Manşet

Hökumət Əli Kərimlini niyə partiya sədri kimi tanımaq istəmir?

Loading...

“İlham Əliyevin nəzərində ideal müxalifət bir şöbə müdirinin idarə edə biləcəyi müxalifətdir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 1995-ci ildən qeydiyyatda olsa da, Əli Kərimli illərdir ki, partiyanın rəsmi sədri kimi tanınmır.

Oktyabrın 21-də Ədliyyə Nazirliyi daha iki siyasi qurumun – Azərbaycan Yüksəliş Partiyasını (sədri Anar Əsədli) və Haqq Ədalət Partiyasını (sədri keçmiş səhiyyə naziri Əli İnsanov) rəsmi  qeydiyyata alıb.

Hazırda ölkədə 60-a yaxın siyasi partiya mövcud olsa da, onlardan bəziləri hələ də qeydiyyat problemi yaşadığını deyir.

Hökumət hər partiyaya fərqli yanaşır, yoxsa bu sırf qeydiyyatla bağlı problemdir?

Bir ay öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev islahatlar nəticəsində  sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini qeyd etmişdi.

Vəliyev iqtidarın hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu söyləmiş, uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alındığını da bildirmişdi.

AXCP sədri Əli Kərimli isə bu fikirlə razı deyil, o, iqtidarın qəsdən qeydiyyat məsələsində əngəl yaratdığını düşünür.

Əli Kərimli – Sosial Media

O bildirir ki, qanunvericiliyə edilən düzəlişə görə, hər qurultaydan sonra yeni seçilən sədr Ədliyyə Nazirliyində dövlət reysterində qeydiyyata alınmalıdır. Yəni hökumətin nəzərində qeydiyyatdan keçən AXC Partiyası var, amma onu sədrini tanımaq istəmirlər.

Ə. Kərimlinin sözlərinə görə,  problem təkcə onun rəhbər kimi tanınmamasında deyil.

“Partiya olaraq bizə hər hansı minimal şərtlər tanınmır. Uzun illərdir ofisimiz əlimizdən alınıb. 2011-ci ildə  icarəyə götürdüyümüz ofisin qapısı qırıldı, 2013-cü ildə isə partladıldı. İndi də hər hansı yerdə ofis kirayə edə bilmirik, toplantılarımıza qadağa qoyulub. Partiyanın rəyasət heyyətinin 10 üzvü uzunmüddətli siyasi məhbus həyatı yaşamış insanlardır, üzvlərimizin əksəriyyəti inzibati həbs cəzası alıb. 2019-cu ildə 100, 2020-ci ildə 80 üzvümüz həbs edilib. Bu il pandemiya şəraitində heç bir toplantı, siyasi aktivlik yolmayıb, amma onlarla cəbhəçi həbs olunub. Görünür, İlham Əliyevin nəzərində ideal müxalifət bir şöbə müdirinin idarə edə biləcəyi müxalifətdir”.

O, yerli məhkəmələrə, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə (AHİM) şikayət ünvanlayıb.

“Bu məsələ Avropa məhkəməsinin diqqətindədir, yəqin ki, yaxın vaxtlarda qərar olacaq”,- deyə Ə. Kərimli qeyd edir.

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımlı da qeydiyyat  problemi yaşadıqlarını söyləyir. Deyir ki, 2015-ci ildə təşkilatları təsis olunanda müvafiq dövlət qurumlarına müraciət etsələr də, qeydiyyat məsələsində problem yaşayıblar. Nəticədə, bu mümkün olmayıb.

Elçin Qasımlı – Açıq mənbələrdən götürülüb

“Təhlükəsizlik nöqteyi nəzərindən qeydiyyat zamanı ləngimələr ola bilər”

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov təşkilatların zaman-zaman qeydiyyatdan keçməsində çətinliklər yaşandığını təsdiqləyir.

“Məsələn, dövlət öz təhlükəsizliyini qorumaq üçün işə qarışa bilər. Hər şey tam düzəlməsə də, son vaxtlar siyasi partiyaların qeydiyyatında müəyyən yumşalmalar var. Yəni, ötən ildən bu yana qeydiyyata alınan təşkilatların sayı əvvəlki illərlə müqayisədə artıb. Siyasətə təsirindən, üzvlərinin sayından asılı olmayaraq ilərlə mövcud olan, amma fəaliyyəti rəsmiləşdirilməyən partiyalar vardı. Onlar qeydiyyata alındı, üstəlik ofislə də təmin olundular”.

Sahib Məmmədov sözlərinə görə, proses bəzən də təşkilatların öz ucbatlarından ləngiyir:

“Bəzi təşkilatların hesabatları elə primitivdir ki, bir səhifə blankı adi qələmlə doldurub təqdim edə bilmirlər. Partiyanın müəyyən elektoratı, özünü təmin etmək imkanı, qüvvələri arxasınca apara bilmək potensialı olmalıdır. Əgər o, müxalifət partiyasıdırsa, hökumətin siyasətinə sanballı alternativlər ortaya qoymalıdır. Boş-boş tənqidlərlə iş bitmir axı…

Partiyaların sayının artmasının da özü bir paradoksdur. Əslində biz mövcud partiyaların birləşməsini ehtimal edirdik, amma əksini  gördük, artıq hərə öz partiyasını yaradır”.

Sahib Məmmədov fikrincə, qanunvericilikdə şərtlər ağırlaşdırılmalı, qeydiyyat isə asanlaşmalıdır.

Sahib Məmmədov – Açıq mənbələrdən götürülüb
​​​ 

O, Əli Kərimlinin partiya sədri kimi qeydiyyatının hansı səbəbdən ləngiməsi ilə bağlı suala cavabında isə bildirdi ki, bu məsələ barəsində xəbər sizdir.

Partiyanın qeydiyyata alınması nə üçün gərəklidir?

“Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulub.

Həmçinin qanunla büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanır. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürülür.

Hazırda mövcud olan 60-a yaxın siyasi partiyadan cəmi 8-i Milli Məclisdə təmsil olunur. Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) parlamentdə 1 deputatı var.

Həmçinin təkcə bu il qərargahı olmayan 22 siyasi partiyaya ofis ayrılıb.

Qanunvericiliyə görə, dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz.

Rəsmi qeydiyyatdan keçə bilməyən təşkilatların isə sadalanlardan faydalanması demək olar ki, mümkünsüzdür.

Toplum.tv

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button