2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Hökumət xalqın cibindən 170 milyon manat çıxaracaq

«Azərişıq» və «Azərenerji» korrupsiya layihələrinin borcunu xalqa ödətdirmək istəyir

Tarif Şurasının eklektrik enerjisinin qiymətini qaldırması ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Elektrik enerjisi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri əsasında qaldırılıb. Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Bu addımın bir neçə səbəbinin olduğu düşünülür. Çünki iki devalvasiyadan sonra borcları artan enerji sektoru ümumilikdə 800 milyon manat borclanmaya gedib. Ekspertlərə görə, məhz bu yol ilə “Azərenerji” borclarını əhalinin cibinə girməklə çıxarmaq istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

Tanınmış ekspertlərin baş verən hadisəylə bağlı mövqeyini diqqətinizə çatdırırıq.

Məhəmməd Talıblı: “Bu, istehlak bazarında qiymət artımına əsas olacaq”

mehemmed talibli

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, elektrik enerjisinin pərakəndə satış qiymətinin 6 qəpikdən 7 qəpiyə qədər qaldırılmasına, texniki yanaşmaq sadəlövlük olar. M.Talıblının sözlərinə görə, bu addımın səbəbini “Azərişıq”ın özünün maliyyə durumunda axtarmaq lazımdır: “Əvvəla, faiz etibarı ilə 17%-lik artımdan söhbət gedir. Ikincisi, bu, ölkədə digər kommunal xidmətlərin, hətta istehlak bazarında psixoloji baxımdan digər mal və xidmətlərin artımı üçün baza rolunu oynayacaq. Bu da ölkədə inflyasiya göstəricilərinə mənfi təsir göstərəcək. Iki gün öncə Statistika Komitəsinin rəsmi açıqlamasında inflyasiya göstəriciləri açıqlandı. Məlum oldu ki, ölkədə 2 dəfə baş verən devalvasiyadan sonra belə 10,4 faizlik istehlak mallarının qiyməti cəmi bu qədər yüksəlib. Bu ələsalma və ya rəqəmlərlə oynamaq deyil, bəs nədir? Ölkədə istehlak mallarının qiymətinin yüksəlməsindən sonra dövlət bu prosesdən vətəndaşlarını deyil, dövlət şirkətlərinin ziyanlarını necə kompensasiya etmək haqqında düşündüyü kimi, gərək vətəndaşların sosial müdafiəsi haqqında da düşünərdi. Söhbət təkcə bir xidmət sektorunda 1 qəpiklik artımdan getmir. Bunun iqtisadi məntiqi odur ki, bu tipli addımları digər təbii inhisarçı şirkətlər də atacaq. Yəni digər kommunal xidmətlərdə də qiymətlərdə artımlar olacaq”.

M.Talıblının sözlərinə görə, amma digər sahələrdə artımın nə zaman olacağı sadəcə zaman məsələsidir: “Bir ay tez, üç ay gec. Çünki, proses ona doğru gedir. Amma maraqlıdır ki, iri dövlət şirkətləri dövlət büdcəsindən həm 10 milyonlarla dotasiya almalıdır, həm beynəlxalq maliyyə qurumlarından kreditlər və texniki yardımlar almalıdır, həm də fürsət düşən kimi istehlakçılar üçün qiymət artımına getməlidir? Halbuki, Azərbaycanın xarici borclarının yüksəlməsində bu şirkətlər üçün dövlət zəmanəti ilə kreditlərin rolu az deyil. Əgər bütün bunlar pis idarəetmə, keyfiyyətsiz xidmət və qiymət artımları ilə müşahidə olunacaqdısa, o zaman bütün bu illər ərzində bu qədər dövlət resursları nə üçün istifadə olunurdu? Müstəqil iqtisadçılar olaraq biz dəfələrlə deyirdik ki, dövlət şirkətlərinin bəziləri özəl şirkətlərin iradəetməyə götürməsinə start verilsin. Çünki, bunu başa düşmək çətin deyildi ki, bu ağır yükü dövlət öz çiyinləri üzərində uzun müddət apara bilməyəcək. Onda bütün bunlara ciddi reaksiyalar olmadı. Indi gəlin baxaq görək yaxın qonşu ölkələrin hansında belə yüksək elektikdən istifadə tarifləri var? Neft-qaz ölkəsi kimi tanınan orta Asiya Respubliklarına baxmaq kifayət edir.ÿ

Bizdə elektrik enerjisinin qiymət səviyyəsi resurs ölkəsi kimi tanınan Orta Asiya cümhuriyyətləri ilə müqayisə edəndə məlum olur ki, bizdəki hətta artım qiymətləri onları 4 dəfə qabaqlayır. Başqa sözlə, indiki tariflərin yüksəldilməsi ölkədə inflyasiya təzyiqlərini, iqtisadiyyatın özündə əlavə bahalaşma tendensiyasını gücləndirəcək”.

Samir Əliyev: “Elektrik enerjisinin bahalaşması əhalinin sosial vəziyyətinə mənfi təsir edəcək”

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev hesab edir ki, elektrik enerjisinin bahalaşması əhalinin sosial vəziyyətinə mənfi təsir etməklə yanaşı yeni bir mövzunu gündəmə gətirdi. Söhbət elektrik enerjisinin satış qiymətinə diferensial tarifin tətbiqindən gedir. S.Əliyevə görə, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda elektrik enerjisindən istifadəyə görə diferensial tarif tətbiq etmək lazımdır. Diferensiallaşma bu kateqoriyalar üzrə aparıla bilər:

1.Əhali və qeyri-əhali.

2.Əhalinin sosial-təminat səviyyəsinə görə (gəlirlər artdıqca tariflər də artır).

3.Zamana görə (gecə-gündüz).

4.Intensiv istifadə zamanına görə (pik vaxtı, qeyri-pik vaxtı).

5.Sərfiyyatın həcminə görə (məsələn, adambaşına ayda 50 kVatt-a qədər aşağı tarif, ondan sonra artan taarif).

S.Əliyevin sözlərinə görə, kasıb ailə ilə varlı ailənin, əhali ilə iri müəssisənin eyni tarif sistemi ilə işıq pulu ödəməsi sosial ədalətsizlik olması ilə yanaşı, elektrik enerjisindən istifadənin səmərəliliyini aşağı salır.

Rövşən Ağayev: “Yeni tarif əhalinin cibindən 170 milyon xərc yaradacaq”

rovshen agayev

Iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir: “Bu, köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni 1 qəpiklik artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyonÿmanat xərc yaradacaq.ÿƏhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard təşkil edir. Artan tarifə görə, xərclərin 42 milyon manatını ailələr, 128 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək.ÿAydındır ki, müəssisə və təşkilatlar öz artan xərlərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək”.

Iqtisadçı onu da deyib ki,ÿAzərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, 1 qəpiklik artım birbaşa və dolayı yolla hər bir ailəyə ayda təxminən 7-8 manat zərər vuracaq.

Vahid Əhmədov: “Işıqpulu artımı bütün məhsullara təsir edəcək”

vahid-ehmedov

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda elektrik enerjisinin pərakəndə və topdansatış qiymətlərinin artırılmasına münasibət bildirib. Deputat Modern.az saytına açıqlamasında deyib ki, bu, növbəti ərzaq bahalaşması üçün zəmindir: “Elektrik enerjisinin həm topdansatış, həm də istehlak qiymətinin qaldırılmasının obyektiv və subyektiv səbəbləri var. Birincisi, Azərbaycanda manat qıtlığı və bundan yaranan problemlər var. Neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutanın 2 dəfə devalvasiyaya uğraması hökuməti bu addımı atmağa vadar etdi”.

V.Əhmədov bildirib ki, bu addımı atmaqla hökumət ən asan yolu seçib: “Ən asan yol qiymətlərin qaldırılması və yükü əhalinin çiyinlərinə atmaqdır. Mənim bu addıma görə hökumətə haqq qazandırmaq fikrim yoxdur. Çünki, qiymət artımı bütün məhsullara təsir edəcək. Elə bir məhsul yoxdur ki, onun maya dəyərində elektrik enerjisi olmasın. Əhali üçün 16 faiz qiymət artımı həddindən çoxdur. Xüsusilə pensiya alanlar üçün bu, çətinliklər yaradacaq”.

Deputatın sözlərinə görə, proseslərin qarşısını almaq üçün köklü islahatlar aparılmalıdır.

Əli Əlirzayev: “Dövlət istəməsə, qiymətlər qalxmaz”

eli-elirzayev

“Qiymət artımından öncə onu kompensasiya etmək üçün əhalinin gəlirləri də artmalıdır”,- keçmiş deputat Əli Əlirzayev  belə deyir. Ə.Əlirzayevin sözlərinə görə, əhalinin vəziyyəti yaxşılaşmalıdır, gəlirlər, əməkhaqqı, təqaüdlər artmalıdır. Ondan sonra qiymət dəyişə bilər: “Ikincisi, qiymət artdıqdan sonra əhali də qənaət reciminə keçəcək, elektrik enerjisindən az istifadə edəcək. Amma istənilən halda, bu artım bəzi ailələrin büdcəsinə 1 manat, bəzisinə 2-3 manat təsir edəcək. Ümumiyyətlə, əhali qiymət artımını heç zaman yaxşı qəbul etmir”.

Ə.Əlirzayev vurğuladı ki, enerji iqtisadiyyatda aparıcı həlqədir. Enerjinin qiyməti qalxırsa, başqa məhsulların da qiymətinə təsirini göstərəcək, ərzağın da qiyməti qalxacaq, beləliklə, əhalinin xərcləri də artacaq: “Nəticədə əhalinin rifahı pisləşə bilər. Mən, ümumiyyətlə, demirəm ki, qiymətin qalxmasını əhali yaxşı qəbul edir. Əsaslandırılır ki, yeni avadanlıqlar quraşdırılır, yeni texnologiya tətbiq olunur, onlar da xaricdən dollarla alınır, qiymət bahalanıb və s. Bununla da, çəkilən xərclər artdıqca gəlirlilik, rentabellilik azalır. Ona görə də məhsulun qiymətini artırmağa məcburdurlar. Amma yenə deyirəm, bu halda əhalinin də gəlirləri artmalıdır. Sovet dövründə qiymət qaldırılmamışdan qabaq əməkhaqları artırılırdı. Əlbəttə, hökumət istəsə, o xərcləri büdcə hesabına ödəyə bilər. Dövlət enerjini əhaliyə ucuz da sata bilər. Hamısı dövlətin məhsuludur, dövlətin inhisarındadır. Həmin sahəyə dotasiya ayıra bilər. Bazar iqtisadiyyatı dövründə dotasiya sözü çox işlədilmir, ancaq dövlət həmin sahənin xərclərini boynuna götürə bilərdi, enerji də, neft də dövlətindir. Büdcəyə daxilolmalar azaldıla bilərdi. Dövlətin tənzimləmə siyasəti var. Məsələn, vacib məhsullara vergini ləğv edə bilərdi. Ancaq bir şey də var, qiymət ucuz olanda insanlar bəzən israfçılıq da edirlər. Qiymət qalxandasa, qənaətə keçirlər”.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button