Now Reading:
Hökumətin növbəti özünüifşası

Hökumətin növbəti özünüifşası

“Mühacir alveri” ittihamı, “analoqsuz inkişaf” təbliğatını necə məğlub edir?

Milli Şuranın 8 aprel mitinqindən sonra muzdlular, yarınmaq eşqində olanlar, hökumətin yarıtmazlığına keşik çəkənlər yenə də cana gəldilər. Həmişəki hərə bir “arqument”in budağından sallaşıb, ağıllı görünməyə çalışdı. Yazımızın məqsədi bütün ittihamlara cavab vermək deyil. Çünki, mitiniq əleyhinə olan ittihamların hamısı “birdəfəlik istifadə” üçündür və dərhal bumeranqa çevrilir. Amma bu dəfə hökumət cəbhəsindən yeni bir ittiham boy atmağa başladı və biz də bu ittihamın iziylə getmək qərarına gəldik.

Belə ki, hökumət sözçüləri bu dəfə “mühacir alveri” təbliğatına start veriblər. Sən demə AXCP sədri Əli Kərimli xaricə getmək istəyənlərə şəraiti yaradır, bu adamlara partiya bileti vermiklə böyük pullar qazanır.

Əvvəla, 3 ildən artıqdır ki, AXCP-dən heç kimə vəsiqə verilmir, hətta partiyanın əsas funksionerlərinin əksəriyyətinin də partiya vəsiqəsi yoxdur. Səbəb isə budur ki, kimlərsə mühacirət etmək, xaricdə sığınacaq alamq üçün “fədakar müxalifətçi” obrazına girə bilməsin, kimlərinsə əlində partiyanı ittiham etmək üçün əsas olmasın. Amma hökumətimizin şər-böhtan kolleksiyası zəngindir və ortaya “fakt”lar çıxarmağa cəhd edir. Qısa müddətdən sonra bəlli olur ki, saxta partiya vəsiqəsi düzəldilir, Əli Kərimlinin adından saxta imza atılır və.s

Məsələnin ən maraqlı tərəfi budur ki, hökumət “mühacirə alveri” ittihamına köklənməklə, “analoqsuz inkişaf” təbliğatına badalaq vurur. Bəli, “yalançının yaddaşı olmaz” deyirlər. Əgər ölkədə inkişaf fontan vurursa, xalq hakimiyyəti sevirsə, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə düşübsə, insanların həyat şəraiti yaxşılaşıbsa, bu qədər adam niyə ölkədən qaçmaq istəyir. Əgər Avropada, ABŞ-da islamafobiya, ksenofobiya hökm sürürsə, Avropa dağılırsa, dünya Azərbaycan modelini öyrənirsə, niyə ölkə vətəndaşları xaricə qaçmaq üçün müxtəlif vasitələr axtarır?

Etiraf edirik ki, ölkədən qaçmaq üçün partiya vəsiqəsi əldə etmək istəyənlərn sayı həddindən çoxdur və AXCP bu “alver”ə razılıq versə böyük pullar qazana bilər. Amma AXCP-nin məqsədi xalqı Avropaya yox, işıqlı gələcək naminə meydanlara yönəltməkdir.

Bəli, mövcud hakimiyyət elə bir cəhənnəm yaradıb ki, onminlərlə ailə xaricdə sığınacaq almağın yollarını axtarır. Adamlar ölkədən canını qurtarmaq istəyir. Zəngin ölkənin vətəndaşları acından ölməmək üçün Avropaya panah aparır. Hamı başa düşür ki, yad ölkədə daha yaxşı yaşamaq, daha artıq qayğı görmək mümkündür. Adamlar bu ölkədən, bu hökumətdən ümidlərini üzüblər.

Bəli, insanları Avropaya qaçmağa vadar edən mövcud idarəçilikdi. Əslində, vətəndaşa 116 manat əməkhaqqı təklif etmək, “bu ölkədən qaç” mesajı verməkdir. Təhsili, səhiyyəni, məhkəməni rüşvət yuvasına çevrimək, “bu ölkədən qaçın” çağırışı etməkdir. Deməli, “mühacir alveri” ilə hökumət özü məşğul olur. Vətəndaşı ölkədən didərgin salıb, onun haqqını mənimsəmək ən çirkin alver növüdür.

Bir sözlə, “inkişaf nağılı” danışan rejim nağılbazları real müxalifəti elə ittihamla hədəf seçib ki, həmin ittiham hökumətin öz başına dəyir. Şər-böhtan atmaq istəyəndə də, özlərinə kibrit çəkirlər.

Canbalar, yeni ittiham, yeni böhtan fikirləşin. Bu dəfə atdığnız daş da, o biri bostana düşmədi.

İlham

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.