SEÇMƏ

“Hazırda Qarabağdakı qondarma rejim əslində Rusiyanın özüdür”

* * *

Sual: Nəsimi bəy, bir neçə gün bundan əvvəl Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu bir neçə yerdə bağladığı üçün yüzlərlə yük maşını və sərnişin avtobusu Ermənistan və İranda ilişib qaldı. Şurnux kəndi yaxınlığında, Vorotan kəndi yaxınlığında yol bağlanmışdı. Bu hadisə Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsində Azərbaycan əsgərinin bıçaqla xəsarət almasından sonra baş verib. Yolun bağlanmasının səbəbi sizcə bu hadisədirmi, yoxsa başqa səbəbləri var

Cavab: Azərbaycan-Ermənistan sərhəddi boyu qeyri-müəyyənlik əsasən davam edir. Tərəflər sovet dövründə müəyyən edilən sərhədlərin delimitasiya və demarkasiya prosesini ikitərəfli formatda həll edə bilmir. Buna əngəl yaradan çox səbəblər var. Mən iki əsas amili qeyd etmək istəyirəm. Birincisi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və Azərbaycana ərazi iddialarından imtina etməməsidir. İkincisi isə, Rusiyanın belə bir mübahisəli, mürəkkəb və ziddiyyətli vəziyyətin davam etməsində maraqlı olmasıdır. 

Aydın sübutlar təqdim etmək çətin olsa da bütün sərhəd və digər ərazilərdəki təxribatların ya birbaşa törədicisi ya da onun ideya müəllifi və dəstəkçisi istisna etmirəm ki, Rusiyadır. Eyni zamanda Ermənistanın Azərbaycana torpaq iddialarının davam etməsi də bu məsələdə Rusiyaya böyük fürsətlər yaradıb.

Sərhəd boyu çoxsaylı insidentlər olur və bundan sonra da olacaq. Tərəflər bir-birinə zərər vurmaq üçün fürsət, bəhanə axtarır. Əslində belə bəhanələr və fürsətlər xeyli çoxdur. Azərbaycan əsgərinin bıçaqla xəsarət almasının arxasındakı “əl” də Rusiyanın maraqlarına xidmət edir. Rusiya Ermənistan-Azərbaycan arasında düşmənçiliyi dərinləşdirmək üçün hələ çox alətlərdən istifadə edəcək. 

Eyni zamanda hazırda Ermənistan hökuməti də maraqlıdır ki, sərhəd bölgəsində və Qarabağda Rusiyanın daha da aktiv iştirakı olsun. Qarabağda və sərhəddə təhlükəsizlik məsələlərini Rusiyaya həvalə etmək,  Azərbaycan hərbçilərini Rusiya hərbçiləri ilə üz-üzə qoymaq niyyətlərini heç gizlətmirlər.  

Gorus-Qafan yolunun müvəqqəti bağlanması Azərbaycan sərhədçisinin bıçaqla xəsarət almasına görə baş versə də, bunun daha dərin səbəbləri var. 10 noyabr atəşkəs Bəyanatının 4-cü, 7-ci və 9-cu bəndləri icra edilməyib. Erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindədir. Məcburi köçkünlər və qaçqınlar əvvəlki yaşayış yerlərinə qayıtmayıb. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmayıb. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə imkan vermir. Bütün bunlar gərginliyi artıran səbəblərdir.

Sual: Gorus-Qafan yolu ermənilər üçün niyə bu qədər əhəmiyyətlidir? 

Cavab: Bu magistral yol Ermənistan üçün əsas iqtisadi “nəfəslik”dən biridir. İranın Bəndər-Abbas limanından gələn yüklər məhz bu marşrutla Ermənistana çatdırılır. Zəngəzur bölgəsi Azərbaycanın digər rayonlarını Naxçıvan və Türkiyədən ayıran ərazidir. Burada iqtisadi, demoqrafiq problemlərin həlli Ermənistan üçün taleyüklü  amillərdən sayılır. Siyasi baxımdan da bu magistral Ermənistan üçün çox vacibdir. Ermənistanın təhlükəsizliyində ən həlledici açarlardan biridir. Uzun müddət bu problem davam etsə Ermənistanda iqtisadi-siyasi böhran yarada bilər. 

Sual: Sərhəddə bu kimi hadisələrin qarşısını almaq üçün nə etmək lazımdır? Həmin ərazi Rusiya sülhməramlılarının nəzarətinə verilə bilərmi? Bunu erməni tərəfi istəyir. Rusiya sülhməramlılarının nəzarətinə verməkdənsə, niyə Ermənistan öz ərazisində həmin rayonları birləşdirən yeni yol çəkmir ki? 

Cavab: Ermənistan-Azərbaycan arasında hərtərəfli-geniş sülh müqaviləsi imzalanmadan bu kimi problemlər öz həllini tapmayacaq. Belə bir sülh müqaviləsinin imzalanması isə yaxın gələcəkdə real deyil. Hər iki cəmiyyətlər hələ sülhə hazır deyil. Müəyyən zaman keçməsi lazımdır. Regionda Azərbaycan qalıcı sülhə daha çox maraqlıdır, nəinki Ermənistan. Regionda maraqları olan bəzi qüvvələr, xüsusilə də Rusya bu məsələdə bütün pozucu funksiyanı icra edir. 

Ermənistan böyük sülh sazişi imzalamaq istəmir. Mümkün qədər bu məsələni uzatmağa və daha əlverişli beynəlxalq şəraitdə böyük güzəştlər əldə etməyə ümid edir. Lokal razılaşmalarla prosesi ləngitməkdə, dondurmaqda maraqlıdır. 

İnsident yaşanan həmin sərhəd ərazilərin yeni “keçid razılaşma” ilə Rusiyanın nəzarətinə verilməsi məsələsində Ermənistanın və Rusiyanın mövqeləri eynidir. KTMT üzvü kimi Ermənistanın sərhədlərinin təhlükəsizliyi onsuz da hazırda Rusiyanın nəzarətindədir. Amma Ermənistan istəyir ki Azərbaycanla sərhəd mübahisələrinə xüsusi yanaşma olsun. Rusiya beynəlxalq mandat əsasında bu səlahiyyətləri əldə etsin.  

Bu, Azərbaycan üçün uyğun variant deyil. Azərbaycan məsələnin biryolluq həllini istəyir. Gələcək müharibələrin qarşısını yalnız bu yolla almaq olar. Əks halda böyük müharibələr, daha ağır itkilər gələcəkdə də qaçılmaz olacaq.

Əgər Ermənistan-Azərbaycan sərhəddində müvəqqəti tənzimləmə olacaqsa, bu zaman Rusiya ilə yanaşı Türkiyənin də prosesdə iştirakçı olmasına çalışmalıyıq. RusiyaTürkiyə Monitorinq mərkəzinə sərhəddə monitorinqlər aparmaq səlahiyyətləri də vermək olar. 

O ki qaldı yeni yolun çəkilşinə, əslində Ermənistan “Şimal-Cənub” dəhlizinin inşasına 2012-ci ildə başlayıb. 490 kilometr uzunluğu olan həmin magistral yolun təqribən 20%-i hazırdır, digər çətin ərazilərdən keçən hissəsinin inşasına Avropa İttifaqının maliyyə yardımı ilə davam edilməsi nəzərdə tutulub. Bu magistral şimal tərəfdən Ermənistanla Gürcüstanı birləşdirəcək və Qara Dənizlə Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənubdan isə İranla birləşərək Fars körfəzi sahillərinə çıxacaq. 

Sual: Son günlər Erməni mətbuatının yazdığına görə Şuşa rayonunun Turşsu kəndi yaxınlığında Azərbaycan hərbçiləri erməni polisinin postuna gələrək postun götürülməsini tələb ediblər. Bu məlumat azərbaycanlıların Laçın dəhlizini nəzarətə götürməyə hazırlaşdıqları barədə şayiələrə səbəb olub. Eyni zamanda, Qarabağın bütün ərazisində elektrik və internetin verilməsində məhdudiyyətlər yarandığı da deyilir. Sizcə, bu kimi gərginliklərin yaranmasına səbəb nədir

Cavab: Azərbaycan hərbçilərinin öz ərazilərimizdəki hərəkəti tamamilə qanuna uyğun davranışdır. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarında yenidən istehkamlar tikir, müdafiə səddi qurur. Bu, 10 noyabr üçtərəfli atəşkəs Bəyanatına zidd hərəkətlərdir. Belə davam edərsə, yenidən hərbi toqquşmalara gətirib çıxara bilər. Qarabağda Azərbaycanın suveren hüquqları tam təmin olmalıdır. Bunun alternativi yeni müharibədir. Azərbaycan Rusiyanın sülhməramlı fəaliyyətindən narazı olsa da, Rusiyaya qarşı heç bir təsirli addım atmır. 10 noyabr Bəyanatına ən çox əməl edən Azərbaycandır. Laçından keçən yola nəzarət Rusiya hərbiçilərindədir. Rəsmi Bakı bu məsələdə Bəyanatın şərtlərinə tam əməl edir.   

Sual: Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərə  şəhərində Azərbaycan əsgəri Cəmil Babayevin saxlanılması barədə xəbər yayılıb. Özünü separatçı rejimin Milli Təhlükəsizlik Xidməti kimi təqdim edən qurum bildirib ki, “avqustun 25 -də Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Cəmil Babayev Ağdərə şəhərinin Teryane küçəsindəki bir mənzildə tapılıb və həbs olunub. İndi hamını bir sual düşündürür. Niyə Azərbaycan əsgəri öz torpaqlarında həbs olunur?

Cavab: Azərbaycanlı hərbçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hansı şəraitdə və niyə keçdiyini xüsusi xidmət orqanları araşdırmalıdır. Bu əsgərin həmin əraziyə necə keçdiyi barədə Türkiyə-Rusiya Monitorinq mərkəzində hansısa müşahidə olubmu? Axı o ərazilər birgə Monitorinq mərkəzinin 24 saatlıq müşahidəsi altındadır. Öncə bu suallar aydınlaşmalıdır. 

Əsgərin həmin əraziyə Rusiyanın sülhməramlı qüvvələrinin və ya xüsusi xidmət orqanlarının planlı fəaliyyəti nəticəsində keçməsini də istisna etmək olmaz. Rusiya hərbiçiləri dərhal Azərbaycan tərəfinə məlumat verərək bu əsgəri qaytara bilərdilər. Ancaq başqa, gərginlik yaradan yanaşma seçilib. Öncədən hazırlanmış planlı təxribat olması və bu olayla Azərbaycanı rəsmən fakt qarşısında qoymaq niyyəti açıq hiss olunur.

Dərhal yayılan məlumatın xarakteri bunu düşünməyə əsas verir. Qarabağda separatçı rejimin öz qanunları və qurumları ilə mövcudluğunu göstərmək, təhlükəsizlik nəzarətinin bu qondarma qurumda olduğuna diqqət çəkmək və onunla hesablaşmağa vadar etmək, habelə, Azərbaycan prezidentinin bəyanatlarınının əhəmiyyətini azaltmaq məqsədi güdülür. 

Qarabağın hələ də işğalda qalan hissəsi Rusiyanın nəzarətindədir. Rusiya bu tamaşada maraqlıdır. Qondarma rejim adı altında Azərbaycanı rəsmən aşağılayır, hərbi qələbəsinin əhəmiyyətsiz olmasını nümayiş etdirmək istəyir. Eyni zamanda Azərbaycanda hakimiyyəti və silahlı qüvvələri də cəmiyyətdə nüfuzdan salmaq niyyəti görünür.  

Sual: Görünür, hələ bu kimi hadisələri çox yaşayacağıq. Bu kimi halların baş verməməsi üçün nə etmək lazımdır?

Cavab: Rusiya 10 noyabrda Qarabağa Ermənistanın tam məğlubiyyətinə, Azərbaycanın isə tam qələbəsinə imkan verməmək məqsədilə gəldi. İndi də bu fəaliyyətini davam etdirir. Rusiyanın regionda gücünü zəiflətmək istəyən bütün beynəlxalq qüvvələrlə Azərbaycan sıx əməkdaşlıq etməlidir. Eyni zamanda nə qədər çətin olsa da Ermənistanla ikitərəfli əlaqələri genişləndirməlidir. Hazırda Qarabağda qondarma rejim əslində Rusiyanın özüdür. Onun hər an ən ağılasığmaz  təxribatlarına hazır olmalıyıq. 

Kamran Mahmudov

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button