2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Hansı ölkələr ədalət sisteminə nə qədər pul ayırır: Azərbaycanın yeri…

“Azərbaycan Avropada ən aşağı məhkəmə sistemi büdcəsinə malik ölkədir”

Avropa ölkələrinin büdcəsindən ədalət sisteminə hər bir vətəndaş üçün təxminən 79 avro ayrılır.

Azərbaycanda isə bu rəqəm cəmi 9,6 avrodur.

Saytların yığılması Saytlarin yigilmasi

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (The European Commission for the Efficiency of Justice – CEPEJ) hesabatında belə deyilir.

Hesabat “Avropa ədalət sistemləri” adlanır və hər iki ildən bir açıqlanır.

Ədalətə – adambaşına 9,6 avro…

Ən son açıqlanan hesabat 2020-ci ilin bilgilərinə əsaslanıb.

Hesabatda bildirilir ki, Azərbaycan icra olunan məhkəmə sisteminin büdcəsinə 96 milyon 538 min avro xərcləyib. Bu da vətəndaşların hər nəfərinə təxminən 9,6 avro deməkdir.

Avropa Şurası. Foto: arxiv

Ümumi büdcənin cəmi 34 faizi prokurorluq xidmətlərinə xərclənir.

2020-ci ildə büdcənin təxminən 64 faizə yaxını isə bütün məhkəmələrə sərf edilib. Hüquqi yardıma xərclənən isə ümumi büdcənin cəmi 2 faizidir.

“Avropada ən aşağı məhkəmə sistemi büdcəsinə malik ölkə Azərbaycandır”

Hesabat müəllifləri hesab edirlər ki, bununla Azərbaycan Avropada ən aşağı məhkəmə sistemi büdcəsinə malik ölkədir.

Avropa ölkələrinin isə hər adam başına ayırdığı 79 avroluq büdcənin 66 faizi məhkəmələrə, 24,5 faizi prokurorluqlara, 9,5 faizi isə hüquqi yardıma xərclənir.

Azərbaycanın ədalət büdcəsinin 63 faizi məhkəmələrə, 34 faizi prokurorluğa, 2 faizi hüquqi yardıma yönəlib.

Avro. Foto: artofvisionn/shutterstock

Ədalətə ən çox pul xərcləyən ölkələr…

Avropada ədalət sisteminə ən çox büdcə ayıran ölkə İsveçrədir. Bu ölkədə adambaşına düşən hüquqi xərc 217,31 avrodur.

İkinci yerdə Monako gəlir. Adambaşına düşən hüquqi xərc 199,42 avrodur.

Üçüncü yerdə isə Lüksemburqdur ki, burada həmin rəqəm – 176,73 avrodur.

Qonşu ölkələr…

Hesabata görə, Cənubi Qafqaz ölkələri ədalət siteminə ən az pul qoyan ölkələrdir.

Gürcüstanın bu sahədəki adambaşına xərcləməsi 8,69 avro, Azərbaycanda 9,60 Ermənistanda isə hər iki ölkədən bir az artıq – 10,47 avrodur.

Media Hüquq İnstitutunun eksperti Xalid Ağaliyev
Foto: Meydan.TV

Hüquqşünas Xalid Ağəliyev deyir ki, ortalama götürdükdə Avropa ölkələri məhkəmə sisteminə adambaşına 45,80 avro xərcləyir.

Adambaşına gəlirləri 10 min avronun altında olan ölkələrdə isə bu göstərici 18,80, adambaşına gəlirin 40 min avronun üstündə olan ölkələrdə isə göstərici 76,11 avro təşkil edir.

Hakimlərin sayı nə qədərdir?

Avropada hər 100 min adama ortalama 22,2 hakim düşür. Burada da müxtəlif ölkələrdə fərqli rəqəmlər var. Məsələn, 100 min nəfərə düşən hakim sayına görə ən öndə gələn ölkə Monakodur.

Burada hər 100 min nəfərə 104 hakim düşür.

Montenegroda isə bu rəqəm 50, Sloveniyada 41-dir.

Azərbaycan bu kateqoriyada da sonuncu sıralardadır.

Hər 100 min nəfərə cəmi 5 hakim düşür. Azərbaycandan daha bir pillə aşağıda isə İrlandiyadır. Burada əhalinin hər 100 min nəfərinə 3,3 hakim düşür.

Avropa Məhkəməsi
Foto: arxiv

Azərbaycanın Avropanı üstələdiyi göstərici…

Avropada hər 100 min nəfərə ortalama 11,8 prokuror düşür. Azərbaycanda bu göstərici Avropa ortalamasından yuxarıdır. Hər 100 min nəfərə 12,9 prokuror düşür. Latviyada bu rəqəm 24,3, Moldovada 24,3, Litvada 23-dür.

“Qadınlar ədalət sitemini ələ alır”

Xalid Ağəliyev deyir ki, Avropada son zamanlar qadınlar ədalət sistemini ələ alır. Bu sahədə çalışan qadınların sayı hər il artır. Bu, hesabatda da özünü göstərib.

“Avropada hakim və prokurorların qadın-kişi nisbətində son illərdə ciddi dəyişikliklər nəzərə çarpır. Qadınlar bu sahədə çoxluğa sahiblənir. 2010-cu ildə Avropada hakimlərin 48 faizini qadınlar təşkil edirdi, hazırda faiz göstəricisi 56-nı ötüb. Qadın prokurorların təmsilçilik faizi də 46-dan 53-ə yüksəlib”.

Məhkəmə, ədliyyə sistemi. Foto: Osman Bugra Nuvasil/shutterstock

Hesabatda bildirilir ki, məhkəmə sistemində qadınların aşkar üstünlükdə olduğu ölkələrin başında Xorvatiya, Macarıstan və Fransa gəlir. Bu ölkələrdə hər 3 hakimdən azı 2-si qadındır.
Bu kateqoriyada ən aşağı göstərici Ermənistan, Azərbaycan və İrlandiyaya aiddir. Bu ölkələrin hər birində qadın hakimlərin sayı 40 faizdən aşağıdadır.

Məsələn, Xorvatiya, Estoniya, Şotlandiyada hər 3 prokurordan 2-si qadınlardır. Bu sahədə ən aşağı göstərici Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Moldovaya aiddir.

Bəs maaşlar?

Maaşlara gəlincə, hüquq sahəsində Avropada ən çox maaş alan hakimlər İsveçrədədir. Yeni başlayan hakim illik ortalama 147 min avro, yuxarı məhkəmə hakimi 330 min avro maaş alır. Avropa məkanında ən az hakim maaşı Gürcüstandadır – yeni başlayan hakimin illik maaşı 11,9 min, yuxarı məhkəmə hakimlərinki isə 22 min avrodur.

İsveçrəli prokurorlar da Avropanın ən çox maaş alanlarındandır – illik 128 min. Avropada ən az qazanan prokurorlar da Azərbaycandadır. Yeni başlayan illik 6 min 893 avro maaş alır.

Vəkilliyin vəziyyəti…

Xalid Ağəliyev deyir ki, Azərbaycanda islahat üstünə islahatdan doymayan vəkilliyin gerçək durumu ürəkaçan deyil.

O, hesabata istinadla bildirir ki, məsələn, Avropada hər 100 min nəfərə 172 vəkil düşür. Bu kateqoriyada ən yüksən göstərici Lüksemburqa aiddir – hər 100 min əhaliyə 485 vəkil:

Vəkillər Kollegiyası
Foto: Vəkillər Kollegiyası

“Son 4-5 ildə bu sahədəki ildırım sürətli islahatlara rəğmən, Azərbaycan yenə Avropa sonuncusudur. Bizdə hər 100 min nəfərə cəmi-cümlətanı 20 vəkil düşür”.

Hüquqşünas bildirib ki, Azərbaycan həm də ən çox kişi vəkil sayına görə Avropa birincisidir. Ölkədəki vəkillərin 83 faizi kişilərdir.

Qadın vəkillərin ən çox olduğu ölkəyə gəlincə, CEPEJ bildirir ki, Yunanıstan bu sahədə birinci yerdədir. Ümumi vəkillərin 59 faizi qadınlardır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button