazıb bizimlə bölüşün, xəbərimiz olsun…

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.