Now Reading:
“Hökumət hesab edirdi ki, APA-nı yaratmaqla “Turan” çökdürəcək”

Media ekspertlərindən APA-nın bağlanması ilə bağlı AÇIQLAMA

“İstənilən media qurumunun bağlanması və ya ona hər hansı səbəbdən təzyiq göstərilməsi yolverilməzdir”. 24saat.org xəbər verir ki, bu sözləri Peyktv.az-a açıqlamasında tanınmış professor Qulu Məhərrəmli APA holdinqlə bağlı məsələyə münasibət bildirərkən deyib:

“Bu mənada ölkənin ən iri media qurumlarından olan APA holdinqlə baş verənlər məndə ciddi təəssüf hissi doğurur. APA-nın bloklanması və onun bağlanması istiqamətində gedən proseslər çox ağrılıdır. Üstəgəl nəzərə alsaq ki, bu media holdinqinin strukturlarında çoxlu sayda istedadlı qələm adamları fəaliyyət göstərir, o zaman baş verənlərin necə ağrılı proses olduğunu anlamaq mümkündür. Məsələn, mən bu ölkəni ictimaiyyətin “ədəbi nəfəslik” kimi qəbul etdiyi kulis.az saytı olmadan təsəvvür edə bilimirəm. Fikrimcə, APA və media ilə bağlı gedən başqa proseslər, həm də ölkədə yanlış media siyasətinin aparılması ilə bağlıdır. Çünki azad, peşəkar və plüralist mətbuatın sıradan çıxarılması, dövlət vəsaitinin birrəngli və itaətkar media qurumlarına xərclənməsi həmişə cəmiyyətin düzgün məlumatlandırılmasında problemlər yaradır. APA-nı hökumət yaratmışdı və belə hesab edirdilər ki, bu qurumu yaratmaqla, “Turan” informasiya agentliyini çökdürəcəklər. Həqiqətən də, bəlli bir dövrdə bu istiqamətdə Vüsalə xanımın bacarıqları sayəsində APA-nın müəyyən uğurları oldu. Lakin hökumətə açıq bağlılığı və maliyyə mənbələrinin şübhəli olması cəmiyyətdə bu quruma etimad qazandırmadı. Ona görə də nüfuzlu xarici KİV-lər ölkə ilə bağlı ciddi hadisələrdə APA-ya deyil, müstəqil media qurumlarına istinad edirdilər. Bax, bütün bunlara görə mən hesab edirəm ki, ölkə mediasının nicatı azad və peşəkar KİV-lərin inkişafı ilə bağlıdır. Bu istiqamətdə addımların atılması, həm də ölkəmizin informasiya təhlükəsizliyini qorumaq üçün vacibdir”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev APA Holdinqin saytlarına giriş qadağasını prezident İlham Əliyevin çıxışının səhv təqdim edilməsi ilə əlaqələndirir. O, Meydan TV-yə bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən sülh prosesi gedir:

“Ermənistandakı yeni hakimiyyət və ona yaxın partiyalar son zamanlar müsbət impulslar göndərir. Ətraf rayonların azad olunması ilə bağlı çıxışlar edirlər. Münaqişənin səbəbkarlarını istintaqa çağırır, həbs edirlər. Məsələn, sabiq prezident Robert Köçəryan həbs olundu, başqa birisi isə gizlənir. Belə bir məqamda İlham Əliyev tərəfindən “Ermənistanı çökdürəcəyik” açıqlaması təxribat idi. Güman ki, prezident də bunu təxribat hesab edib və qəzəblənərək saytların qapadılmasına göstəriş verib”.

“APA Holdinq prezidentdən üzr istəyibsə, bağlamağa ehtiyac vardımı?” – sualına cavabda Mehman Əliyev bildirib ki, bu saytların kim tərəfindən maliyyələşdirildiyi hamıya bəllidir. Bağlanan saytlar müstəqil media orqanları olmadığı üçün qapadılmasına reaksiyalar olmadı:

“Pulunu hakimiyyət verirdi, indi də bağlayır. Xoşum gəlmirsə, qapadıram. Sabah başqa formada olacaq, rəhbərlik dəyişəcək, bunu bilmirik. Amma yenə də müstəqil media, agentlik sayıla bilməz. Çünki hakimiyyət yaradır və sifarişi də özü verir. Ümumiyyətlə, son zamanlar bu Holdinqdə ixtisarlar olmuşdu. Bu da maliyyənin azaldımasından irəli gəlirdi. Ona görə burada müstəqil medianın fəaliyyətinin dayandırılmasından söhbət gedə bilməz”.

Qeyd edək ki, APA holdinqə daxil saytlar dünəndən etibarən fəaliyyətini dayandırıb. Ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılması “APA Holding”in bağlanması ilə nəticələnib.

Sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir”(apa.az/daxili_siyaset/apa-nin-aciqlamasi-5508).html) başlığı ilə məlumat yaysa da, bir qədər sonra holdinqə daxil olab bütün saytlara giriş dayanıb.

Məsələ ilə bağlı APA holdinq rəhbəriyi və Mətbuat Şurasından heç bir rəsmi açıqlama verilməyib.

QR:  <?php the_title(); ?>

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.