2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hitlerin idarəetmə sirləri – VİDEO

“Üçüncü reyx”in mövcudluğu cəmi 12 il çəkdi. Lakin bu illər bəşər tarixinə ən qanlı dövr kimi düşdü. Belə ki, Hitler Almaniyasının həyata keçirdiyi repressiyalar, irqçilik siyasəti və nəhayət, bəşər tarixinin ən qanlı müharibəsi 65 milyon insanın ölümünə, milyonlarla insanın əlil, evsiz-eşiksiz qalmasına, doğmalarını itirməsinə səbəb oldu. Avstriya, Çexoslovakiya, Polşa, Danimarka, Norveç, Niderland, Fransa və digər ölkələri bir-birinin ardınca məğlub etmiş Hitler Almaniyası Britaniya və SSRİ istisna olmaqla  bütün Avropanı əsarət altına aldı.
Nasist Almaniyasının füreri etibarlı komandası ilə güclü hərbə və iqtisadiyyata malik dövlət qurmuşdu. “Üçüncü reyx”in bu cür güclü olmasının sirri Adolf Hitlerin öz ətrafında peşəkar kadrları, habelə sadiq ali, orta rütbəli zabitləri cəmləşdirməsi idi.
Publika.az Hitlerin sadiq əlaltıları ilə bağlı maraqlı faktları təqdim edir:
54 il axtarılan nasist
Martin Borman – Hitlerin katibi olmuş bu şəxs fürerə köpək sədaqəti ilə seçilirdi. O, fürerin ölümünün son anlarına qədər rəhbərini tərk etmədi. Yalnız aprelin 30-da fürerin özünə qəsd etməsindən sonra bunkeri tərk edərək Berlinin Klerk vağzalına tərəf getmiş, lakin əsir düşəcəyini hiss edərkən zəhər içərək mayın 2-də intihar etmişdi. ABŞ, SSRİ, Britaniya, Fransa və digər dövlətlər onun haqqında hər hansı informasiya verənə 100 000 marka pul mükafatı vəd etmişdilər.
60-cı illərdə Klerk vağzalının yaxınlığında aparılmış qazıntılar zamanı tapılmış sümüklər Bormanın Berlindən qaça bilməməsi haqda xəbərləri ictimailəşdirdi. Lakin bu fakt sübuta yetirilmədi. 1999-cu ildə Bormanın oğlu DNK analizi verməyə razı oldu. Analizin nəticələri maraqlı faktı ortaya çıxardı – sümüklər Bormana məxsus idi. Federal Təhqiqat Bürosunun, MOSSAD-ın onilliklərlə davam etmiş axtarışları birdəfəlik yekunlaşdı.
Sui-qəsdlə öldürülmüş “Cəllad”
Bütün Avropanın “Cəllad” adlandırdığı Reynhard Qeydrix azğınlığı ilə təkcə rəhbərlik etdiyi Çexoslovakiyada deyil, digər ölkələrdə də ad çıxarmışdı. Ən əsası isə o idi ki, bu qəddar nasist “Yəhudi məsələsinin həlli”ndə başlıca rol oynayan şəxslərdən biriydi. Onun idarə etdiyi Çexoslovakiyada qanlı terror rejimi hökm sürürdü. Lakin Qeydrix özü də bilmirdi ki, ona elə bu ölkədə sui-qəsd hazırlanır.
Belə ki, Britaniyada xüsusi təlim keçmiş çex və slovak xüsusi təyinatlıları 1942-ci ilin 27 mayında onu uğurlu sui-qəsd əməliyyatı ilə ağır yaraladılar. “Cəllad” bundan sonra cəmi 8 gün yaşadı. Nasistlər 4 iyunda dünyasını dəyişmiş Qeydrixin qisasını mülki sakinlərdən aldılar. Çexiyada həyata keçirilmiş “qisas” əməliyyatı zamanı 1331 nəfər güllələndi. Onlardan 201-i qadın idi.
Nasistlərin amansız qisas aktları bununla yekunlaşmadı – Hitler 1942-ci ilin 9 iyununda Lidiça kəndini məhv etmək əmrini verdi. Kəndin 16 yaşdan yuxarı 172 kişi sakini güllələndi, 195 qadın Ravensbryuk konslagerinə sürgün edildi.
MOSSAD-ın oğurladığı nasist
Dünya təcrübəsində ölkələrin bir nəfərə görə, cinayət məcəlləsini, konstitusiyanı dəyişmək kimi qeyri-adi faktına ilk və son dəfə İsraildə rast gəlinib. Məhz bu ölkə 900 min nəfərdən çox yəhudinin ölümündə günahkar sayılan Adolf Eyxmana görə ölüm hökmünü bir günlük bərpa edib. Eyxman saysız-hesabsız günahsız insanın qətlində bilavasitə iştirakçı idi.
Cinayətlərindən illər sonra, 1961-ci ildə MOSSAD tərəfindən oğurlanaraq İsrailə gətirilmiş keçmiş nasist 1962-ci ilin 1 iyununda asıldı. Meyiti yandırılaraq külü dənizə töküldü.
SSRİ, ABŞ, Fransa və Britaniyanı aldatmış Şpeyer
Albert Şpeyer – Hitler bu memarı çox sevirdi. Əslində, onun də fürerə sədaqətinin həddi-hüdudu yox idi. Nasist Almaniyasının rəhbəri Şpeyerə öz övladı kimi baxırdı. Ölkənin silahlanma və sursat naziri kimi yüksək vəzifəyə ucalmış Albert Şpeyer də günlərin bir günü silah-sursat zavodlarında qul kimi işlədilən saysız-hesabsız yəhudiyə görə cavab vermək məcburiyyəti ilə üzləşdi. “Əsrin məhkəməsi” adlandırılan Nürnberq məhkəməsi 1946-cı ilin noyabrında Albert Şpeyer barəsində 20 illik azadlıqdan məhrumetmə hökmünü çıxardı. O, məşhur məhkəmə prosesində 4 ölkənin prokurorlarını aldadaraq onları silah-sursat zavodlarında günahsız insanların saatlarla qul kimi işlədilməsindən xəbərsiz olmasına inandıra bildirmişdi.
Hər şey onilliklər sonra məlum oldu. 1998-ci ildə Şpeyerin yəhudilərin və digər xalqlardan olan əsirlərin, girovların qul kimi istismar edilməsindən xəbərda olması faktlarla təsdiqləndi. Amma hər şey gec idi. Bundan 17 il əvvəl vəfat etmiş “Yaxşı nasist” ləqəbli Şpeyer dar ağacında asılmaqdan çox məharətlə qurtulmuşdu.
Axsaq kölə, Hitlerin kölgəsi…
Çoxdanışan natiq, populist siyasətçi – bəziləri Yozef Gebbelsi bu cür, bəziləri isə Hitlerin kölgəsi adlandırırdı. O, doğrudan da fürerin canlı kölgəsinə çevrilmişdi. Fürerin soyadındakı H hərfinin şərəfində övladlarının hər birinə H hərfi ilə başlayan adlar vermiş Gebbelsin özü də, arvadı Maqda da nasist liderlərinə gizli sədaqət andı içmişdilər. Gebbels bir çox tədbirlərdə Hitleri müşayiət edir, nasist nazirlərinin toplantılarında ağız dolusu fürerdən danışırdı.
1945-ci ildə Avropanı qan gölündə boğmuş nasist Almaniyasının hesab vermək zamanı gəldikdə Yozef Gebbels və arvadı Maqda “nasional sosializm ideyasının süqutundan sonra bu dünyada yaşamağın mənası yoxdur” deyib, əvvəlcə azyaşlı övladlarını zəhərləyib öldürdülər. Sonra isə özləri intihar etdilər.
Beləcə, ari irqin bütün irqlərdən “üstün” olduğunu, alman xalqının dünyanı idarə etmək gücündə olduğunu iddia edən nasional sosializm ideyası elə yarandığı ölkədə də süquta uğradı. Lakin bu süqut milyonlarla günahsız insanın məhvi, bədbəxtliyi hesabına başa gəldi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button