2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hansı məntiqlə?

Dövlətin halı və rəftarı imkan vermir ki, ona hörmət edim

Əgər kimsə zənn edirsə ki, 44 günlük müharibədən və tarixi qələbədən sonra hakimiyyətin içində Azərbaycan xalqına və vətəndaşların təməl hüquqlarına hörmət artdı, özünü aldatmasın. Müharibədən əvvəl də, qələbədən sonra da Azərbaycan vətəndaşı hakimiyyətin gözündə heç kim idi və eləcə də qalır. Azərbaycan hakimiyyətinin vətəndaşlarımıza dəyişməz münasibətini ölməz Mirzə Ələkbər Sabir özünün “Fələ, özünü sən də bir insanmı sayırsan” şeri ilə tam ifadə edib. İstər fəhlə olsun, istərsə də “adə əkinçi”, fərqi yoxdur, hakimiyyətin gözündə bu məxluqatla yalnız yasaq, zopa və şillə-təpik dili ilə danışmaq mümkündür.

Elə hey çalışıram dövlətimizə bir balaca hörmət edim, heç cür alınmır. Dövlətin halı və rəftarı imkan vermir ki, ona hörmət edim.

Saytların yığılması Saytlarin yigilmasi

Deməli, əhvalat vaqe olur şanlı Astara rayonunda. Burada məni sevindirəcək bir hadisənin təməli qoyulur: Həmoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev və bir neçə kənd sakini qərara gəlirlər ki, kəndə turistləri cəlb etmək üçün iyulun 16-da kəndin ətrafındakı çəməndə festival keçirsinlər. Təşkilatçılar nəzərdə tutmuşdular ki, bir gün ərzində bu çəməndə çadırlar və bölgədəki tarixi abidələrin fotosurətləri olan lövhələr qurulacaq, milli mətbəx nümunələrinin sərgisi-yarışı və ustad aşbazların dərsləri keçiriləcək, milli folklor ansambllarının konserti, endemik dərman bitkilərinin nümayiş və satışı təşkil ediləcək.

Məne-biçarə sevinməyə hazırlaşırdım ki, nəhayət, vətənimdə bir dəstə sıravi vətəndaş hökumətdən və Dövlət Neft Fondundan vəsait ummadan öz təşəbbüsləri ilə bir kəndin sakinlərinin iqtisadi həyatını canlandırmaq istəyirlər. Fikir verirsinizmi, nə müzəffər Ali Baş Komandana diləkçə göndərirlər, nə Baş nazirin başını ağrıdıb kömək istəyirlər, nə də “Formula -1”i Astara rayonunun Hamoşam kəndinə köçürmək niyyətindədirlər. Sadəcə bir dağ kəndinin kənarında bir çəməndə kəndi tanıtdırmaq üçün FESTİVAL keçirmək istəyirlər. Mitinq yox, nümayiş yox, tətil yox, FESTİVAL ! Musiqi! Fotoşəkil! Xörək! Vəssalam!

Bəli, kənd bələdiyyəsinin sədri öz niyyətini Astara Rayon İcra Hakimiyyətinə bildirir, onlar da etiraz etmirlər. Hələlik hadisələr ümumbəşəri məntiqlə cərəyan edir.

Lakin! Ə bə bizim milli mentalitet!? Ə bə bizim təməli Ulu öndər tərəfindən qoyulmuş dövlətçilik adət-ənənələri?

Burası Azərbaycandır, burada ümumbəşəri məntiq işləməz! Burası sizin üçün Fransa deyil!

Bələdiyyə sədri Rüfət Əliyev və onun kənddəki həmkarları təzəcə sevinməyə başlamışdılar ki, rayonun icra hakimiyyətindən bəd xəbər gəlir: olmaz!

A başınıza dönüm, niyə olmaz?

Cavabda dərin milli məntiq və hər kəsin qana bilməyəcəyi hikmət var: Astara İH Hamoşam kənd bələdiyyəsinin sədrinə bildirir ki, Hamoşam kəndində mehmanxana və qonaq evi yoxdur, deməli, festivalın qonaqlarına zəruri xidmət göstərmək imkanı yoxdur. Bu səbəbdən olmaz!

Bu əbləh cavabı oxuyanda məni əsəbi gülmək tutdu və milli dövlətimizə yaranmaqda olan hörmətim əriyib yoxa çxdı, əvəzində kinayə, rişxənd və həqarət hissləri üzə çıxdı.

Təbii ki, təxminən on dəqiqə yazılması mümkün olmayan ifadə və təşbihləri Astara İH nümayəndələrinin ünvanına səsləndirdim. Bu sözləri ona görə yazmıram ki, camaatdan ayıbdır, məmurlara nə gəlib ki, mənə yaraşmaz. Sadəcə camaat bir az agah olsun deyə işarə edim ki, qulaqları uzun və gözləri cox gözəl olan faydalı bir ev heyvanının adını tez-tez çəkdim.

Müxtəsər, dünyada xeyli yaşamışam və bir çox mətləblərdən agaham. Ona görə Astara İcra Hakimiyyətində nə baş vermişdi, mən sizə danışım.

Kənd bələdiyyəsinin sədri turistləri cəlb etmək məqsədilə festival keçirmək niyyətini İH-nin məmuruna söyləyəndə yazıq razılığını bildirib. Əhsən ona, ola bilsin ki, yaxşı adamdır. Məşhur fransız diplomatı Moris Taleyranın bir kəlamı var: “Heç vaxt ilk hisslərinizə uymayın. Onlar adətən nəcib və yarıtmaz olurlar”. İlk hissinə uyub razlıq vermiş İH məmuru tezliklə anlayır ki, bu razılıq ilə, ola bilsin ki, öz xidməti fəaliyyətinə son qoymuş olur.

Niyə?

Burası Azərbaycandır!

İlkin razılığını bildirmiş məmur məlumatı rəisinə çatdırır. Rəis qorxusundan şalvarını isladır.

Niyə?

Burası Azərbaycandır!

Rəis qorxusundan titrəyə-titrəyə Bakıya, Prezident Aparatının yerli idarəçilik şöbəsinə zəng vurub hər ehtimala qarşı yazılı sərəncam istəyir.

Siz elə bilirsiniz bu şöbə Azərbaycan qanunları əsasında işləyir? Xeyr, əsla! Bu şöbə möhtərəm Ulu ondərin qurduğu nizam əsasında işləyir. Bu nizama görə milli azlıqların kompakt yaşadığı rayonlarda istənilən tədbirin keçirilmə qərarına həlledici rəyi Dövlət Təhlükəsizlik Xidməti bildirməlidir.

Azərbaycanda dövlət təhlükəsizliyi sözləri səslənəndə adamın yadına talanlar, qurama qiyamlar, Eldar Mahmudov, Akif Çovdarov, Mövlam Şıxəliyev, reket, milyonlar və işgəncə düşür. Düz eləyir düşür, çünki bizim milli dövlətdə milli təhlükəsizlik elə belə işlərlə bağlıdır. Lakin tək bu yox! Həm də milli azlıqların kompakt yaşadığı rayonlarda Konstitusiyanın işləməsi və ya işləməməsi məsələsi də DTX-yə aiddir.

Bəli, Prezident Aparatından sorğu gedir DTX-yə, düşür milli çekistin əlinə. Milli çekist xəbəri oxuyub əvvəl fikirləşir ki, müsbət rəy bildirsin. Lakin bir az dərindən fikirləşəndə və öz xidməti gələcəyini təsəvvürünə gətirəndə anlayır ki, müsbət rəyin əmmaları ola bilər.

Fikirləşir ki, “yaxşı, bu Həmoşam kəndi haradadır? Astarada. Astarada kimlər yaşayır? Talışlar. Bu çəmənə kimlər toplaşacaq? Təbii ki, ilk festivala nə Avropadan, nə də Amerikadan turistlər gələcək, çünki hələ xəbərləri yoxdur ki, dünyada Həmoşam kəndi var. Deməli, ilk festivala talışlar yığılacaq. Orada folklor ansamblı hansı mahnıları oxuyacaq? Talış mahnılarını. Oradakı fotostendlərə hansı tarixi abidələrin surətləri vurulacaq? Talış abidələrinin. Aşbazlar hansı milli mətbəx nümunələrini bişirəcək? Talış mətbəxinin. Hələ bəlkə qonaqlar rəqs də etdilər. Hansı rəqsləri oynayacaqlar? Talış rəqslərini. Yox, bu festival olmadı, cəncəl oldu. Paqonlarımı itirə bilərəm. Yaxşısı budur ki, tədbirə mənfi rəy yazım”.

Bəli, DTX-nin mənfi rəyi gedir PA-na, oradan sürüşüb gedir Astara İH-nə, oradan da xəbər çatır Həmoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyevə.

Amma demirlər ki, DTX icazə vermir, özlərini gicliyə vurub deyirlər ki, kənddə mehmanxana və qonaq evi yoxdur.

Ay camaat, aldanmayın, Azərbaycanın heç bir işıqlı gələcəyi yoxdur. Belə idarəçiliklə və belə siyasi mədəniyyətlə heç bir dövlət yaşaya bilməz. Mən bunu görmüşəm, SSRİ vaxtında da lap elə beləydi. Hər bir məqamda bir dənə faydalı ev heyvanını bağlamışdılar, sonda da dövlət dağıldı.

Nə qədər nöyüt və qaz satılır, hərənin bir tikə çörəyi olacaq. Elə ki, müftə pullar qurtardı, dövlətin qapısı bağlanacaq, üstündən də zorba bir qıfıl asılacaq.

Bəlkə onda Həmoşam kəndinin camaatı özləri üçün gözəl bir folklor festivalı keçirə biləcək.

Yeri gəlmişkən, necə də bir dənə möhtəşəm “Multikulturalizm” konfransını bu Həmoşam kəndində keçirmək olar! Kənd camaatı baxıb görsün ki, Azərbaycan hakimiyyəti bir dövlətin içində müxtəlif xalqların və millətlərin tam bərabərlik və mehribanlıq şəraitində birgə yaşamasına necə gözəl nəzəri şərait yaradır!

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button