2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Hakimiyyətin qurduğu absurd tamaşaları

Yaxud, əyrinin keşiyində durub, doğruya qənim kəsilən “ədalət” məhkəmələri

Müdriklərin zamanında dediyi “haqsızlığın ilk qurbanları haqq adamları olur” ifadəsi sanki bizim indiki vəziyyətimizi əks etdirir. Ölkədə baş verən haqsızlıqlar, ədalətsizliklər saya-hesaba gəlməyəcək qədər çoxdur. Bir-biri ilə ziddiyyət təşkil edən o qədər məsələlər var ki, araşdırmağa ömür yetməz. Bəzən birinin təqsirləndirilib həbs edildiyi maddə ilə bir başqası bəraət alır. Müqayisə olunası minlərlə fərqli məsələlər var. Uzağa getməyək. Götürək “MTN işi” üzrə prosesdə zərəəkmiş qismində ifadə verən “Bakı Metropoliteni”nin keçmiş rəhbəri Tağı Əhmədovun ifadəsini, təqsirləndirilən tərəfin iddialarını və hakimin iddiaları ört-basdır etməsini. Müqayisə üçün digər tərəfdə isə Azadlıq qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsinə, şahidlərin ifadələrinə və hakimin münasibətinə baxaq. Eyni vaxtda iki məhkəmə gedir. Birində dövlətin milyonlarının mənimsənilməsi hakim tərəfindən ört-badtır edilir, digərində isə başdan sona qədər quraşdırılmış sseanri ilə keçirilən məhkəmədə hakim şahiddən işə təsir edəcək ifadələr almaq üçün canfəşanlıq göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Tağı Əhmədovun ifadəsi zamanı təqsirləndirilən tərəfin vəkili sul verir ki, “deyirsiniz, Akif Çovdarov sizdən 3 milyon manat alıb, zəhmət olmasa, deyin görək 3 milyonun mənbəyi haradır?”, “axı sizin 2006-cı ildən bəri illik gəliriniz rəsmi olaraq 22-25 min manat olub”. Tağı Əhmədov ağzını açmağa imkan tapmamış hakim Həbib Həsənov bildirir ki, bu suala cavab verməyin. Sual mahiyyətdən kənardır. Vəkilin israrından sonra Tağı Əhmədov deyir ki, o zaman 3 milyon elə də böyük pul deyildi. Vəkilin “metrolardakı ticarət obyektlərindən yığılan pulların sizə, şəxsən Tağı Əhmədova hansı hissəsi gəlib çatırdı?” sualı zamanı dərhal hakim dövrəyə girir və bildirir ki, bu suala cavab vermə.

Təsəvvür edin, insanlar bankların əlində girov qaldığı bir zamanda, şəhid ailələrinin baxımsız qaldığı bir vaxtda, tələbələrin təhsil haqqını ödəyə bilməyib təhsilini yarımçıq qoyduğu zamanda Tağı Əhmədov üçün 3 milyon ciddi pul hesab olunmurmuş. Üstəlik ölkənin təməl strukturlarından olan məhkəmə sistemi bu işi dərhal nəzarətə götürmək əvəzinə işin üstünü malalamaqla məşğul olur.

İfadə zamanı təqsirləndirilən tərəfin vəkili bildirib ki, “MTN yoxlaması zamanı sizin 200 milyon manat mənimsədiyiniz məlum olub”. Dərhal özünü Tağı Əhmədovun vəkili kimi aparan hakimlər sualı mahiyyətdən kənar hesab edir və cavablandırmağa imkan vermir. Proses zamanı o da məlum olur ki, Tağı Əhmədov işdən çıxarılandan iki ay sonra qardaşı uşaqları 4-5 milyon manat pul yığıb. Ölkənin iki ciddi qurumunun məşğul olduğu işlərə baxın. Bir tərəfdə 200 milyonluq yeyinti olduğunu aşkar edən və rüşvət alıb işi batıran MTN, digər tərəfdə isə xalqın pulunu öz obyektindən gələn gəlir kimi xərcləyən, lazım olanda da rüşvətini verib işini aşıran Metropoliten.

“MTN işi” prosesində nələrin şahidi olmadıq ki… Aylıq xərci 300 min manat olan nazirlər də gördük, dövlətin təhlükəsizliyi ilə məşğul olmalı olan MTN-nin iş adamlarını “podval”a salaraq külli miqdarda pul mənimsədiyini də. Ən dəətlisi isə aylıq xərci 300 min manat olan nazirin Elmlər Akademiyasında yeni vəzifəyə təyin olunmasıdır.

İndi də gəlin Faiq Əmirlinin məhkəməsinə baxaq. Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Baş Prokurorluq və DİN birgə bəyanatla onu Fətullah Gülən şəbəkəsinin Azərbaycanda “imamı” elan eləmişdi. Maşınının yük yerinə də baş prokurorun mərhum əmisinin redaktorluq etdiyi, Fətullah Gülənlə bağlı kitablar atmışdılar. Amma istintaq nə o kitablarla maraqlandı, nə də Faiq Əmirlinin “imamlığını” araşdırdı. 2017-ci il aprelin 17-də isə ona yeni ittihamlar irəli sürüldü – vergidən yayınma və vəzifə səlahiyyətindən sui-istifadə. Faiq Əmirlinin hazırda davam edən məhkəməsi bu ittihamların da “Gülənçi” ittihamından betər gülünc olduğunu üzə çıxarır.

Təsəvvür edin ki, məhkəmədə şahid ifadəsi ilə üzə çıxır ki, istintaq qəzetdə 2001-ci ildə şəxsiyyət vəsiqəsinin itməsi barədə pulsuz verilən pulsuz elanı 2011-ci ilə rəsmiləşdirib, üstəlik elana görə 2 manat pul alındığını yazıb. Məhkəmə başdan-ayağa istintaqı ifşa edən belə epizodlardan ibarətdir.

Beləliklə, hakimiyyət sifarişli məhkəmələrin simasında bir tərəfdən özünün korrupsiya içində boğulduğunu, o biri tərəfdən də cəmiyyəti ədalətsizlikdə boğduğunu ortaya qoyur.

Bu ölkədə sistemləşdirilib, hər gün daha da təkmilləşdirilən bir mexanizm varsa, o da rüşvətin alınması mexanizmidir. Saat kimi dəqiq işləyir. Yoxsa 200 milyonluq bir yeyinti iddiasının, rüşvət kimi verilən 3 milyon manatın mənbəyi araşdırılardı. Daha qəzetə verilən elanların arxasınca düşməzdilər.

Azadlıq qəzeti, qəzetin saytı hər zaman bu kimi korrupsiya faktlarını araşdırıb, olduğu kimi cəmiyyətə təqdim edib. Baş korrupsionerlərin də narahat olduğu məqam hər zaman bu olub. Faiq Əmirlini də qəzeti bağlamaq üçün saxta qurama ittihamlarla həbs etdilər. Gördülər bu da bəs eləmir, qəzetin saytına girişi blokladılar.

Bəs, bütün bunlar çıxış yoludurmu? Əlbəttə, deyil. Ölkədə böhran çox acınacaqlı vəziyyətdədir. Hökumət də xarici investor axtarışına çıxıb. İndi siz deyin, belə məhkəmə sisteminin, hakimlərin olduğu bir ölkəyə kimsə gətirib pul yatırarmı? Bir tərəfdə günahsız insanın şərlənməsi, həbsini əsaslandırmaq üçün əl atılan çoxnövlü saxtakarlıqlar, digər tərəfdə isə mənimsənilən milyonların gizlədilməsi faktları…

Aqil Məhərrəmov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button