2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hövsanda çirkab suları dənizə axıdılır – FOTOLAR, VİDEO

Hövsan qəsəbəsindəki Bağlar massivi adlanan ərazinin yaxınlığında kanalizasiya xətləri kəsilib və çirkab suları Xəzər dənizinin sahilinə, oradan isə dənizə axıdılır. 
Bu barədə musavat.com-a qəsəbə sakini İlqar İsmayılov məlumat verib. Sakinin sözlərinə görə, artıq bir aydan çoxdur ki, çirkab sularının əhatəsində qalıblar. Problem isə getdikcə şiddətlənir. Belə ki, çirkab suyunun dayanmadan axıdılması nəticəsində dənizin üzərində artıq gözlə görünəcək qədər natəmizlik yaranıb.
Qəsəbə sakini bildirib ki, ərazidə artıq bir aya yaxındır ki, antisanitariya baş alıb gedir: “Çirkab suyunun axdığı yer Hövsanda yerləşən Bağlar massivinin yaxınlığıdır. Bu baxımdan orada yaşayan insanların sağlamlıqları ciddi təhlükədədir. Eyni zamanda su sahil vasitəsi ilə dənizə də axdığı üçün çimərliyin təmiz suyunun da çirklənməsinə səbəb olur. Artıq o qədər su axıb ki, dənizin üzərində açıq şəkildə çirkab suyunun yaratdığı “mənzərə” görünməkdədir. Burada həm də istirahət mərkəzləri yerləşir. Çox yaxın məsafədə insanlar dənizdə çimirlər, balıq tuturlar. Yəni ərazi insanların gur olduğu yerdir. Onların da sağlamlıqları təhlükədədir”.
İ.İsmayılovun sözlərinə görə, problem çirkab sularının axıdıldığı boru kəmərinin kəsilməsindən sonra yaranıb: “Sonra bir qrup gəldi, dənizdən boru kəmərini çıxarmağa başladılar. Çıxardanda həmin borunu birləşdiyi yerdən ayırdılar. Bu hadisələr təxminən bir ay öncə olub. Əvvəl dedilər ki, bu borunun ağzını bağlayacaqlar. Sonra dedilər ki, elə buradan buraxacağıq, dənizə… Bildirdik ki, belə iş olmaz. Ancaq buna baxmayaraq, proses hələ də bu formada davam edir. Axıdılan su kəndin şirə suyu deyirlər, onunla, kanalizasiya suyunun qarışığıdır. Bu da eyni zamanda çox pis qoxu verir. Hələ də orada iş gedir. Dənizdən boru çıxarırlar”.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı.
Ərazinin ekoloji baxımdan təmizliyi ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən musavat.com-a bildirdilər ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra lazımı tədbirlər görüləcək.
 









Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button