Loading...
Loading...
Cəmiyyət

“Hamı satır” – Lənkəran bazarında bir gün…

Lənkəranın mərkəzi bazarı şəhərin ortasında yerləşir. Şəhərin ona yaxın küçəsi burda kəsişir. Bazarı əhatəyə alan fərdi yaşayış evlərindən axan çirkli su bazarın yaxınlığından axır. Üfunət iyi ətrafa yayılır.

Burda toz-torpağın, üfunətin içində alış-veriş gedir. Yaxınlıqda kənd təsərrüfatı məhsulları satan yaşlı bir qadın deyir ki, belə şəraitə çoxdan öyrəşiblər: “Pensioner adamam. Gəlmişəm 1-2 manat qazanım. Evdə hamı işsizdir. Pensiya çatmır. Mənimlə yanaşı duran qadınların hamısı pensionerlərdir. Çox vaxt alıcılar məndən soruşurlar ki, burda axan çirkab suya necə dözürsən? İllərdir bura gəlirəm, elə belə görmüşəm. Hələ harasıdır! Qışda daha pis olur”.

Ondan satdığı məhsulların qiymətini soruşuram, cavab verir ki, qiymətlər hər dəfə dəyişir. Satdığı, əsasən, yerli məhsullardır: “Açıq sahədə kənd təsərrüfatı məhsulları yetişib. Pomidorun bir kiloqramı 80 qəpikdir, xiyarı aşağı qiymətə də verərəm, kənddən almışam. Tərəvəzi özüm yetişdirmişəm…”

“Hamı eyni məhsullardan satır”

Həmsöhbətimizin dərdi açılır, danışır ki, qiyməti nə qədər münasib etsə də, alıcı azdır.

“Gətirdiyim məhsulların 20-30 faizini sata bilirəm. Görürsən, hamı eyni məhsullardan satır. İstidir, gün vurur başımıza. Hələ məndə kölgəlik var. Səhər gün çıxmamış gəlirik, günorta saat 3-də evimizə qayıdırıq”,- deyən yaşlı qadın söhbəti burda bitirir.

Balıq satan Göyşaban kənd sakini İqbal Həsənovun sözlərinə görə, əvvəllər bazarla dolanmaq olurmuş, amma indi yox: Bahalaşma davam etdikcə bazara gələnlərin sayı da azalır. Bahalaşma belimizi qırıb, yaşamaq çətinləşib. Sarı adasından balıq gətirib satıram. Dənizdən balıq da çıxmır. Gündə iki-üç balıq alıb gətirirəm. Çörəkpulu qalır”.

Satıcı: “Qazanc azalıb”

Yaxınlıqda un, taxıl, kəpək satan mağaza yerləşir. Satıcı suallarımıza həvəssiz cavab verir: “Siz çəkib verirsiniz, sonra gəlib başımızı ağrıdırlar. Dərdimizi deməyə də qoymurlar”.

Bazarda heç kim adını söyləmək istəmir, hamı dərdini danışıb tələsik uzaqlaşır.

Qiymət artımından danışan satıcı adətən onların günahlandırıldığını söyləyir: “Biz kimik qiymət qaldıraq! Bizə nə verirlər onu satırıq. Onu deyim ki, qazanc azalıb. Yanımda köməkçi saxlayırdım. Qazanc azaldığı üçün onu çıxartdım. Problem bahalaşmadadır. Ötən ilə nisbətən bütün qiymətlər 50-60 faiz artıb. Elə məhsul var 100 faiz bahalaşıb. Keçən il bu vaxtı 50 kiloqramlıq unun bir kisəsi 23-25 manat idi, indi 39 manat olub. Dağda yaşayanlar adətən kisələrlə un alırlar. Onlarda çörək sexi yoxdur. Çörəyi hərə öz evində təndirdə bişirir. Qış dörd-beş ay çəkir. Əvvəllər dörd-beş kisə alırdılar, indi alırlar iki kisə. Ala bilmirlər. 20-kiloqramlıq kəpəyin bir kisəsi olub 7 manat 50 qəpik. Keçən həftə buğdanın bir kiloqramı 70 qəpik idi, bu həftə olub 75 qəpik. Anbarlardan mal gəlmir. Qiymət artımını gözləyirlər”.

Gözdən qaçırmayın:  Daha 10 ailə Zəngilana qayıtdı

“Kasıbçılıqdır, hamı qaçır bazara”

Ona diqqətlə qulaq asan bir alıcı da söhbətə qarışır, deyir ki, bahalaşmanın qarşısı alınmasa, vəziyyət daha da pisləşəcək. O, aldığı məhsulları göstərir: “Bu bir qutu vermişeli ötən həftə 90 qəpiyə almışdım, indi 1 manat 5 qəpiyə aldım. Adətən ilin bu vaxtı kənd təsərrüfatı məhsulları ucuz olur. Pomidorun, xiyarın, kartofun, soğanın üç-dörd kiloqramını 1 manata alırdıq. İndi bu məhsulların bir kiloqramı 1 manatadır. Yemişin kiloqramı olub 80 qəpik. Meyvələr də bahadır, yaxın düşmək olmur. Hər şey bahalaşıb”.

Yaxınlıqda sarımsaq satan ortayaşlı bir kişi bazarda satıcıların çox olmasından gileylənir: “Hamı satır. Kasıbçılıqdır, hamı qaçır bazara, bəlkə, bir şey satdı. Zavod yox, fabrik yox. İş də yoxdur. Səhərdən bir kilo sarımsaq sata bilməmişəm. Yerli sarımsaq çıxıb, bir kiloqramı 3 manata, 2 manata da var. Səhərdən burda əyləşmişəm, amma qazancım yoxdur. İş olsa, gedib işləyərəm”.

“Rus rublu çox gəlir”

Bazarda, deyəsən, durumdan bircə pul dəyişən razıdır. O deyir ki, bazarı canlandıran rus rubludur: “Rus rublu çox gəlir. Lənkərandan Rusiyada yaşayan çoxdur. Onlar istirahətə gəlirlər, özləri ilə rubl gətirirlər. Gündə bəlkə 30-40 nəfərə rus rublu dəyişirəm. Rusiyadan gələnlər daha dollar gətirmirlər. Rus rublu Rusiyada ucuzdur, burda nisbətən bahadır, qiymət hər dəfə dəyişir. Ona görə biz rus rublunu çox almırıq. Etibar yoxdur. Hazırda 1000 rus rublunu 27 manat 50 qəpiyə alırıq. Ola bilər, bir saatdan sonra qiymət dəyişsin”.

Beləcə bazardakılarla danışa-danışa yaxınlıqdakı avtobus dayanacağına çatırıq. Burda hamı bahalıqdan, bir də kasıbçılıqdan şikayət edir.

The post “Hamı satır” – Lənkəran bazarında bir gün… appeared first on 24 saat.

24 saat” ““Hamı satır” – Lənkəran bazarında bir gün…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button