2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

“Hakimiyyət insan hüquqlarına hörmət etməkdən daha çox onu pozmaq barədə düşünür”

Ənnağı Hacıbəyli: “Ziyalılar, düşüncə sahibləri arasında intihara təkcə acizlik kimi yanaşmaq məsələni bəsitləşdirməkdir”
24saat.org tanınmış hüquqşünas Ənnağı Hacıbəyli ilə müsahibəni təqdim edir.

– Ənnağı müəllim, Novruz Bayramı ilə bağlı prezident Əliyevin imzaladığı əfv sərəncamı artıq yerinə yetirilib. Sizin qiymətləndirməniz nədən ibarətdir?
– Əfvə münasibət müsbətdir. Ancaq bu əfvdən gözlənti çox idi. Çox təəssüflər olsun ki, gözləntilər özünü doğrultmadı. 160-a yaxın siyasi məhbusdan cəmi yeddi nəfər siyasi məhbus əfv sərəncamına düşüb. Bu çox təəssüfləndirici haldır. Düzü, hüquq ictimaiyyətinin, hamının gözləntisi var idi ki, siyasi dustaqların çoxu ixtisar oluna bilər. Amma təəssüflər olsun ki, bu baş vermədi. Hesab edirəm ki, əfv siyasətində insan hüquqları hələ kifayət qədər öz yerini tapa bilməyib.

– Dediniz əfvdən gözləntilər çox idi. Hansı məqamlar bu gözləntilərin həyata keçməsinə imkan vermədi?
– Ümumi cavab versəm təbii ki, siyasi iradə çatmadı. İkincisi, güman edirəm ki, bu hakimiyyətin mahiyyəti ilə bağlıdır. Hakimiyyət insan hüquqlarına hörmət etməkdən daha çox onu pozmaq barədə düşünür. Səbəblər budur. Əslində siyasi məhbus siyahısının xeyli dərəcədə ixtisar edilməsi əlbəttə, bir fərmanla həll edilə də, edilməyə də bilərdi. Ancaq tam həll ediləcəyi məntiqi də yox idi. Bu problemin həlli hər şeydən əvvəl Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərə bilərdi. Avropa Şurası və digər beynəlxalq institutlarda Azərbaycanın işinə yaraya bilərdi. Amma görünür hakimiyyətin mahiyyəti odur ki, daha çox cəmiyyəti qorxu və xofda saxlamaq haqqında düşünürlər, nəinki insanlara azadlıq vermək barədə.

Saytların yığılması Saytlarin yigilmasi

– Amma iş ondadır ki, həbslər də davam edir…
– Bu bir daha dediyimi sübut edir. Yəni təsdiq edir ki, hakimiyyət insan haqlarına hörmətdən daha çox cəmiyyəti qorxuda saxlamaq barədə düşünür. Bu həbslər əslində siyasi fəallığın qarşısının alınmasına yönəlib. Bu təkcə bizim ölkəmizlə bağlı məsələ deyil. Fikir verin, Rusiya və Türkiyədə də buna oxşar proseslər gedir. Elə bil ki, demokratik düşüncə, insan haqlarına hörmət, beynəlxalq nüfuz qazanmaqla ölkənin gələcəyinə nail olmaqdan daha çox nəyinsə bahasına olursa-olsun hakimiyyətin saxlanması barədə düşünülür. Nəticədə də zaman-zaman belə həbslər baş verir. Təsəvvür edin ki, o boyda siyahıda yeddi nəfər azad edib, sonra həbslər aparmaq onu göstərir ki, ölkəni avtoritar üsullarla idarə etmək və irəliləmək fikri hakimdir. Bu da, çox təəssüf doğuran haldır.

– Bu mexanizm əsasında fəaliyyət və irəliləmənin nəticəsi nədən ibarət olacaq?
– Bu artıq hüquqi deyil, siyasi məsələdir. Proqnoz vermək bir tərəfdən çətindir, amma başqa tərəfdən reallıqlara istinad edərək proqnoz versək bu ölkəni yaxşı bir yerə aparıb çıxarmayacaq. Avtoritar idarəçilik gücləndikcə ölkənin beynəlxalq nüfuzu aşağı düşür, ölkə daxilində gərginlik artır. Hər bir halda sosial partlayış təhlükəsindən danışırlar. Söhbət ondan getmir ki, bu gün və ya 10 gündən sonra sosial partlayış olacaq. Amma bütün hallarda cəmiyyətdə toplanan bu mənfi enerji nə hakimiyyət üçün, nə xalq üçün, nə də ölkənin gələcəyi üçün müsbət heç nə vəd eləmir.

– Bir çox mütəxəssislər hesab edir ki, artıq insan haqları, demokratik dəyərlər Avropa və ABŞ-da arxa plana keçib, hazırda daha çox təhlükəsizlik və yüni dünya düzənindən çox pay əldə etmək ön sıraya çıxıb və buna görə də, müharibələrin sayı artır. Siz, necə düşünürsünüz?
– Mən bu fikirlərlə qismən razıyam. Əslində insan haqları və demokratiya ideallarının bütün dünyada müəyyən qədər geriləməsi müşahidə edilir. İstər ərəb ölkələrinə hərbi müdaxilə, istər qaçqın axını və bunun qarşısının alınması üçün tədbirlər görülməsi, beynəlxalq aləmdə bəzən ikili standartlara yol verilməsi və digər bu kimi hallar təbii ki, dünya miqyasında demokratik proseslərin ləngiməsi, bəzən mənfi istiqamətdə inkişaf etdiyini göstərir. Amma bizim hakimiyyət və onu müdafiə edən siyasətçilər təəssüflər olsun ki, bu haldan insan haqlarına hörmətsizlik ifadə edən əməllərinə haqq qazandırmaq üçün istifadə edirlər.

Bir tərəfdən dünyada son dövrlər baş verən proseslər hər bir ölkədə milli təhlükəsizlik məsələsini önə çıxarır. Təbii ki, çoxlu sayda qaçqın axınının müqabilində bir sıra Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsin də problem yaradır. Eləcədə sosial xarakterli problemlər ortaya çıxır. Məsələn, İsveçdə çoxlu sayda zorlama hadisələrinin artması, qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən əlavə vəsaitlərin xərclənməsi ehtimalı sözsüz ki, problemlər yaradır. Amma o da həqiqətdir ki, bu problemlərin yaranmasında ABŞ və digər dövlətlərin günahı var. Çünki dünyada qüvvələr nisbətinin dəyişməsinə edilən cəhdlər belə arzuedilməz proseslərə səbəb olur.

– Azərbaycanda intiharlar ciddi bir problemə çevrilir və intihar statistikası durmadan artır. Siz, bu problemi daha çox hansı səbəblərə bağlayırsınız?
– Əlbəttə, intiharlar mövzusu daha çox sosioloqların işidir. Mən bu mövzuda özümü mütəxəssis hesab etmirəm. Ancaq hesab edirəm ki, intiharlar daha çox ölkədə yaranan mühit, iqtisadi çətinliklər, cəmiyyətdə baş verən deqradasiya halları ilə bağlıdır. İşsizliyin artması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi halları boşanmaların sayının artmasına, ailədaxili zorakılıq hallarının və intiharların çoxalmasına təsir edir.

Ona görə də, intihar hallarına primitiv yanaşmaq, onu başqa cür izah etmək məncə yanlışdır. Bəzən intihara zəiflik əlaməti kimi baxırlar. Bəzən fərdi səbəblərə bağlayırlar. Əslində isə bunlar ölkədə iqtisadi çətinliklər, əhalinin gəlirlərinin aşağı düşməsi fonunda insanlar arasında və ailədaxili münasibətlərdə inkişafın mənfiyə doğru istiqamətlənməsi ilə bağlıdır.

– Demək istəyirsiniz ki, intiharlar insanın zəifliyi ilə birbaşa bağlı məqam deyil?
– Qətiyyən bu insanın zəifliyi ilə bağlı məsələ deyil. Əlbəttə, intihar edən şəxslər arasında zəif iradəli, fərdi xarakterli məsələ ola bilər. Amma bütövlükdə götürdükdə intiharları iradə zəifliyi, acizliklə əlaqələndirməklə razı deyiləm. Bu yaxınlarda sosial şəbəkələrdə fikrimi qısaca bildirmişdim. Hesab edirəm ki, bəzən intihar etmək üçün daha böyük iradə tələb olunur, nəinki iradə zəifliyi. Odur ki, bu məsələlərin primitiv izahı ilə razı deyiləm. Hər bir halda intihar insanın fərdi qərarı, xüsusiyyəti, dünyaya, yaşama fərdi münasibətidir. Amma həm də intihar çox ağrılı, çətin prosesdir. Xüsusilə, ziyalılar, düşüncə sahibləri arasında intihara təkcə acizlik kimi yanaşmaq məsələni bəsitləşdirmək deməkdir.

Nemət

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button