Now Reading:
Hikmət Hacızadə :”Cəbhədəki qələbələrin ardınca Rusiyanın Azərbaycana tələbləri gələcək”

Hikmət Hacızadə :”Cəbhədəki qələbələrin ardınca Rusiyanın Azərbaycana tələbləri gələcək”

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə  24saat.org saytı üçün danışdı

“Mümkün deyil ki, bütün dünya demokratik olsun, bir Azərbaycanda avtoritar ada olaraq qalsın”

“Erməni sarsılıb, erməniyə göstərilib ki, Rusiya olmasa biz onları məhv edə bilərik və edəcəyik”

– Aprelin əvvəllərində cəbhədə baş verən və aprelin 26-dan yenidən kəskinləşən hərbi hərəkətləri necə qiymətləndirirsiniz, bu döyüşlər niyə başladı və hansı nəticələri olacaq?

  • Birincisi, mən cəbhədə baş verənləri, xüsusilə bizim ordumuzun cavab tədbirlərini təqdirəlayiq hesab edirəm. Bunun ideyasının cövhəri belə idi ki, biz öz hücumumuzla və sarsıdıcı zərbəmizlə erməniləri ruhdan salıb danışıqlar masası arxasına gətiririk. Bizim hücumumuz uğurlu olsun deyə, Rusiyanın xeyir-duasını almalı, onun saqqızını oğurlamalıyıq. Rusiya da deyir ki, saqqızı sizə verirəm, mən bu prosesə qarışmıram, erməniyə kömək etməyəcəyəm. Ancaq bunun əvəzində siz mən deyəni etməli, mən istəyən siyasəti aparmalı, habelə mən yaratdığım ittifaqlara qoşulmalı və müharibədən sonra bölgəyə gələcək sülhməramlılar da mənim hərbçilərimdən ibarət olmalıdır. Hazırda belə oyun gedir. Hələlik oyunun nəticəsi ümumilikdə müsbətdir.

– Müsbət deyəndə konkret nəyi nəzərdə tutursunuz

  • Erməni sarsılıb, erməniyə göstərilib ki, Rusiya olmasa biz onları məhv edə bilərik və edəcəyik. Ancaq əvvəllər belə fikir yox idi, əksinə belə düşüncə var idi ki, Ermənistanın ordusu güclüdür, əsgəri dözümlü və biliklidir. Azərbaycan ordusu isə zəifdir, biz satqınıq və heç nə bacarmırıq. Ancaq “Aprel hadisələri” göstərdi ki, bu, belə deyil. Erməni mifi sındırıldı.

İkinci məsələ isə Ermənistanın hər zaman öyündüyü cəbhənin müdafiə xətti ilə bağlıdır. Onlar daima iddia edirdilər ki, eşalonlu müdafiə xətti qurulub, mühəndis istehkam qurğuları möhkəmləndirilib, cəbhə xəttini heç kəs yara bilməz və s. Ancaq məhz 2016-cı il aprelin əvvəllərində cəbhədə baş verən kiçik miqyaslı əməliyyat zamanı ermənilərin öyündüyü cəbhədə müdafiə xətti qırıldı və çoxlu sayda erməni öldürüldü. Erməni əsgərlərinin öldürülməsi həm də insani resurs baxımından Ermənistan üçün faciədir. Çünki ermənilər sayca azdır, azərbaycanlılar isə daima artır. Bunları müsbət sayıram. Ancaq bütün bu qələbənin arxasınca Rusiyadan Azərbaycana tələblər gələcək. Baxaq görək bu tələbləri necə həll edə biləcəklər. Çünki bunun özü böyük və intellektual bir məsələdir.

“Erməninin atasını yandırırıq və Rusiya çökəndən sonra qərbə inteqrasiya xəttini seçirik”

  • Deyirsiniz ki, Rusiyadan tələblər gələcək. Bəziləri iddia edirlər ki, Qarabağın ətraf 5 rayonu geri qayıdacaq, əvəzində rus sülhməramlıları bölgədə yerləşdiriləcək. Yəni bütün bunları Rusiyanın münaqişəyə dair təklifləri kimi qiymətləndirmək olarmı və bu təkliflər Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?

  • Bu çox böyük və çətin problemdir. Bunu papağı qarşımıza qoyub həll etməliyik. Məsələn, Əbülfəz Elçibəy hökuməti üçün müstəqillik müqəddəs dəyər idi. Elçibəy hökumətinin ideyası, ideologiyası və gələcəyə baxışına müstəqillik prizmasından yanaşılırdı. Heç şübhəsiz ki, Əbülfəz Elçibəy Rusiyanın  şərtlərini heç vaxt qəbul etməzdi. Ancaq indiki hökumətin bəlkə başqa prioritetləri var. Bəlkə düşünürlər ki, nə olsun, qoşularıq Rusiyaya, əsas odur ki, torpaqlarımız qayıtsın. Yəni baxışlarda fərq ola bilsin ki, bundan ibarətdir.

  • Rusiyanın şərtlərini qəbul etdikdən sonra müstəqillik, media özgürlüyü, insan ali hüquq və dəyərləri necə ola bilər?

  • Bunlar hamısı dayanacaq. Rus hərif deyil ki, sənə torpaq versin və sən də bundan sonra gedib Qərbə qoşulasan, azad dünyaya inteqrasiya edəsən. Ancaq burada mən vacib bir amili də qeyd etmək istərdim – söhbət zaman faktorundan gedir. Yəni elə hesab edərlər ki, bir azdan Rusiyanın özü çökməyə başlayacaq və bu, zaman məsələsidir. Bu başdan bizim torpağımızı versin, bundan sonra onsuz da Rusiya zəifləyəcək. Bu məqamda erməninin atasını yandırırıq və Rusiya çökəndən sonra qərbə inteqrasiya xəttini seçirik. Yəni sən oturub şahmata baxırsan ki, hansı oyunçu necə gediş edəcək. Burada zaman məsələsi xüsusi rol oynayır. İndiki məqamda Rusiya çox güclüdür. Sən onun şərtləri ilə razılaşsan tamamilə gedirsən ərə, olursan onun gəlini. Ancaq o biri arqumentdə budur ki, Rusiya onsuz da zəifləyir, bir azdan məhv olmaq təhlükəsi qarşısında olacaq, qərb bu ölkəni dağıdacaq. Bu zaman Rusiyanın şərtləri əhəmiyyət kəsb etməyəcək və bu rayonlar bizim özümüzə qalacaq. Əlbəttə, bu mənim fərziyyəmdir. Onu da qeyd etməliyəm ki, hazırda bizim hökumət qərbə inteqrasiya etmək istəmir. Bunu açıq da deyirlər. Bildirirlər ki, biz Avropa Birliyinə, NATO-ya qoşulmaq istəmirik, bizdə islahatlar və demokratiya var, bundan sonra da olacaq. Bizimkilərin mövqeyi belədir.

  • Deyirsiniz ki, bizim hökumət qərbə inteqrasiya xətti götürməyib və bunda maraqlı deyil. Bəs siyasi elitanı kənara qoysaq, Azərbaycanda qərbə inteqrasiya etməkdə maraqlı olan bir cəmiyyət mövcuddurmu?

  • Şübhəsiz ki, mövcuddur. Məsələn, demokratik müxalifət. Keçmiş və böyük xalq cəbhəsi hərəkatından çıxan bütün partiyaların və siyasətçilərin ideyası demokratik dünyanın demokratik düşərgəsinə inteqrasiyadır. Bu, onların hər birinin ideologiyasında və əsasnaməsində qeyd olunur. Ancaq indiki hakimiyyətin belə bir ideologiyası və niyyəti yoxdur. Onlar deyir ki, biz özümüz özümüzə bəsik.

“Biz bu dünyada olmasaq belə, demokratiya bura gəlib çıxacaq!”

  • Ancaq nəzərə alın ki, hökumət TAP və TANAP kimi layihələrlə əlaqədar ancaq Qərb təsisatları ilə danışıqlar aparır…

  • Mən hesab edirəm ki, bu böyük məsələ deyil. Gürcüstan qərb dairələri ilə ciddi danışıqlar aparır. Bu ölkə artıq Avropa Birliyi ölkələri ilə münasibətlərdə vizasız rejim əldə edib. Ukrayna da ciddi danışıqlar aparır. Bizimkilər hələlik bu istiqamətdə ciddi iş aparmır. Ən azından mən bunu müşahidə etmirəm.

  • Deyirsiniz ki, demokratik müxalifətin meyli və əsas fəaliyyət fazası Qərbə, demokratik dünyaya inteqrasiyadır. Müxalifətin perspektivi, ölkə daxilində siyasi qüvvələr balansı sizcə, necədir?

  • İndi demokratik düşərgə üçün vəziyyət çox pisdir. Demokratik düşərgə indiki iqtidarın fəaliyyəti sayəsində tamamilə dağıdılıb və pis duruma düşüb. Deyərdim ki, demokratik müxalifət az qala partizan mübarizəsi aparır və sayları da azdır. Bir sözlə, bizdə müxalifət dissident klubları kimi fəaliyyət göstərir. Sabah nə olacaq? Çoxları bu suala  nə cavab verəcəyini bəlkə də bilmir. Ancaq inanın ki, sabah demokratiya hökmən Azərbaycana gələcək. Biz bu dünyada olmasaq belə, demokratiya bura gəlib çıxacaq! Mümkün deyil ki, bütün dünya demokratik olsun, bir Azərbaycan avtoritar ada olaraq qalsın. Gürcüstan demokratik oldu, artıq İran da düzəlir. Ancaq biz ortada qaldıq? Demokratiya Azərbaycana gələcək, lakin indiki mərhələ üçün bunu demək doğru olmazdı.

  • Deyirsiniz ki, müxalifət düşərgəsi dissident klubu formatında fəaliyyət göstərir. Bu zaman ortaya sual çıxır: bu düşərgənin perspektivi, resurs və imkanları nə dərəcədədir?

  • İndi resurs yoxdur, amma gələcəkdə olacaq. Əgər biz olmayacağıqsa, gələcək nəsil olacaq, balalarımız, tələbələrimiz olacaq. Bir daha qeyd edirəm ki, demokratiya hökmən Azərbaycana gələcək. Ancaq indilikdə əfsuslar olsun ki, demokratiyanın ölkəmizə gələcəyini demək bir qədər çətindir. Buna daha çox proses olaraq baxmaq lazımdır.

Söhbətləşdi: Hüseyn Abbasoğlu

24saat.org

 

 

 

 

 

 

 

 

 

 

 

Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə Hikmət Hacızadə 

Input your search keywords and press Enter.