2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Hökumət testindən kəsilənlərin “test əməliyyatı”

Yaxud, təhsili zəlil vəziyyətə salan səbəblər

Bir müddət əvvəl Təhsil naziri Mikayıl Cabbarovun test sisteminin çatışmazlıqları barədə söylədiyi fikirlər geniş müzakirəyə səbəb olmuşdu və cəmiyyətin aqressiyası ilə qarşılanmışdı. “Hazırkı imtahanın forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun əldə olunması üçün bir sıra kompetensiyaları ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil” – deyə Mikayıl Cabbarov bildirmişdi. Təhsil naziri onu da vurğulamışdı ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır.
Təbii ki, biz də bu məsələyə öz münasibətimizi bildirdik və göstərdik ki, təhsilin bərbad vəziyyətə düşməsinin səbəbi korrupsiya, yartımaz siyasət, təhsilə biganəlikdir.
Amma məsələ bunula da bitmir. Bu gün hökumət komandasında təmsil olunan xeyli şəxslər var ki, test üsuluyla Universitetə qəbul olublar. Bu gün Milli Məclisdə deputatlar var ki, ikinci təhsil alıb və Universitetə test üsuluyla qəbul olub. Məsələn, parlamentin vitse-spikeri Bahar Muradova Azərbaycan Universitetinin hüquq fakültəsini 2000-ci ildə bitirib.
O ki, qaldı Mikayıl Cabbarova, hörmətli nazirimiz də Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə 1992-ci ildə test üsulu ilə qəbul olub. Bəli, bu adam Təhsil naziridir və test üsuluyla Universitetə qəbul olub. Indi nazir demək istəyir ki, özü və digər vəzifəlilər standartlara uyğun deyil, uğursuz kadrdılar?
Bugünlərdə isə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib ki, İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək. “Gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər. Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük”-deyə Məleykə Abbaszadə bildirib.
Göründüyü kimi bütün sahələrdə aparılan “islahat”lar kimi təhsil sahəsində də “islahat”lar davam edir. Sanki, təhsilin bu qədər şikəst duruma düşməsinin, savadsızlığın tüğyan etməsinin səbəbi test üsulu imiş. Təhsili bərbad vəziyyətə salan səbəblər isə hələ də qüvvədədir və heç bir səlahiyyətli şəxs bu səbəbləri dilə gətirə bilmir.
Təhsilin bu vəziyyətə düşməsinin əsas səbəbi hökumətin testdən kəsilməsidir. Yəni, mövcud hakimiyyətin “normal hökumət” imtahanından keçə bilməməsidir. Əslində, bu hakimiyyət 24 ildir ki sinifdə qalır. Seçki sualına, şəffaflıq sualına, azadlıq sualına, demokratiya sualına cavab verə bilmirlər. Halbuki, hökumətin qarşısındakı test sualının cəmi 2 cavabı var. İki cavabdan birini düzgün seçməklə, imtahan vermək olar. Amma hökumət 24 ildir demokratiya əvəzinə avtoritarimi, şəffaflıq əvəzinə korrupsiyasını, insan hüquqları əvəzinə repressiyanı seçir. Bəli, 3 saatlıq imtahnın nəticəsini şübhə altına alanlar, 24 ildir ki adi bir imtahanı verə bilmirlər.
Təhsili korrupsiyadan, təhsil verənləri dilənçi həyatı yaşamaqdan xilas etmək lazımdır. Orta təhsili repetitor asılılığından qurtamaq lazımdır. Milyardları mənasız yarışlara yox, təhsilə xərcləmək lazımdı. Müəllimi seçki saxtakarı edib, təhsil haqlarını fantastik həddə çatdırıb, diplomu pulla satdıqdan sonra, təhsilə qayğıdan danışmaq absurddur
Bir daha qeyd edirik ki, Azərbaycan təhsilini 3 saatlıq test imtahanı deyil, 24 ildir “test”dən keçməyən hökumət məhv edib. Əgər hökumət özü testdən keçə bilsə, təhsilin də, səhiyyənin də, iqtisadiyyatın da gələcəyi parlaq olacaq. Təbii ki, test sistemində təkmilləşdirmə aparmaq, yeni uyğun üsullar tətbiq etmək olar. Amma Azərbaycan təhsilini zəlil vəziyyətə salan səbəblər qaldıqca, heç bir üsul uğur gətirə bilməz.

İlham

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button